“Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi” Hadisə

“Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi”

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdəki Rumın-Amerikan Universitetində elmi konfrans keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə, Rumın-Amerikan Universitetində "Yeni beynəlxalq kontekstdə Azərbaycanın geosiyasi önəmi" mövzusunda elmi konfrans keçirilib. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev konfransda çıxış edərək son zamanlar beynəlxalq aləmdə baş verən proseslərin mənfi təsirinə baxmayaraq, Azərbaycanın getdikcə inkişaf etdiyini bildirib.
Sonra Azərbaycanın nailiyyətlərindən bəhs edən film nümayiş olundub. Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov çıxışında Cənubi Qafqaz regionunda bir çox münaqişələrin cərəyan etdiyini və bu münaqişələrin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mənfi təsir göstərdiyini, sabitliyə təhlükə yaratdığını bildirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığını və bir çox beynəlxalq layihələrdə iştirak etdiyini vurğulayıb. Diplomat Rumıniyanın Azərbaycanı beynəlxalq təşkilatlarda hər zaman dəstəklədiyini qeyd edib. Rumın-Amerikan Universitetinin prorektoru, professor Florin Bonçu Azərbaycanın dünyanın ən qədim neft istehsalçılarından biri olduğunu deyib. Azərbaycanın enerji potensialından söhbət açan F.Bonçu bildirib ki, regionun və dünyanın geosiyasi dəyişikliklərini nəzərə alaraq, həm Rumıniyanın, həm də bütövlükdə Avropa İttifaqının Azərbaycanla əlaqələri möhkəmləndirməsi zəruridir. O, rəsmi Bakının hər zaman əməkdaşlığa açıq olduğunu vurğulayıb.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov çıxışında Qara dəniz və Xəzər dənizi ölkələrinin regional əməkdaşlığı, Avropanın qaz bazarı, Azərbaycan təcrübəsi, Rumıniya üçün imkanlar və digər mövzulara toxunub. Ölkəmizin neft strategiyası, enerji siyasəti barədə məlumat verən H.Kərimov Avropanın enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələrindən, eləcə də XXI əsrin layihəsi adlandırılan "Cənub" qaz dəhlizindən bəhs edib. O, ARDNŞ-in Qara dəniz bölgəsində enerji sahəsindəki strateji layihələrdə region ölkələri ilə birgə çalışmağa, öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
"Geopolitika" Assosiasiyasının sədri, "Geopolitika" jurnalının baş redaktoru Vasile Simileanu isə Azərbaycanın regionda gücü barədə ətraflı məlumat verib. O, Avro-Asiya layihələrində uğurla iştirak edən Azərbaycanın regionun inkişaf modelinə çevrildiyini söyləyib. V.Simileanu Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqe göstərməsi nəticəsində beynəlxalq layihələrdən uzaqlaşdığını, öz iqtisadiyyatına zərər vurduğunu bildirib. Enerji təhlükəsizliyi üzrə ekspert Dan Barbuts isə Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu söyləyib. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rumıniya Qabaqcıl Strategiya Mərkəzinin rəhbəri Rızvan Buzatu Rumıniya ilə Azərbaycan arasında əlaqələrdən danışıb. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan R.Buzatu Azərbaycanın dünyada təkcə enerji resurslarına görə deyil, həm də bəşəriyyətin gələcəyi üçün vacib olan məsələlərin müzakirə edildiyi mötəbər tədbirlərə ev sahibliyi etdiyinə görə tanındığını vurğulayıb.