Seçki rəqabətli mühütdə keçəcək Hadisə

Seçki rəqabətli mühütdə keçəcək

Niyaməddin Orduxanlı: "Namizədliyimi irəli sürdüyüm dövrdə hər hansı bir maneə və yaxud da təzyiqlə rastlaşmadım"

Bahar Muradova: "Hədəflərimizdən biri bələdiyyələrdə daha çox sayda gənclərin və qadınların qalib gəlməsinə nail olmaqdır"

Faiq Balabəyli: "Bu dəfə əvvəlki seçkilərlə müqayisədə qanun pozuntularına, süni maneələrə təsadüf olunmadı"

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi başa çatıb. Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.
Onu da əlavə edək ki, bu günə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1336-dan 13 193 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib ki, namizədliklə bağlı müraciət edənlərin 9103 nəfəri kişi, 4090 nəfəri qadındır. İndiyədək 5996 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 45 imza vərəqi geri namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 2763 nəfərin namizədliyi fərdi qaydada, 156 nəfərin namizədliyini təşəbbüs qrupları, qalan şəxslərin namizədliyi isə 9 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və s.) tərəfindən irəli sürülüb. Namizədliyini irəli sürənlərdən 11 628 nəfər ali, 868 nəfər orta ixtisas, qalan qisim orta təhsillidir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı vurğuladı ki, namizədlərin irəli sürlüməsi müddəti artıq başa çatıb: "Noyabrın 29-a qədər namizədlərin qeydə alınma prosesi davam edəcək. Mən artıq BAXCP-nin namizədi kimi qeydə alınmışam. Namizədliyimi irəli sürdüyüm dövrdə hər hansı bir maneə və yaxud da təzyiqlə rastlaşmadım. Həminçinin də BAXCP-nin digər namizədləri. Namizədliyimi irəli sürdüyüm Mehdiabad bələdiyyəsinə xeyli partiya mənsubiyyəti olan və birtərəf şəxslər də var. Demək olarki 13 yerə 40-a yaxın namizədliyini irəli sürən şəxs var. Və bu o deməkdir ki, seçki rəqabətli mühütdə keçəcək...".
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib ki, hədəflərimizdən biri bələdiyyələrdə daha çox sayda gənclərin və qadınların qalib gəlməsinə nail olmaqdır: "Partiyamız hər zaman olduğu kimi, bu seçkilərə hazırlıq çərçivəsində də öz işini yüksək səviyyədə qurub. Seçkilərə hazırlıq seçki qanunvericiliyinə müvafiq olaraq davam etdirilir. Bütün təşkilatı şəbəkə - insani və siyasi resurslar bu seçkilərdə də yüksək qələbənin əldə olunmasına səfərbər olunub. Partiyanın İcra Katibliyi və İdarə Heyəti, eləcə də müvafiq rayon təşkilatlarının toplantıları keçirilərək bələdiyyə seçkilərinə hazırlıq məsələsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Bu seçkilərdə də qadınlar və gənclərin yüksək fəallığının təmin olunması nəzərdə tutulub. Bizim ümumi işimizdə yerli özünüidarə orqanlarında YAP üzvlərinin həm çəkisinin, həm də iş keyfiyyətinin artırılması əsas hədəfimizdir. Bu prosesdə qadınların, gənclərin iştirakı da prioritet məsələlərdən biridir. Biz bu dəfə də prosesi irəliyə aparmaq üçün daha geniş fəaliyyət sərgiləməkdəyik. Ümumilikdə hesab edirəm ki, Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, özünəməxsus inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Bu təcrübə başqaları üçün də önəmli ola bilər. Biz artıq dünyaya bu istiqamətdə də öz təcrübəmizi nümayiş etdirməkdəyik. Nəticə etibarilə, YAP budəfəki seçkilərə də gücünü nümayiş etdirəcək və qalib çıxacaq. Fikrimcə, həm seçilən nümayəndələrimizin sayı artacaq, həm onların içərisində qadınların və gənclərin nümayəndələri çox olacaq. Əlbəttə, əsas hədəflərimizdən biri də bələdiyyə qurumlarında daha çox sayda gənclərin və qadınların rəhbər seçkilərində qalib gəlməsinə nail olmaqdır. Bir sözlə, hər bir vətəndaşımıza daha yaxın olmaq, onun problemlərinin daha yaxşı həlli yolunu tapmaq və onların həyatının bir parçası olmaq üçün mümkün olan hər şeyi edəcəyik. Buna heç kimin şübhəsi olmasın".
Vətəndaş Həmtəyliyi Partiyasının (VHP) funksioneri Faiq Balabəyli dedi ki, proses normal gedir: "Bu dəfə əvvəlki seçkilərlə müqayisədə qanun pozuntularına, süni maneələrə təsadüf olunmadı. Hər halda mən Xətai rayonundakı 4 Dairə Seçki Komisiyasında bunu müşahidə etmədim. Mənim Təmsilçisi olduğum partiyanın - VHP-nin namizədləri sənədləri verib, qeydiyyata alınanlar da var".

Əli