Vəkil Pərican xanım Topçubaşova Hadisə

Vəkil Pərican xanım Topçubaşova

Tiflis rus gimnaziyasında təhsil almış ilk azərbaycanlı xanım

XİX əsr çar Rusiyasının tərkibindəki Azərbaycanın mətbuat sahəsindəki ağır mühiti nadan və cahil müsəlmanların səyi nəticəsində xüsusilə dözülməz idi. Bu o zamanlar idi ki, təhsilli insanlar, maarifə meyl edən kəslər asanlıqla öldürülə bilirdi və ictimai fəaliyyət göstərən ziyalıların işi bu şəraitdə xüsusilə çətin idi. Belə ziyalılardan olan Həsən bəy Zərdabini hökumət 1878-ci ildə Bakı realnı məktəbindən müəllimlik vəzifəsindən azad edir. İki il Bakıda işsiz qalan Həsən bəy 1880-cı ildə ailəsi ilə birlikdə doğma kəndinə Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyəti ağır olsa da Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur.
Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım təm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu. (Mirzə Fətəli Axundov da öz qızı Nisəni rus məktəbində təhsil almağa göndərmişdi ki, digər azərbaycanlılar da qızlarını oxutsunlar). Bir müddət sonra gimnaziya təhsili ilə kifayətlənməyən Pəri xanım Peterburuqa gedir və 1889-cu ildə Peterburuq Universitetinin hüquq fakültəsini əla qiymətlərlə başa vurur. Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və s. işlərdə işləyir. Bir əşya kimi satılan və ya öz hüququnu bilməyən azərbaycanlı qadınının nümayəndəsinin hüquq sahəsində calışması çox böyük nailiyyət idi. .
Araşdırmaçı Qərənfil Dünyamin qızı yazır ki, Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına cevrilir. Deyilənlərə görə onların bu səmimi münasibəti gimnaziyada Hənifə xanımın müəlliməsi olan Mariya xanımın diqqətindən yayınmır. O, Həsən bəyə məktub yazaraq bu məsələni açır və Əlimərdan bəyin onun qızına layiq olduğunu bildirir. Həsən bəy Mariya xanımın məktubundan sonra böyük oğlu Midhətlə Tiflisə gəlir, Əlimərdan bəylə tanış olur. Ədəb-ərkanlı, savadlı bu gənc Həsən bəyində ürəyincə olur.
Beləliklə, Əlimərdan bəy Həsən bəylə, Hənifə xanımın razılığını aldıqdan sonra onlar Tiflisdə Pəri xanımla ailə həyatı qurur. Amma nədənsə Hənifə xanım bu toyda iştirak etmir. Qərənfil xanım yazır ki, bu haqda Pəri xanımın, anasına Hənifə xanıma yazdığı məktubunda məlimat verilir. Məktubda Pəri xanım yazırdı: "Mənim əziz anam, heyiflər olsun ki, sən bizim toyumuzda iştirak edə bilmədin. Dünən 31 dekabr tarixində kəbinimiz kəsildi və mən Mərdan bəyin evinə köçdüm. Hər şey çox gözəl və şən keçdi, bunu hətta xalam da təsdiqləyə bilər. Heyif bircə sən yox idin. Əzizim mənim, bilirəm ki, sən burada olsaydın mənim xoşbəxtliyimə şərik olardın. Amma mən ümüd edirəm ki, imkan tapan kimi sən yığışıb bizə gələcəksən. Mərdan bəyin kənd məktəbində dərsləri var və məzuniyyət götürmək üçün münasib vaxt deyil. Mərdan bəy söz verib ki, sənin arzunu həyata keçirəcək və sənin sevimli qızına layiq həyat yoldaşı olacaq. Ana can bağışla ki, biz hər şeyi səndən xəbərsiz etmişik, amma mən ümüd edirəm ki, sən heç bir şeyə qarşı etraz etməyəcəksən. Öpürəm səni. Səni sevən qızın. Mənim ünvanım. Starovnaya küçəsi, Vinasovun evi. Pəri xanım Topçubaşova ".
Qərənfil Dünyamin qızı yazır ki, dövrün lüzumsuz "adət-ənənəsinə" qarşı cıxan Həsən bəyin qızı Pəri xanım üçün Əlimərdan bəydən başlıq istəməsini Pəri xanımın anası Hənifə xanıma yazdığı məktubunda oxuduqda çox təcüblənib. Məktubdan bəlli olur ki, Əlimərdan bəyin bu pulu verməyə imkanı olmadığı üçün Tiflisdə kiçik bir toy edərək Pəri xanımla ailə qurur. Bu haqda Pəri xanım yuxarıda qeyd etdiyimiz məktubunda yazırdı: "Mühriban ana. Kəbin mərasim zamanı kiçik bir anlaşılmazlıq oldu. Sən demə atam Mərdan bəydən 10 000 pul tələb edib, amma Mərdan bəyin bu məbləğdə nəğd pulu olmadığı üçün verə bilməyib. Sonra Mərdan bəy mənə bildirdi ki pula görə bu toyu pozmaq olmaz. Əziz anam, onsuz da mən əvvəl-axır ərə getməliydim və qoy bu insan başqası olmaqdansa məhz məni sevən olsun".
Həm Əlimərdan bəyi tanımadığına, həm də toyun belə tez olduğuna görə Hənifə xanım bu izdivacdan çox narahat idi. Onu sakitləşdirmək üçün Əlimərdan bəy də Hənifə xanıma məktub yazaraq qızının xoşbəxt olacağını əminliklə ona bildirirdi: "Çox hörmətli və əziz ana. Əminliklə bildirirəm ki, bundan sonra da Pəricana olan münasibətimi hec nə dəyişə bilməz, əksinə bizim ailə həyatımızın hər yeni bir günündə mənim Pəricana olan sevgim daha da artır. Siz də bu gündən mənimçün doğma insana çevrilirsiniz. Düzdü hələ ki, mənə yalnız Pəricanın çoxhörmətli atasını və qardaşı Midhəti görmək qismət olub, amma mən tək onları deyil, qiyabi olsa da əziz ananı və kiçik qardaş və bacısını da çox sevirəm. Ümüd edirəm ki, fürsət düşən kimi Sizinlə görüşüb, şəxsi keyfiyyətlərimlə olmasa da, amma Pəricana olan sevgimlə Sizin rəğbətinizi qazanmağa çalışacağam… Bir tək bu "xilasedici lövbərə" əsaslanaraq ümüd edirəm ki, birinci növbədə mənim belə gec yazmağımı və toyumuzun məhz bu şəraitdə keçdiyini bizə bağışlayacaqsınız.
Sizi sevən və hörmət edən kürəkəniniz Əli Mərdan bəy Topçubaşov.
29 yanvar 1894-cü il"
1896-cı ildə Həsən bəy Zərdabdan ailəsi ilə birlikdə Bakıya göcür. (Deyilənlərə görə onu Bakıya Hacı Zeynalabdin Tağıyev dəvət edir və ailəsi ilə birlikdə yaşaması üçün şərait də yaradır). Həsən bəy Bakıya gələndə şəhərdə inkişafa doğru bir çanlanma hiss olunurdu. Buna görə də Həsən bəy ziyalıları başına toplamaq, mübarizə aparmaq, elmi təbliğ etmək fikri ilə ilk olaraq öz qızını və kürəkənini Bakıya dəvət edir. Elə həmin il ailə Həsən bəyin və Hənifə xanımın təklifi ilə Tiflisdən Bakıya köçdü. Həsən bəylə Əlimərdan bəy arasında səmimi əqidə, məslək dostluğu yaranır. Həmin ildən Həsən bəy Əlimərdan bəyin redaktoru olduğu "Kaspi" qəzeti ilə daha sıx əlaqə yaradır. (Əslində Həsən bəy hələ Zərdabda olarkən "Kaspi" ilə əməkdaşlıq edir, "Zərdabdan məktublar" adı ilə məqalələr göndərirdi). 1896-cı ildən, 1907-ci ilin noyabrına həyatının sonuna kimi Həsən bəy demək olar ki, "Kaspi"nin əksər problemlərini öz üzərinə götürür. Çünki, bu zaman gənc redaktor Əlimərdan bəyin Həsən bəy kimi qocaman, təcrübəli bir jurnalistə, publisistə çox böyük ehtiyacı var idi. Xalqının mənafeyinin müdafiə olunması, islahatların hazırlanması, ictimai rəyin yaranması məsələlərini Əlimərdan bəy Həsən bəyin köməkliyi sayəsində "Kaspi"nin səhifələrində təbliğ etməyə nail olur. Daha çox siyasi işlərlə məşğul olan Əlimərdan bəy qəzetin taleyi üçün narahat deyildi. Çünki Həsən bəy kimi bir qəzetci "Kaspi"nin qayğısına qalırdı.
Bu illərdə Hənifə xanım ilk övladı Pəri xanımın ailə həyatından çox məmnun idi. Kürəkəni Əlimərdan bəy həqiqətən onun sevimli Pəricanını xoşbəxt etmişdir. Təəssüflər ki, bu xoşbəxtliyin ömrü qısa oldu. Onlar vətən, millət sevgisi yolunda Vətəndən didərgin düşdülər, təqiblərə, təhqirlərə məruz qaldılar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvvəzsiz xidmətləri olmuş, fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərilmiş, müstəqil Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparır. Bu Topçubaşovlar ailəsinin Vətəndən ömürlük gedişi olur. İllərlə Vətən həsrəti ilə qürbətdə Vətənin azadlığı uğrunda mübarizə aparan Əlimərdan bəyə Pəri xanım hər tərəfli dəsdək olur. (Hər ikisi yüksək hüquq təhsili almışlar. Deyilənlərə görə çox vaxt sənədlərin hazırlanmasında da Pəri xanım onun yardımcısı olurmuş).
1895-ci ildə Əlimərdan bəy Topçubaşov qaynanası Hənifə xanıma yazdığı məktublarından birində Pəri xanımı "xilaskar mələyi" adlandırırdı. İllər kecdi. Bu xilaskar mələk pərvanə kimi ömrünün sonunacan Əlimərdan bəyin hər tərfli xilaskarı oldu.
Pəri xanım Topçubaşovanın 5 övladı olmuşdur. Onlardan dördü – oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak etmişlər. Pəri xanım Fransada mühacirətdə olmuş və 1947-ci ildə orada dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.

Ülviyyə Tahirqızı