Dövlət başçısını təbrik ediblər Hadisə

Dövlət başçısını təbrik ediblər

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə-Azərbaycan əlaqələri bölgəmizdə bənzərsiz sabitləşdirici amilə çevrilib"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Ərdoğanın məktubunda deyilir: "Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Liderliyiniz sayəsində Azərbaycan gələcəyə inamla baxan güclü və çiçəklənən ölkə olmaq yolunda sürətlə irəliləməkdədir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqazın yüksələn ulduzuna çevrilməsini böyük məmnunluqla müşahidə edirəm.
Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan əlaqələri bölgəmizdə bənzərsiz sabitləşdirici amilə çevrilib.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi 2015-ci il yanvarın 15-də ölkəmizdə qonaq qəbul etməkdən böyük şərəf duyacağımı bildirmək istəyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səfəriniz çərçivəsində keçirəcəyimiz dördüncü iclası əlaqələrimizi daha da irəli aparacaq. Bu münasibətlə Zati-aliləri əziz qardaşıma doğum günü münasibətilə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığının və rifahının davamlı olması üçün ən xoş arzularımı çatdırıram".
Azərbaycanın dövlət başçısına bir çox ölkələrin dövlət başçıları, siyasi və ictimai xadimləri də təbrik məktubu ünvanlayıblar. Ukrayna prezidenti Pyotr Poroşenko da Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. P. Poroşenkonun məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq".
Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyevin 53 yaşı tamam olub.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. Gələcək dövlət başçısı 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə qələbə qazanıb.
Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı var.