“Heç bir ölkə bizim qədər qabaqlayıcı tədbirlər görməyib” Hadisə

“Heç bir ölkə bizim qədər qabaqlayıcı tədbirlər görməyib”

İnsan oğlunun atdığı səhv addımları düzəltmək üçün hələ də fürsət var

Bu günə olan statistikaya görə, COVİD-19 pandemiyasından ölənlərin sayı 60,149 nəfərə yüksəlib.Dünya üzrə virusa yoluxanların sayı 1,130,922 nəfərə çatıb.Qeyd edək ki, yoluxanların 235,902 nəfəri sağalıb.
Yeni növ korona virusun yayılması dünyanı şok etməyə davam edir. Epidemiyanın nə vaxt və hansı mərhələdə başa çatacağı ilə bağlı nikbin və pessimist proqnozlar mövcuddur. Yaxşı bir ssenari, baş qaldıran epidemiyanın may ayının axırında nəzarət altına alınmasıdır. Pis ssenarinin müxtəlif cəhətlərdən müzakirə edilməsi lazımdır. Buna görə, epidemiyaya nəzarət etmək bir il çəkə bilər və bir il ərzində ikinci bir epidemiya baş qaldıra bilər. Digər tərəfdən, pis ssenarinin çoxölçülü nəticələrə səbəb olma ehtimalı da xeyli güclüdür. Koronavirus qlobal ictimai səhiyyəyə verəcəyi zərərlə yanaşı, qlobal iqtisadiyyatın ağır tənəzzülə uğramasına səbəb ola bilər.
Azərbaycan da çətin sınaq qarşısındadır. Hökumətin virusun qarşısının alınması ilə bağlı tətbiq etdiyi sərt və eyni zamanda maarifləndirici tədbir və qaydalara baxmayaraq virusa yoluxanların sayı artmaqdadır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, bu gün Azərbaycanda daha 78 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.Onlardan 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. 35 nəfərin vəziyyətinin stabil olduğu bildirilib.Bununla da, ümumilikdə koronavirus infeksiyasına yoluxanların sayı 484-ə çatıb.İndiyədək 32 nəfəri sağalıb, 5 nəfər vəfat edib. Bundan əvvəl, karantin zonalarında 4399 nəfərin olduğu açıqlanıb. Yeni yoluxmaların müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparıldığı deyilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Qərargah infeksiyanın yayılmasın yol verməmək üçün vətəndaşlardan bəzi tələblər olduğunu açıqlayıb:

  • Özünütəcrid tədbirlərinə uyğun davranmaq,
  • Yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq,
  • Digər şəxslərlə minimum kontaktda olmaq,
  • İnsanların sıx toplaşdığı yerlərə getməmək,
  • Mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək

Martın 24-dən elan edilən karantin rejimi şənbə günündən etibarən daha da sərtləşdirilib.
Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır.
Onu da qeyd edək ki, hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır, qurum bəyan edib.
Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də, Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib.Rəsmilər bildiriblər ki, azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi davam edir.
Xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarından indiyədək təxminən 10 mininin təxliyə edildiyi deyilir.
"…Azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi" təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır", rəsmi məlumatlarda vurğulanıb.
Hökumət koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürüldüyünü bildirib.
Bəzi ölkələrdə hələ də təxliyəsini gözləyən azərbaycanlılar var.
Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. İlkin dövrdə inveksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Bundan başqa Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayevin fikrincə, Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdır.
Onun sözlərinə görə, epidemioloji vəziyyətin gərgin olmasına baxmayaraq, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görür.
İ.Ağayev əlavə edib ki, Azərbaycan qlobal koronovirusa qarşı sistemli mübarizə aparan öncül ölkələr sırasındadır və bu tədbirlər bu gün bütün dövlət qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilir:
"Heç bir ölkə bizim qədər qabaqlayıcı tədbirlər görməyib. Amma bəzi insanlar dövlətin qoyduğu qadağalara əməl etmək istəmirlər. Başa düşmürlər ki, bununla öz sağlamlıqlarını təhlükəyə atırlar. Axı, küçəyə çıxıb virusa yoluxmağa nə lüzum var?! Mən insanlara demək istəyirəm ki, bu pandemiyanın mahiyyətini dərk edin və karantin rejiminin tələblərinə əməl edin. İndi nə tədbirlər həyata keçirilirsə, bunların hamısı sizin sağlamlığınız üçün edilir. Epidemiya sizdən heç nə soruşmur, o, harada oldu, sizi yoluxdura bilər. Hazırkı şəraitdə ən gözəl tədbir evləri tərk etməmək, evdə qalmaqdır. Mən bir epidemioloq kimi insanlardan xahiş edirəm ki, heç kim evini tərk etməsin".
İ.Ağayev əlavə edib ki, evdən kənara çıxan insanlar evə qayıtdıqda ilk olaraq, əllərini təmiz yumalıdırlar:"Xəstəlikdən qorunmaq üçün insanlar otaqlarının havasını tez-tez dəyişməli, istifadə etdikləri tərəvəzləri duzlu suda saxladıqdan sonra su şırnağı altında yumalıdırlar. Bərk meyvələrin isə istifadə etməmişdən əvvəl üstünə qaynar su axıtmaq yaxşı olardı".
Regionun digər ölkələrinə nəzər yetirək. ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, 1 ölüm faktı qeydə alınıb. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropayla müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır.
BMT-nin Azərbaycan nümayəndəliyinin yaydığı bəyanatda deyilir ki, qurumun Azərbaycandakı İdarə Heyəti COVID-19-un yayılmasının qarşısını almaq istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir və xüsusi karantin rejiminin tətbiqi barədə onun çağırışı və addımlarını dəstəkləyir.
Bununla bərabər, Azərbaycan Hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyini də xüsusilə qeyd edir.
Əlbəttə ki, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla qripə bənzər simptomlar olduğu təqdirdə 103/113 qaynar xəttinə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır.
Səhiyyə, ictimai məlumatlandırma, təhsilin davam etdirilməsi və ən həssas insanlar üçün sosial rifahın dəstəklənməsinə dair texniki məsləhəti, habelə həyati əhəmiyyətli tibbi və digər ləvazimatların alınmasında köməyi ilə BMT COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır və COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır.
Yoluxma halların erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə kontaktlarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq.
Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.
Sonda qeyd edək ki, çox yüksək yayılma sürətinə sahib olan koronavirus kimi bir qlobal epidemiya dünyanı daha ciddi problemlə qarşı-qarşıya gətirə bilər. Koronavirusu epidemiyasının təsirlərindən hələ uzun müddət danışılacaq. Epidemiyadan sonra dünyanı yenidən düşünmək məcburiyyətində qalacağıq. Dərs alıb insan oğlunun atdığı səhv addımları düzəltmək üçün hələ də fürsət var.