AŞ-ı prokurorluq işçilərinə onlayn təlim keçib Hadisə

AŞ-ı prokurorluq işçilərinə onlayn təlim keçib

Prokurorluq işçilərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluöun mətbuat xidmətindən verilən məlumata görə, ölkədə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, müasir tələblərə cavab verən hüquq sisteminin formalaşdırılması, dövlət orqan və təsisatlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində həyata keçirilmiş tədbirlər hüquq sisteminin inkişafı prosesinə, vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına və beynəlxalq əlaqələrin genişləndirilməsinə səbəb olub. Bu, həm də prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə şərait yaradıb.

Cari ilin 13-17 iyul tarixlərdə Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Məlumatların təhlil üsulları: Microsoft Power BI” mövzusunda onlayn şəkildə təlim kursu keçirilib və həmin təlim kursunda Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin prokuroru İsmayıl Musayev və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov iştirak ediblər.

Qeyd olunan təlim kursuna Avropa Şurasının Baş Qərargahının proqram meneceri xanım Danae İssa, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernies, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Nəzarət Departamentinin rəisi Elçin Əhmədov, Avropa Şurasının ekspertləri Dmitri Solovev, xanım Olqa Solonoviç və ölkəmizin bir neçə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları qatılıb.

Videoformatda keçirilmiş təlim kursunda iştirakçılar tərəfindən statistik məlumatlarla işləyərkən “Microsoft Power Business Intelligence Desktop” proqram təminatı vasitəsilə məlumatların emal və təhlil işini asanlaşdırma, onlara müxtəlif mənbələrdən əldə edilən məlumatların vahid struktura salınması, modelləşdirmə və peşəkar şəkildə vizuallaşdırılma qaydaları öyrənilib.