Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır Siyasət

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Son 14 ay ərzində ABŞ və Azərbaycan arasında münasibətlərdə həqiqətən də əlamətdar bir dövr yaşanır və bunu yüksək qiymətləndirirəm.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirədə deyib.

“2025-ci ilin avqustundan başlayaraq ABŞ-ın vitse-prezidentinin səfəri, keçirdiyimiz ilk iqtisadi dialoq və daha sonra baş tutan bütün qarşılıqlı təmaslar ABŞ-ın artıq Cənubi Qafqaz regionuna prioritet verdiyini açıq şəkildə göstərir. Xəbərləri izləyənlər üçün deyim ki, Nyu-Yorkda, BMT Baş Assambleyasının toplantısı çərçivəsində TRIPP-ə həsr olunmuş böyük bir tədbir keçirildi. Bu tədbirdə Cənubi Qafqazın əhəmiyyəti bir daha vurğulandı. Prezident Tramp da çıxışında Azərbaycan və Ermənistan arasında ötən ilin avqust ayında əldə olunmuş razılaşmanı şəxsən müşahidə etməsini özünün qürur duyduğu nailiyyətlərdən biri kimi qeyd etdi”, - Emi Karlon diqqətə çatdırıb.

O, Cənubi Qafqazın ABŞ hökuməti üçün yeni prioritet istiqaməti olduğunu bildirib: “Çünki biz Cənubi Qafqaz regionunun Transxəzər ticarət dəhlizində böyük potensiala malik olduğunu görürük. Burada, açığı, ABŞ biznesi üçün də böyük imkanlar, birgə rifah üçün potensial mövcuddur. Biz bu imkanlardan istifadə etməklə regiona sülh və yeni perspektivlər gətirə bilərik”.