"İmtahan modellərinin dəyişdirilməsi tez-tez baş verən proses deyil" Hadisə

"İmtahan modellərinin dəyişdirilməsi tez-tez baş verən proses deyil"

"İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil".
Bunu Təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, uzun illər ərzində imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət edilib: "Təbii ki bu, çox vacib və əhəmiyyətlidir. Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər. Bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara, o cümlədən tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensialara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur".
Nazir hesab edir ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var: "Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Yeni imtahan modelinə əsasən buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli bir dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən tədbirin ölçülməsi təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir".
"Yeni imtahan modelində fənlərin sayında azalma var. Buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Daha əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən isə hər ikisinin təsirinin olduğunu nəzərə alaraq II mərhələdə imtahan fənlərinin sayında azalma var.
Hesab edirik ki, bu həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat hazırlaşması üçün əhəmiyyətli dəyişiklik olacaq" – Ceyhun Bayramov qeyd edib.
Ceyhun Bayramov qeyd edib ki, təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər və bu, bəzi hallarda tənqidlərə də səbəb olur.
Nazir hesab edir ki, Azərbaycanın nəticəsinin yüksək olmaması həmin qiymətləndirmələrdə iştirak etməmək üçün əsas kimi göstərilə bilməz: "Bir məqamı xüsusi qeyd edim ki, beynəlxalq qiymətləndirmələrə bütün ölkələr iştirak etmir. Burada, əsasən, inkişaf etmiş ölkələr iştirak edir. Bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada cəsarət tələb edir. Hesab edirik ki, həmin beynəlxalq qiymətləndirmələrin nəticələri sıralamasında hansı yeri tutmağımızdan daha vacibi odur ki, həmin yerin tutulmasının analitik təhlili, buna səbəb olan təhsil amilləri barədə ölkəyə təqdim edilən çox geniş materiallardır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".
C.Bayramov qeyd edib ki, əsas məqamlardan biri də milli qiymətləndirmələrlə beynəlxalq qiymətləndirmə standartları arasında olan fərqlərdir: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq var. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunun Azərbaycanın təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir".