İtaliya parlamentinin nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar Hadisə
Dekabrın 5-də İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Gəncədə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət ediblər.
Qonaqlar oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.
Əvvəlcə nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.
Bildirilib ki, səfərin məqsədi parlamentariləri oktyabrın 11-də və 17-də gecə saatlarında cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Ermənistan ordusunun oktyabrın 11-də Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib. Həmin günlərdə atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu uzaqdan seyr etməklə kifayətlənib.
İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyası rəhbərinin müavini Maria Rizotti bildirib ki, İtaliyanın müxtəlif siyasi qüvvələrini təmsil edən parlament nümayəndələrinin Gəncə şəhərinə səfərinin başlıca məqsədi 30 il sürən müharibənin ağrılı nəticələrini görmək və günahsız insanların həlak olduğu bu məkanı ziyarət etməkdir. “Əlbəttə, bu gördüklərimiz müharibənin çox ağrılı nəticəsidir. Burada günahsız insanlar və uşaqlar həlak olub. Lakin biz çox məmnunuq ki, Azərbaycanın artıq beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri bərpa olunub. İndi isə bu məsələnin daha bir çətin mərhələsi başlayır. Belə ki, insanları vaxtilə yaşadıqları yerlərə qaytarmaq üçün bütün bu ərazilərdə bərpa işlərinə başlanılır. “Azərbaycan–İtaliya dostluq əlaqələrinə əsaslanaraq deyə bilərəm ki, müharibə nəticəsində ölkənin ziyan çəkmiş ərazilərinin dirçəldilməsində biz də öz dəstəyimizi göstərəcəyik”, - deyə o qeyd edib.
Nümayəndə heyəti erməni faşizminin izləri ilə tanış olub, düşmənin raket hücumu nəticəsində doğmalarını, ailə üzvlərini və yaxın qohumlarını itirənlərin faciələrini dinləyiblər.