DİM: 5 ildə 2 milyon 936 mindən çox adam müxtəlif təyinatlı imtahanlarda iştirak edib Hadisə

DİM: 5 ildə 2 milyon 936 mindən çox adam müxtəlif təyinatlı imtahanlarda iştirak edib

“Dövlət İmtahan Mərkəzinin üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsi hər il yüz minlərlə insanın bu və ya digər şəkildə kütləvi proseslərə cəlb edilməsi ilə müşayiət olunur və Mərkəz tərəfindən bu kampaniyaların ən yüksək səviyyədə idarə olunması üçün lazımi addımlar atılır”.

Bu barədə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Mərkəzin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində bildirilib.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzinin yarandığı 2016-cı ildən indiyə qədər keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 2 milyon 936 min 294 nəfər iştirak edib.

DİM-in ötən 5 il ərzində təqdim etdiyi elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub. Bunlar dövlət qurumlarının icraatında olan elektron xidmət layihələri arasında ən çox istifadə olunan layihələr kimi qiymətləndirilir.

Bildirilib ki, 2017-ci ildən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən həm elektron, həm də ödənişli xidmətlərdən faydalanmaq istəyən hər bir istifadəçi (abituriyent, bakalavr, namizəd) şəxsi kabinetini yaradır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilir. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapır. Bu günə qədər şəxsi kabineti olan istifadəçi sayı 596 min 330, kabinetə daxilolma sayı isə 6 milyon 894 min 601-dir.