Müəllimlik qadın peşəsinə çevrilib... Hadisə

Müəllimlik qadın peşəsinə çevrilib...

Vaqif Abışov : "Vəziyyətin bu hala gəlməsi ilk öncə maddi durumla bağlıdır"

Yaxınlarda təhsil naziri Mikayıl Cabbarov KİV-ə müsahibəsində məktəblərdə kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya olduğu barədə bildirmişdi. Eyni problemi keçmiş təhsil naziri Misir Mərdanov çıxışlarında dəfələrlə vurğulamışdı və kişilərin müəllimliyə maraq göstərməsini arzuladığını demişdi. Keçmiş nazir etiraf edirdi ki, buna səbəb müəllimlərin əmək haqqının azlığıdır: "Müəllimlərin heç olmasa, 30 faizi kişi olmalıdır. Məktəb direktorlarının da 95 faizi qadındır. Mən demirəm ki, qadınları işdən çıxaraq, kişilər işləsin. Amma hər halda, bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Məncə, bunun əsas səbəblərindən biri əmək haqqının aşağı olmasıdır. Evə əsas qazancı kişi gətirir. Onlar həyat yoldaşlarını evdə qalmamaları üçün məktəbə işə göndərirlər".
Statistik rəqəmlər isə göstərir ki, kişi və qadın müəllimlərinin nisbəti arasındakı böyük fərq ən çox şəhər məktəblərində özünü büruzə verir. Bakı məktəblərində fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, yalnız 3600-ü kişidir.
Ekspertlər bildirir ki, bu həm də Azərbaycan ailələrinə bağlı olan bir məsələdir. Belə ki, kişilər çox zaman həyat yoldaşlarına müəllimə kimi çalışmağa icazə verirlər. Bir çoxu bundan ötrü hətta ixtisasını da dəyişib. Yəni, Azərbaycan kişisi qadınını məktəbdə və ya bağçada görmək istəyir. Kişi müəllimləri bildirir ki, aldıqları maaş onlara ailəni təmin etməyə yetmir. Odur ki, bir çoxu ixtisası dəyişərək başqa işlərə keçməyə məcbur olurlar.
Təhsil üzrə ekspert Etibar Əliyev mətbuata verdiyi açıqlamada məktəblərdəki gender balansının pozulmasını təhsilin keyfiyyəti üçün təhlükəli bir durum adlandırıb: "Nazirliyin statistikasına nəzər salanda görürük ki, orta məktəblərdə müəllimlərin 85 faizi qadınlardır. Məktəb rəhbərliyinin də bu qədər faizi xanımların ixtiyarındadır. Təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Sovetlər dönəmində kişi və xanım müəllimlərin sayındakı fərq 30-70 faiz nisbətində idi. Bu da şübhəsiz ki, təhsilin keyfiyyətinə təsir göstərirdi.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyiə prosesinə yanaşması fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələti kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir".
Ekspertin bildirdiyinə görə, bu proses müstəqillik əldə etdikdən sonra, xüsusilə, 1994-cü ildən sonra başlayıb: "Bu dövrün müəlliminin əmək haqqı sovet müəlliminin əmək haqqından, dolanışığından aşağı olduğu üçün kişilər məktəbləri tərk etməyə başladılar. Şübhəsiz, o əmək haqqı ilə ailə dolandıra bilməzdilər. 18 il əmək təcrübəsi olan müəllim 149 manat əmək haqqı alır. Bu, aşağı rəqəmdir. Ona görə də müəllim qadın peşəsinə çevrilib. Bu, qəbul imtahanlarında da özünü göstərir. Oğlanlar isə müəllim olmaq niyyəti ilə yox, sadəcə, kənarda qalmamaq üçün bu peşəni seçirlər".
Psixoloq Arif Hümbətov hesab edir ki, məktəblərdə oğlan uşaqları üçün kişi müəllim nümunəsinin olmaması onların formalaşmasına mənfi təsir göstərir. Belə ki, evdə atasını, məktəbdə isə savadlı, güclü kişi müəllimi özünə lider seçən uşaq üçün formalaşma dövrü asan keçir. Elə bu səbəbdən də məktəbdə müəllimlərin cins balansı qorunmalıdır: "Məsələn, bütün gün qadın müəllimələri görən oğlanlarda kişilərə xas cəhətlər azalır. Onlar bütün gün qadın müəllimələrini görürsə, onlardan necə formalaşmalarını gözləmək olar? Qadınlar öz uşaqlarına, eləcə də şagirdlərinə daha çox mərhəmət, qayğıkeşlik aşılamağa çalışırlar. Amma oğlan uşaqlarının kişi kimi formalaşması üçün başqa növ təlim-tərbiyə lazımdır. Buna görə də ailədəki kişi modelindən başqa, məktəbdə də kişi modelləri çox olmalıdır".
Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov kişi müəllimlərin məktəblərə cəlb edilməsi üçün müəllimlərə verilən əmək haqlarının daha çox artırılmasını vacib hesab edir: "Məktəblərdə qadın müəllimələrin çox olması çoxdan qabardılan mövzulardandır. Dəfələrlə bu məsələ səslənib və problemdən çıxış yollarını müxtəlif formalarda əsaslandırmağa çalışıblar. Lakin yenə də proses öz araxı ilə davam edir. Nəinki Bakıda, Azərbaycanın bütün regionlarında müəllimlərin 90 faizini məhz qadınlar təşkil edir. Vəziyyətin bu hala gəlməsi ilk öncə maddi durumla bağlıdır. Maddi durum kişi müəllimlərin oğlan məzunların orta məktəblərə getməsinin qarşısını alan başlıca məqamdır. Qadınları isə hazırki maddi durum bu və ya digər formada təmin etdiyindən onlar orta məktəblərə kişilərdən daha çox üz tuturlar. Yəni vəziyyətin bu hala gəlməsində əsas səbəb maddi durum məsələsidir. Kişi müəllimlərin az olması orta məktəbin oğlan şagirdlərinin psixologiyasına, onların formalaşmasına bu və ya digər formada mənfi təsir edir. Yanaşma baxımdan burada təsir özünü göstərir. Oğlan uşağına qadınların yanaşması ilə kişinin yanaşması fərqlidir. Hər halda burada kişinin səs tonu, onun duruşu, oğlana, qıza yanaşmasının necəliyi istər-istəməz uşağın psixoloji cəhətdən formalaşmasına təsir edir. Demirəm ki, kişilər qəddardır, şagirdlər onun zəhmindən qorxur, yox. Əsrlər boyu gələn ənənəvi forma var. Məktəbdə tədrisdən başqa tərbiyə məsələsi də var. Həm təlim, həm tədris prosesində kişi müəllimlərin aparıcı rolu danılmazdır. Gələcəkdə bu amilin nəzərə alınması vacibdir. Problemdən çıxmaq üçün kişilər orta məktəbə cəlb olunmalıdırlar. Bunun üçün də maddi durum onları qane edən səviyyədə olmalıdır. Əmək haqları artırılmalıdır. İndilikdə isə 12 saata verilən əmək haqqı onu təmin etmədiyindən məktəbə deyil, daha gəlirli digər sahələrə üz tuturlar".
Ekspertlərin fikrincə, məktəblərdə kişi müəllimlərin azlığı böyüməkdə olan nəslin tərbiyəsində bir sıra fəsadlar yaradır. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu ilk öncə uşaqların seksual tərbiyəsinə təsir göstərir. "Müəyyən dərslər kişi müəllimlər tərəfindən tədris olunduqda uşaqda obraz yaranır. Bu obraz onun üçün ideal kişi obrazıdır. Uşaq yalnız qadın müəllimlərdən dərs aldiqda cəmiyyətdə ictimailəşmə pozula bilər. Bu problem tək valideynli ailələrə daha güclü təsir edir. Gündə 6 saat dərs 5 günə 30 saat edər ki, bunun da heç olmasa 10 saatını kişi müəllim tədris etməlidir".
Bu məsələyə inkişaf etmiş ölkələrdə xüsusilə diqqət yetirirlər. Təhsil üzrə ekspert Etibar Əliyev qeyd edir ki, Yaponiyada uşaq bağçalarında belə çox sayda kişi müəllimlər var: "Bu düşünülmüş addımdır. Artıq bağça dövründən oğlan uşaqları kişi kimi böyüyür. Lakin Azərbaycanda məktəbəqədər təhsil ixtisasında oxuyan tələbə oğlan yoxdur".
Psixoloq Azad İsazadə isə hesab edir ki, kişi müəlliminin məktəblərdə azlığı tendensiyası sovet dövründə də olub: "Kişilər adətən, bədən tərbiyəsi, riyaziyyat, fizika müəllimi kimi çalışırdılar. Sovet vaxtı hər 10 müəllimdən biri kişi olurdu. Fikrimcə, müəllimin cinsi vacib deyil, vacib olanı onun tədris üsuludur. Əlbəttə, istisna etmirəm ki, oğlanlar üçün məktəbdə kişi nümunəsi azdır. Oğlan lider olaraq özünü kişi müəlliminə oxşatmaq istəyər. Amma məktəb qapalı mühit deyil. Oğlanlara lider nümunə evdə də ola bilər, qonşuda da, ətrafda da. Məktəbdə 50 faiz kişi, 50 faiz qadın müəllim olmalıdır kimi şərt irəli sürmək düzgün yanaşma deyil".
Dünya üzrə aparlan araşdırmalar göstərir ki, müəllimlik bir zamanlar kişilər üçün özəl bir peşə sayılsa da, 1960-cı ildən etibarən vəziyyət dəyişib. Belə ki, qadınların iş həyatına daha aktiv qoşulduğu 1960-cı illərdə tibb bacısı və müəlliməlik favorit seçimlər sırasına girib. Bu iki məslək qadınlara karyera qurmaları üçün verilən seçimlərdən idi. Maryland Universitetinin sosioloqlarından olan Filip N.Coren isə bu mövzudakı araşdırmalarından birində belə yazıb: "Bir iş əgər daha çox qadınlar tərəfindən görülürsə, insanlar o işin daha az dəyərli olduğunu düşünməyə meyl edirlər".
Müəllimlik hazırda daha uzunmüddətli tətili, daha çox haqları və iş etibarlılığı baxımdan üstünlükləri olan peşə olsa da, məvacib baxımdan qeyri-artımlı olması ilə diqqət çəkir. Hətta dünya üzrə 1970-ci illərdən etibarən inflyasiyaya görə düzənləmə mənasında hər zaman hərəkətsiz qalıb. Əksər sahələr üzrə məvaciblər dövrün tələbinə uyğun artırılsa da, müəllimlərlə bağlı vəziyyət fərqli olub.
Cornell Universitetində iqtisadçı olan Maria Fitzpatrik yazır ki, müəlliməlik xaricindəki sahələrdə çalışan qadınlar 1970-ci illərdən bəri maaşlarında 25 faizə yaxın artım görüb. Üstəlik, eyni dönəmdə müəllimlik xaricindəki işlərdə orta hesabla kişi məvacibləri inflyasiyaya görə aşağı düşüb. Amma kişilər hələ də orta hesabla müəllimlik xaricindəki peşələrdə daha çox pul qazana bilirlər.
Hələ də ailədə uşaqların qayğısını üzərinə götürən qadınlar uşaqları ilə eyni yerdə, eyni saatlarda ola bilmə (təbii ki, çalışa bilmə) imkanı yaratdığı üçün müəllimlik sənətinə daha çox üstünlük verir. Müəllimələr yenicə doğulmuş körpələri və kiçikyaşlı uşaqları ilə evdə qala bilmək üçün bir neçə il icazə ala bilir və yenidən asanlıqla bu peşəyə qayıdır. Və iqtisadi durğunluq bir çox iş sahələrini darmadağın etsə də, dünyada işsizlik, ixtisar problemini ən az yaşayan peşə yiyələri müəllimələrdir.
Kolumbina Universiteti Müəllimlər Kollecinin rəhbəri Susan H. Fuhrman deyir ki, 10-dan 9-nun qadın olduğu ibtidai məktəb proqramlarında kişilərin olmaması təəccüblüdür: "Qadınlar başqa seçimləri olmadığı üçün bu peşəyə yönəldi və müəlliməlik qadınlarla çulğaşan, eyni zamanda ibtidai statuslu bir peşəyə çevrildi. Bu gün bu işin qadınlar tərəfindən dominasiya edilməsi həqiqi müəllimlik statusunun yüksəlməsinə mane olur".
Teksas Universiteti sosiologiya professoru Kristin Villiamsa görə, müəllim olan kişilər Amerikada yüksək vəzifələrə daha sürətlə transfer edə bilirlər. Teksasda məktəb müdirlərinin demək olar ki, yarısı kişidir. Villiams da azərbaycanlı pedaqoqlar kimi hesab edir ki, əgər təhsil işçiləri daha çox kişini siniflərə salmaq istəyirsə, bunun ən yaxşı yolu onlar üçün şərtləri və qazancı yaxşılaşdırmaqdır: "Bu, qadınlar üçün də müəllimlik peşəsinə pozitiv mənada təsir göstərəcək".

Ülviyyə Tahirqızı