İnzibati Xətalar Məcəlləsində 3 hala görə - sığortaedən kimi sığortaçıda qeydiyyata durmama, sığorta haqqını sığortaçıya ödəməmə və Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməyə görə məsuliyyət ləğv edilir.
Bu barədə qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bu 3 halla bağlı İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin yüz manat, vəzifəli şəxslərin iki yüz manat, hüquqi şəxslərin dörd yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər onunla bağlıdır ki, "İşsizlikdən sığorta haqqında" qanuna edilmiş dəyişikliklə həmin hallara görə sığorta edənin vəzifələri aradan qaldırılıb və həmin halların elektron qaydada bir pəncərə ilə həyata keçirilməsi həyata keçirilir. Artıq vergi orqanlarında qeydiyyata alınmaq onun işsizlikdən sığorta ilə bağlı qeydiyyatının da həyata keçirilməsini nəzərdə tutur, o cümlədən vergi və digər məcburi ödənişlər kimi işsizlikdən sığorta haqqı da vergi orqanları tərəfindən hesablanır və tutulur. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti vergi orqanları həyata keçirir.
Eyni zamanda sığorta edənlərin vəzifələri sırasına sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək vəzifəsi də daxil edilib. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik (477-1.1.7-ci maddə) həmin halın pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Bu hala yol verən fiziki şəxslərin yüz manat, vəzifəli şəxslərin iki yüz manat, hüquqi şəxslərin dörd yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulub.
Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.