Terrorçu yetişdirən valideynlər... Hadisə

Terrorçu yetişdirən valideynlər...

Arzu Şirinova

İllərdir mətbuatın yazdığı mövzunun bir qismini Təhsil Nazirliyi etiraf edib:""Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var".
Bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. Onun sözlərinə görə, hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər.
İllərdir yığılıb qalmış, həllinə hansı səbəblərdənsə mane olunan, əksəriyyət vaxt bu səbəblərə rəvac verilən nöqsanların aradan qaldırlması başlanğıc kimi etirafdırsa, bu, yaxşı haldır. Güman edək ki, bundan sonra həmin məktəblərin adları bəlli olacaq və dərsə getməyən şagirdlər, müəllimlər, həm də valideynlər barədə ölçü gətürüləcək.
Təhsil Nazirliyi əgər belə nöqsanların qarşısını almaqda maraqlıdırsa, onu da aşkarlasın ki, bu gün əsasən məcburu köçkünlərin təhsil aldıqları orta məktəblərdə dərsdən yayınmalar daha çoxdur. Hətta o qədət çoxdur ki, bunu görən şəhər əhli övladlarının rahatlıqla repititor yanına getməsini və ali məktəbə hazırlaşmaq məqsədilə vaxtının kifayət qədər olmasını təmin etmək üçün onları 9-cu sinifdən çıxardaraq həmin məktəblərdə yerləşdiriRlər. Etiraf edək ki, bu zaman məktəbin direktoru ilə valideyn arasında bazarlıq gedir və bəlli olmayan məbləğdə pul ödənilir, sonda uşaq bilərəkdən və yaxud bilməyərəkdən şikəst edilir. Bəli, sözün həqiqi mənasında şikəst edilir. Əgər bir uşaq hansı ali məktəbə gedəcəyi istiqamətdə hazırlaşırsa və qeyri fənləri öyrənmirsə, demək onun təhsili, biliyi natamamdır. Yəni o, yaxşı riyaziyyatçı ola bilər, ancaq tarixi, ədəbiyyatı bilməyəcək. Çünki dəqiq elmlər üzrə hazırlaşan uşağın tarixdən və ədəbiyyatdan biliyi qeyri-kafi ola bilər.
Bu zaman təkcə məktəb direktoru günahkar bilinib cəzalandırılmamalıdır. Həm də valideynlər layiqli cəzalarını almalıdırlar ki, pul ödəməklə övladlarının savadsız olmasına yol açırlar.
İlham Nağıyev onu da etiraf edib ki," şagirdlərin dərsə getməməsi halları daha çox kənd məktəblərində özünü göstərir". Bu zaman da günahkar yenə birinci olaraq valideynlərdi. Elə dar düşüncəlilər var ki, onlar qız övladlarının təhsil almasını "qeyrətlərinə" sığışdırmırlar. Qızlarını təhsilədn yayındırıb hansısa bir fermerin və yaxud iş adamın yanında çalışmağını təhsil almaqdan üstün bilirlər. Bu sayaq valideynlərin düşüncəsinə görə, " qız övladına təhsil üçün para xərcləmək israfçılıqdı, onsuz da bu gün-sabah gedib kiminsə ocağını yandıracaqlar". Oğlan övladlarını isə "zəhmətə alışmalıdır" adı altında 9-cu sinifdən məktəbdən uzaqlaşdırırlar. Valideynlər daha onların sonrakı aqibətlərini fikirləşmirlər. Çünki uzağı görməyən belələri bir də ayılırlar ki, övladları savadsızlığın girdabında boğulur və boğulmamaq üçün də dinə heç bir aidiyyatı olmayan cəhaləti seçir. Və kimlərinsə çağırışı və yaxud aldığı paranın sayəsində kor olan gözləri onu uçuruma yuvarladır. Valideynlər bir də xəbər tuturlar ki, övladlarının səsi ya Suriyadan, ya İŞİD terror qruplaşmasından gəlir. Özləri bir yana, ailə qurduqları qızları da bədbəxt edirlər. Terrorçuların çağırışına gedənlərin aqibəti bəllidir-ölürlər və yaxud terrorçu kimi yetişirlər.
Bu valideynlər sonra bir başlarına, bir dizlərinə vururlar. Ancaq sonrakı peşimançılığın faydası olmur və bir ailə, bir nəsil hər kəsin qınaq yerinə çevrilir.