Hüseyn Cavidin yaradıcılığında qadına münasibət Hadisə

Hüseyn Cavidin yaradıcılığında qadına münasibət

Azərbaycan ədəbiyyatının klassikləri əsərlərində həmişə qadına uca münasibətlərini ifadə ediblər. Bu, əslində həm də bəşəriliyin təsdiqidir. Böyük Azərbaycan şairi Hüseyn Cavidin yaradıcılığında qadına münasibət məsələsini araşdıran filologiya üzrə fəlsəfə doktoru Hizami Muradoğlu bildirir ki, o, kiçik yaşlarından qadın hüquqsuzluğunun şahidi olduğundan bütün yaradıcılığı boyu yaratdığı müsbət qadın surətlərinin dili ilə bu haqsızlığı aradan qaldırmaq üçün mübarizə aparıb. Xüsusən 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində Rza Tofik kimi tanınmış filosoflardan dərs alan gənc Hüseynin mütərəqqi ideyalara sahiblənməsində o vaxtkı Türkiyənin ədəbi mühitinin çox böyük rolu olub: "Qadın azadlığı uğrunda aparılan mübarizənin fəal iştirakçılarından olan Hüseyn Cavid ilk qələm təcrübələrində azad sevgidən danışır, könül sazını məhəbbətin aliliyi üzərində kökləyərək bəşəri məzmun daşıyan məhəbbət şeirləri yazırdı:

Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.

Məhz bu aspektdən çıxış edən böyük dramaturqun əsərlərinin böyük bir qisminin baş qəhrəmanları da qadınlardır. Hətta Hüseyn Cavid bəzi zamanlar əsərinin adını da qadın qəhrəmanların adı ilə adlandırmağı məqbul hesab edib. Onun "Ana", "Maral" və "Afət" dramlarını göstərə bilərik".
Böyük dramaturqun qadın azadlığının təbliği ilə bağlı yazdığı əsərlərinin içərisində "Maral" (1912) dramının özünəməxsus yeri var: "Ailə-məişət zəminində yazılmış əsərin baş qəhrəmanı 16 yaşlı, istəyi nəzərə alınmadan özündən 32 yaş böyük olan, mal-mülk sahibi Turxan bəyə verilmiş Maraldır. Maral feodal Azərbaycanının əşya kimi alınıb satıla bilən minlərlə acı taleli qızlarının ümumiləşdirilmiş obrazıdır. 25 yaşlı gənc Arslan bəy Marala öz sevgisini bildirib onu bu amansız həyat girdabından qurtarmağa çalışır. Maral rəsmən Turxan bəyin qadını olsa da Arslan bəyi sevir. Arslan bəyin bu yerləri tərk edib qaçmaq təklifinə əvvəlcə razılıq versə də, sonda namus və şərəfinə ləkə düşəcəyindən ehtiyat edərək Maral acı taleyinə boyun əyib yaşamağı məqbul sayır. Ər evində özünü həbsxanadakı kimi hiss edən, var-dövlət içində öz dərdli-nisgilli taleyini yaşayan Maralın gənc Arslan bəyə olan təmiz məhəbbəti ona səadət deyil, fəlakət gətirir. Turxan bəy Maralı Arslan bəyin yanında görərkən tapançasını çıxarıb ona atəş açır. Maral faciəvi şəkildə həlak olur. Dramaturq Maralın vəhşicəsinə öldürməsi epizodu ilə feodal cəmiyyətində azad sevgiyə, ülvi məhəbbətə, saf mənəviyyata yer olmadığı fikrini əsaslandırmağa xidmət edir. Arslan bəy də xəncərini çəkib Turxan bəyi öldürür. Əsər faciəvi bir sonluqla bitir".
Araşdırmaçının fikrincə, "Maral" dramı pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi faciələri əks etdirir. Turxan bəy üçün dünyanın bütün səadəti yalnız pulla bağlıdırsa, Maral üçün bu var-dövlət o qədər də önəmli rol oynamır: "O, daha çox sevgi, məhəbbət görmək istəyir, bir an öncə pulun yaratdığı çirkinliklərdən qaçıb qurtulmaq arzusundadır.
Əsərin ikinci süjet xəttini Turxan bəyin oğlu Cəmillə Humay arasındakı məhəbbət təşkil edir. Cəmillə Humayın təmiz sevgisi Turxan bəy tərəfindən qəbul edilməsə də, Maral bu sevgini yüksək qiymətləndirir. Əsər boyu Turxan bəylə Maralın mənəviyyat, tərbiyə, sağlam düşüncə haqqındakı fikirlərində olan fərqlilik, Cəmillə Humayın bir-birinə məhəbbəti cəmiyyətdə yenilik və köhnəlik arasında gedən mübarizənin bariz ifadəsi kimi təqdim edilir".
Hüseyn Cavidin baş qəhrəmanı qadın olan ikinci faciəsi "Afət" (1922) əsəridir: ""Maral"da qadın hüquqsuzluğunun ənənəvi yaralarından söhbət açılırdısa, əsərin qəhrəmanı Maral öz azad duyğularını ifadə etməkdə məhkum idisə, "Afət" dramında Afət artıq yüksək cəmiyyətdə təmsil olunan bir qadın, kübar və zadəgan bir xanımdır. Afətin faciəsi nisbətən fərqli məzmun daşıyır, burjua-zadəgan mühiti, kübar adətləri və əxlaq normaları ilə əlaqələndirilir. Afət qeyri-adi sevgisi ilə də Cavid dramaturgiyasında digər qadın tiplərindən fərqlənir. Afətin kübar cəmiyyətin üzvü olsa da, ailə fəlakəti onun da başından əksik olmur. Ömrünü əyyaşlıqla keçirən Özdəmirə ərə verilmiş gənc və gözəl Afətin mənəvi dünyası, ülvi bir sevgi üçün çırpınan təmiz qəlbi yaşlı, küskün bir redaksiya işçisinin-mühərririn cansıxıcı təbiəti, kobud, qaba mənəvi varlığı ilə uyğunlaşmır. Yüksək ali duyğularla yaşayan Afət 16 ildən sonra qarşısına çıxan, zahirən özünü nəcib aparan doktor Qaratayın yalançı məhəbbətinin qurbanına çevrilir. Afət sevir və sevgisinə inanır. Cəmiyyətdə mövcud olan qayda-qanun, yaxud ədəb normativləri bu sevgiyə nəinki mane ola bilmir, hətta daha da şiddətləndirir. Təəssüf ki, qəlbən sevdiyi halda aldadıldığını görə bilmir, nəticədə cinayətə əl atır. O, Qaratayın yalan vədlərinə inanaraq əyyaş əri Özdəmiri zəhərləyir. Lakin Afət Qaratay tərəfindən aldadıldığını başa düşdükdə intiqam hissi ilə alışıb-yanır, dəlicəsinə sevdiyi Qaratayı da öldürür. Böyük eşqinin əsirinə çevrilən, ülvi duyğularla yaşayarkən hər addımda xəyanətə rast gələn Afət sonda özü də zəhər içir, Qaratayın cənazəsini qucaqlayaraq can verir. Dramaturqun düşüncəsinə görə, xəyanətin ayaq açdığı yerdə sevgililəri yalnız ölüm birləşdirə bilər".
Hüseyn Cavidin baş qəhrəmanı qadın olan dram əsərlərindən biri də "Ana"dır. Əsərdə baş verən hadisələrin mərkəzində Səlma ana dayanır: "Səlma ana türk qadınının mərdlik, mübarizlik, qeyrət simgəsidir. Əsərdə təsvir olunur, Səlma ana bir ildir qürbətdə olan oğlu Qanpoladın intizarındadır, yolunu gözləyir. Əvvəllər hər onda, on beşdə məktub yazan oğlu Qapoladdan üç aydır ki, məktub gəlmir. Ana üzünü Allaha tutub yalvarır:

İnayət qıl, yox başqa bir havadar,
Yalnız varım-yoxum tək bir oğlum var.
Ah, Qanpolad!.. Nuri-didəm, evladım!
Üç ay var ki, məktubunu almadım.
Üç ay var ki, taqət qalmamış məndə,
Gözüm yollarda, intizar içində.
Hər gecə gördüyüm qanlı röyalar
Göstərir ki, qorxulu bir xəbər var.

Səlma ana bu iztirablar içərisində çırpınarkən Qanpoladın nişanlısı İsmət əlində məktub otağa daxil olur. Məktubun Qorxmazın oğlu Müslüm vasitəsilə Qanpolad tərəfindən göndərildiyini eşidən Ana sevinc içərisində mektubu oxutmaq üçün qonşuya gedir. İsmət isə bir qədər qarmon çalıb dərdini dağıtmaq istəyir. İsmət köyün ən gözəl qızı, Qanpoladın nişanlısıdır. Qanpoladın qürbətdə olmasından dolayı bir ildir görüşə bilmirlər. Qanpoladdan Səlma ananın adına gələn məktubda tezliklə toylarının olacağı anlaşılır. Bu zaman Orxan ilə İzzət gelir. Orxan İsmətə vurulub, onu ələ keçirmək üçün müxtəlif vasitəlerə əl atır. Orxan İsmətə eşq elan edir. Onu sevdiyini, onsuz yaşaya bilməyəcəyini söyləyir. Hətta xəncəri çıxarıb İsmətə verib deyir ki, ya məni vur öldür, ya sevgimə cavab ver. Xain düşmən xanzadə Orxan var-dövlətinə güvənərək İsməti nəyin bahasına olursa olsun ələ almağa çalışır. Müxtəlif yağlı vədlərlə İsməti yola gətirə bilməyən Orxan onu təhdid etməyə başlayır. Vəfalı və eşqinə sədaqətli İsmət Orxanı rədd edir.
Eşqinə sədaqətli olmaq, sevdiyinə xəyanət etməmək ümumən türk qızlarının mənəvi aləminin ən parlaq ifadəsidir. İsmət məhz namusla yaşayıb, sevgisini dünyanın bütün dəyərlərindən yüksək tutan bir türk qızıdır. Xan oğlu Orxanı rədd edərkən şərəf və ləyaqətini qoruyur, saf məhəbbətini qoruyur, adını qoruyur".
Səlma ananın daha bir müsbət keyfiyyətini müəllif Səlimin dililə oxucuya çatdırmağa çalışıb: "Belə ki, İsmətin qardaşı Səlim Qanpoladın gəldiyi haqqında Səlma Anaya muştuluq verir. Sevincindən yerə-göyə sığmayan ana Səlimə bir gümüş kəmər bağışlayır. Ananın alicənablığı qarşısında çaşıb qalan Səlim ana haqqında aşağıdakı sözləri deyir:

Gəzdim, dolaşdım, uğradım hər elə,
Mən böylə bir qadın görmədim hələ.
Böyüklükdə, mərhəmətdə seçilmiş,
Alicənablıq boyuna biçilmiş.
Söz yox, böylə qəlbi geniş qadından
Doğar Qanpolad kimi bir qəhrəman.

İsməti yoldan çıxara bilməyən Orxan xəyanət yolunu tutur. Bu məqsədlə İzzət ve Muradı kullanaraq Qanpolad yolda olarkən ona pusqu qurur. Atışma zamanı Qanpolad Orxanı və İzzəti öldürür, özü ise Muradın açdığı atəşdən ağır yaralanır. Qorxuya düşən Murad qaçıb Səlma anaya pənah gətirir. Səlma ana özü də bilmədən ondan yardım istəyən Murada qərib olduğu üçün evində sığınacaq verir, onu gizlin yerdə saxlayır. Az keçmiş Qanpolad yaralı halda özünü anasına yetirir və ondan İsməti soruşur. Əsərin sonunda İsmət özünü ölüm ayağında olan sevgilisi Qanpolada yetirir, Qanpolad onun qucağında can verir. İsmət:
- Qanpolad! Sən nə tez unutdun bəni? Xayır, yalnız buraxmam əsla səni - deyərək Qanpoladın xəncərini çəkib özünü vurmaq istəyir. Lakin Səlma ana xəncəri onun əlindən alır, İsmət bayılır.
Bu əsnada böyük sarsıntı keçirən, qorxu içində çırpınan Murad vurduğu adamın Səlma ananın oğlu olduğunu bilincə qaçmaq istəyir. Səlma ana Murada deyir:

Amandasan, heç qorxma, heç sıxılma!
Çünki mən əvvəldən söz verdim sana.
Sən bir qonaqsan, qatil olsan belə,
Səlma həlak olur da, verməz elə.

"Ana" dramında Hüseyn Cavid türk qadınının mərdanə hərəkətini əks etdirməyə çalışıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə ne qədər sarsılsa da "Qonaq Allah qonağıdır", "Qonağa zaval yoxdur" düşüncəsində bulunaraq dözümlük ve mətanət göstərir;- "amandasan"- deyərək verdiyi sözün arxasında durduğunu nümayiş etdirir. Əsər faciəvi bir sonluqla bitsə də Səlma ananın möhtəşəm obrazı milli xarakterik xüsusiyyətləri ilə yaddaşlarda dərin iz salır.
İsmət özünə gəldikdə qardaşı Səlimi köməyə çağırıb qatili cəzalandırmaq istəyirsə də Səlma ananın öyüd-nəsihətlərinə qulaq asaraq onu bağışlayır. İsmətin ürəyi intiqam hissi ilə alışıb yansa da, ədəb-ərkana, el adətinə əməl etmək lazım olduğunu başa düşür".
Araşdırmaçının fikrincə, bu əsərilə Hüseyn Cavid türk qadınının bəşəri hisslərlə yaşadığını təsvir etməklə bərabər bütün insanlığa bir nümunə göstərib. O, fikrini Hüseyn Cavidin "Peyğəmbər" əsərindən sitatla bitirir: "Cavidin qənaətincə, qadın anadır, qadın sevgili bir yardır, qadın ülvi bəşəri məxluqdur, insanlığın baş tacıdır".

Uğur