Zərdabi Mətbuat Mərkəzi İsmayıllıda “dəyimi masa” keçirdi Hadisə

Zərdabi Mətbuat Mərkəzi İsmayıllıda “dəyimi masa” keçirdi

Zərdabi Mətbuat Mərkəzi və "KredAqro" Bank Olmayan Kredit Təşkilatı "Bank-kredit sektoru-debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində üçüncü "dəyirmi masa"nı ötən cümə günü İsmayıllı şəhərində keçiriblər. Tədbir "KredAqro" BOKT-nin yerli filialında baş tutub. Mövzu ətrafında müzakirələrdə bank-kredit sektorunun İsmayıllı, Göyçay və Qəbələdə fəaliyyət göstərən yerli filiallarının, bölgə qəzetlərinin təmsilçiləri, debitorlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Valeh Salehov iştirakçıları salamlayaraq bildirib ki, bu iki qurumun cinahları bir araya gətirən layihəsi vətəndaş cəmiyyətinin maraqlarına uyğundur. Ən başlıcası isə maarifçilik missiyası daşıdığından belə görüşlərin vaxtaşırı təşkilinə ehtiyac var. Valeh Salehov İsmayıllıda fəaliyyət göstərən bank-kredit sektorunun mətbuat üçün şəffaflığını "dəyirmi masa"da iştirak edən filialların nümunəsində misal çəkib. Rayon rəhbərliyinin də bu istiqamətdə işlərin tələblər səviyyəsində qurulmasına dəstək verdiyini deyib.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə bu qurumla "KredAqro" BOKT arasında mövcud olan 3 illik əməkdaşlığın müsbət nəticələrindən danışıb: "Bu əməkdaşlıq ölkə mediasında bank-kredit həyatının olduqca zəif işıqlandırılması tendensiyasının aradan qaldırılması zərurətindən yaranmışdı. Buna 2012-ci ildə qismən nail olduq. Həmin il monitorinqini apardığımız 31 KİV-də sahəyə aid 4210 material təqdim edildi ki, bu da 2011-ci illə müqayisədə iki dəfə çoxdur. Cari ilin 7 ayında isə göstərici 7401 materialdır ki, zənnimcə bu özü necə səmərəli yolun keçirdiyini göstərməkdədir".
Rəhim Hüseynzadə vurğulayıb ki, hər iki qurumun ötən ildən "dəyirmi masa"larını regionlarda keçirmələri yerli KİV-lərlə bank-kredit sektoru arasında əlaqələrin yaranmasına təsirsiz ötüşməyib. Lənkəran, Şəki, Quba, Bərdə, Masallı və Zaqataladakı tədbirlərdən sonra yerli mətbuatda həmin istiqamətdə mövzulara yer verildiyini misal çəkən təşkilat sədri İsmayıllı görüşünün də nəticəsiz qalmayacağına əminliyini ifadə edib.
"KredAqro" BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev mənsub olduğu qurumun Azərbaycanda 2000-ci ildə fəaliyyətə başladığını, 9 regionda sahibkarlara maliyyə xidmətləri göstərmək üçün yaradıldığını bildirib. O, "KredAqro"nun ölkəmizin bank-kredit sektorunun nüfuzlu təmsilçilərindən olduğunu vurğulayıb. Təşkilatın "Consulting & Business" kimi tanınmış, işgüzar jurnal tərəfindən 2008-2010-cu illərin "Bank Olmayan kredit təşkilatı" nominasiyasının qalibi kimi "İlin Şirkəti" mükafatına, ötən il isə Fransanın paytaxtı Parisdə "Business İnitiavite Directions" (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə "WQC AVARD" mükafatının "Qızıl" kateqoriyasına layiq görülməsində media ilə əlaqələrin də mühüm rol oynadığını diqqətə çatdırıb.
Layihənin eksperti bu ilki monitorinqlərdə kəmiyyətlə yanaşı keyfiyyət dəyişikliyinin də müşahidə edildiyini uğurlu hal sayıb. O vurğulayıb ki, analitik yazıların 7 ayda sayca 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə artımı 331-ə bərabərdir: "Deməli, sahədə peşəkar materiallar təqdim edənlərimiz var. Biz ötən il olduğu kimi 2014-cü ilin yekun tədbirində də onları mükafatlandıracağıq".
Rayon qəzetlərinin baş redaktorlarından Şahməmməd Soltanov ("İsmayıllı xəbərləri") "KredAqro" BOKT-nin digər yerli filiallarında olduğu kimi burada da terminalının istifadəyə veriləcəyini həm media, həm də debitorlar üçün xoş yenilik adlandırıb. O və həmkarı Abdulla Əliyev ("Göyçay") çıxışlarında bu mətbu nəşrlərdə vaxtaşırı reklamların verildiyini deyib. "Bu günkü tədbir isə məsələyə daha əhatəli yanaşılmasını, xüsusilə debitorlarla əlaqələrin yaradılmasını zərurətə çevirir".
Tanınmış jurnalist İntiqam Mehdizadə: "Xalqımızın iqtisadi biliklərə yiyələnməsi sahəsində vəziyyət heç də ürəkaçan deyil. Bank-kredit sahəsinə dair yazıların dili sadə, anlaşıqlı olmalıdır ki, tez qavranılsın. Bir çox məsələlərdə mediamız maarifçilik missiyasını üzərinə götürməlidir. Janr rəngarəngliyi ortada olmalıdır".
İsmayıllıda fəaliyyət göstərən bank-kredit təşkilatları filiallarının təmsilçilərindən Nofər Fərhadov ("KredAqro" BOKT), Cümşüd Məmmədov ("Kapital Bank"), Azər Eyyubov (Muğan Bank"), Cəlal Yusifov ("Unibank") və başqalarının çıxışlarında hər üç sektoru bir araya gətirən tədbirlərin davamlı xarakter daşıması, həmçinin digər məsələlər barədə təkliflər səsləndirilib.
Sahibkar Lətifə Əliyeva bank-kredit sektorunda xeyriyyəçiliyin də ənənəyə çevrilməsi vacibliyindən söhbət açıb. Debitorlardan Şərif Mikayılov, Rəşidə Qəniyeva onların götürdükləri vəsaitdən nə dərəcədə faydalandıqlarına dair yazıları KİV-də görmək istədiklərini dilə gətiriblər.

XC