Ağdam çölündə qızaran şəhid köynəkləri - Etibar Cəbrayıloğlu yazır Hadisə

Ağdam çölündə qızaran şəhid köynəkləri - Etibar Cəbrayıloğlu yazır

Bu həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə QMİ Qazılar Şurasının üzvləri, Azərbaycandakı digər konfessiyaların təmsilçiləri Vətən müharibəsindən sonra erməni işğalından azad olunan Ağdama səfər etdilər.

30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzü nəticəsində xarabazara çevrilən şəhəri görmək, dini abidələrə, müqəddəs məkanlara qarşı törədilən vandalizmi yerində izləmək və dünya ictimaiyyətinin diqqətini bir daha bu vəhşiliyin nəticələrinə yönəltmək səfərin əsas məqsədi idi.

Müqəddəs məkandan müqəddəs məkana

Azərbaycanın Zəfəri ilə başa çatan Vətən müharibəsində xalq olaraq misilsiz həmrəylik nümayiş etdirdik. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə savaşın ilk günlərində müraciət edərək ölkəmizin haqq uğrunda mübarizədə qalib gələcəyinə inandığını bildirdi, xalqımızı birliyə səslədi: “... Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxıb. Vətən müharibəsi hər zaman ədalətli savaşdır... Otuz ildən artıq müddətdir davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır...

... Mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbiristanlılarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd göstərən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir...



... Biz din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsindən asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər...

... Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi işğal altında olan torpaqlarımızın Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə azad edilməsidir.

... Bir daha Azərbaycan xalqına müraciət edərək, Uca Allahın bizə əmanəti olan müqəddəs Vətən torpağının azad edilməsi, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, İnşallah! Amin”.

Şeyxülislam həzrətlərinin həmin tarixi bəyanatda səsləndirdiyi fikirlər kağız üzərində qalmadı, din xadimlərimiz tarixə “Dəmir yumruq” adı ilə düşən 44 günlük savaşda Ali Baş Komandanın, əsgər və zabitlərimiz döyüş meydanındakı şücaətlərinə dini-mənəvi sahədəki xidmətləri ilə dəstək oldular. Vətən müharibəsi zamanı canından keçərək şəhidlik məqamına ucalan 2 min 800-dən çox qəhrəmanın İslami qaydalara uyğun yuyulması, kəfənlənib dəfn edilməsi məhz din xadimlərimizin üzərinə düşüb. Hərbi əməliyyatlar davam edən 44 gün ərzində və sonrakı günlərdə Qazılar Şurasının üzvləri, imamlar, dindar könüllülər şəhid ailələrinə təskinlik verib, doğmalarını itirən insanlara maddi-mənəvi dayaq durub, səngərdə işğalçı qüvvələrlə üz-üzə dayanan oğullarımıza yardımlar aparıblar.



Erməni zülmündən azad edilən Ağdama yollanan din xadimləri arasında Azərbaycandakı konfessiyaların təmsilçilərinin olmasında da bir qanunauyğunluq var idi. Çünki ölkəmiz bütün dünyada multikulturalizmin və tolerantlığın mərkəzi kimi tanımaqdadır. Şeyxülislam həzrətlərinin yerli və beynəlxalq səviyyəli tədbirlərində Azərbaycandakı konfessiya rəhbərlərinin də iştirak etməsi xoş bir ənənə halını alıb. Birinci Qarabağ savaşında və Vətən müharibəsində digər səmavi dinlərə mənsub Azərbaycan vətəndaşları da vuruşublar, onların arasında qəhrəmancasına həlak olanlar da var.

44 gün davam edən savaşda ölkəmizin haqq işini müdafiə edən, dini və tarixi mədəniyyət abidələrinə qarşı Ermənistanın vandal hərəkətləri barədə faktları dünyaya yayan Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ölkəmizdəki Roma Katolik icmasının rəhbəri Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri icmasının başçısı Aleksandr Şarovski, Alban-udi icmasının rəhbəri Robert Mobili, ölkədəki Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Ağdama səfər edən din xadimlərinin sırasında idilər. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da bu tədbirdə geniş heyətlə təmsil olunurdu.

Hər qarışı uğrunda igid oğul və qızlarımızın qanı axıdılan, Birinci Qarabağ savaşında ən çox şəhid verən, ərazisində müxtəlif pir və ziyarətgahlar yerləşən və bu üzdən də torpağı müqəddəsləşən Ağdama səfər Bakıdakı müqəddəs məkanlardan birinin - Bibiheybət məscid-ziyarətgah kompleksinin önündən başladı.

“Allah Azərbaycan xalqının dualarını eşitdi”

Nümayəndə heyətinin ilk dayanacağı qədim Bərdə şəhərindəki Şəhidlər xiyabanı oldu. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Bərdəyə gələn din xadimlərini, dini konfessiya rəhbərlərini salamladı.

Vətənin ərazi bütövlüyü uğrunda canından keçən bərdəlilərin xatirəsi ehtiramla yad edildi, Qurani-Kərimdən ayələr tilavət olundu, ruhlarına dualar oxundu. Tarixi qələbəmizdə payı olan şəhidlərin məzarı önündə onların ailə üzvlərilə görüşən Şeyxülislam həzrətləri valideynlərə başsağlığı verdi, belə qəhrəman böyütdüklərinə görə minnətdarlığını bildirdi.

Sonra qonaqlar Bərdə şəhərindəki “Cümə” məscidini ziyarət etdilər, dualar oxudular.

Nümayəndə heyətinin avtomobil karvanı Ağdama yaxınlaşdıqca hamıda bir həyəcan hiss olunur. 30 ilə yaxın bir müddətdə erməni əsirliyində qalan doğma torpaqlara daha güclü və qalib xalqın övladı kimi dönmək fərqli bir hissdir.

Yolun hər iki tərəfində dağıdılan evlər, məzarlıqlar ermənilərin vəhşiliyinin, düşmənlərin qoyub qaçdıqı dərin səngərlər, müdafiə istehkamları, yararsız hala salınmış texnika Ordumuzun gücünün göstəricisidir. Yol boyu yeni açılan lalələr bu torpağın müdafiəsi üçün canını fəda edən şəhidlərin qanlı köynəyinə oxşayır. Ərazidə xidmət aparan Minatəmizləmə Agentliyinin əməkdaşları ilə tez-tez rastlaşırıq. Az qala hər addımda mina ilə bağlı xəbərdaredici lövhələr qoyulub.

Din xadimlərinin Ağdamda ilk ziyarət etdiyi məkan “İmarət” adlanan tarixi yer oldu. Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın, onun davamçıları İbrahimxəlil xanın və Mehdiqulu xanın qəbirüstü türbələri, xan qızı, şairə Xurşudbanu Natəvanın məzarı məhz burada yerləşir. Şeyxülislam həzrətləri və qonaqlar “İmarət”in düşmən tərəfindən viran qoyulmasını qətiyyətlə pislədilər, tarixi dəyəri olan ərazinin və buradakı dini-tarixi abidələrin tezliklə bərpa olunacağına əmin olduqlarını bildirdilər.

Nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırovla Əliabbas İsgəndərovun, eləcə də Xocalı faciəsi zamanı qətlə yetirilən ailənin məzarlarını ziyarət etdilər, ruhlarına dualar oxudular.

Sonra qonaqlar Ağdam şəhərinin mərkəzindəki “Cümə” məscidinə gəldilər. Qarabağ memarlığının nadir incilərindən sayılan bu dini abidə 1868-1870-ci illərdə məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Rayon işğal edildikdən sonra bu məscid də ermənilərin vandalizminə məruz qalıb, tavanı bir neçə yerdən dağıdılıb, yandırılıb. İşğalçılar uzun illər bu məsciddən donuz tövləsi kimi istifadə etməklə xalqımızın dini, milli hisslərini təhqir ediblər.



Qonaqlar məscidin indiki vəziyyəti ilə yaxından tanış oldular. 1993-cü ildən sonra ilk dəfə Ağdam “Cümə” məscidinin minarələrindən azan verildi və Şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə namaz qılındı. Quran tilavət olundu, dövlətimizin daha da qüdrətlənməsi üçün və şəhidlərimizin ruhuna dualar oxundu.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə din xadimləri qarşısında çıxış etdi: “Allaha şükürlər olsun ki, uzun illərdən sonra Ağdama gəlmək, “Cümə” məscidini ziyarət etmək, azan səsini eşitmək və bu tarixi məsciddə namaz qılmaq bizə nəsib oldu. Əlbəttə, bu Müzəffər Ali Baş Komandanımız, qüdrətli ordumuz və tarixi qələbəmiz sayəsindədir. Vətən müharibəsindəki qələbəmiz sayəsində ərazilərimiz, məscid və ziyarətgahlarımız, digər dini abidələrimiz erməni işğalından azad edildi. Qələbə asan başa gəlmədi, bu yolda şəhidlər verdik. Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızı hər zaman ehtiramla anırıq. Biz böyük nemət olan qələbənin, dövlətimizin qədrini bilməliyik. 44 günlük müharibə günlərində dövlətimizin, onun rəhbəri İlham Əliyevin həm daxildə, həm də xaricdə necə böyük işlər gördüyünün şahidi olduq. O cümlədən də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Ali Baş Komandanla yanaşı addımladığını, azad olunan rayonlarımıza birlikdə səfər etdiyini, şəhid ailələrinə, yaralı əsgərlərimizə necə diqqətlə yanaşdığını görürük.

Dövlətin atdığı addımlar, xalqımızın mübarizə əzmi bizi qələbəyə yaxınlaşdırdı. Qurani-Kərimdə buyurulduğu kimi, imtahana çəkildik və şükürlər olsun ki, dövlət və xalq olaraq bu sınaqdan üzü ağ çıxdıq.

Biz bu gün Ağdama digər dinlərdən olan qardaşlarımızla birlikdə gəlmişik. Onlar da yol boyu erməni ekstremistlərinin insanlığa yaraşmayan hərəkətlərinin şahidi oldular. Hər yer - evlər, məscidlər, qəbiristanlıqar dağdılıb, hər tərəf minalanıb. Belə hərəkətlərin özü də terror əməlidir. Allah-Təala yer üzünü dinindən, dilindən asılı olmayaraq bütün insanlar üçün yaradıb. Ona görə yaradıb ki, insanlar bu torpaqları əkib-becərsinlər, nemətlərindən faydalansınlar. Amma erməni ekstremistləri hər tərəfi minalayaraq bizi bu nemətlərdən məhrum ediblər. Əgər İsa peyğəmbər bu hərəkətləri görsəydi ermənləri qınayardı. Çünki onların törətdikləri vəhşiliklər nə insanlığa, nə də dinə sığır. Mən yaxın günlərdə yəqin ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk həzrətlərinə müraciət hazırlayıb göndərəcəm, həmin məktubda Qarabağda işğalçıların basdırdıqları minaların insanlar üçün necə böyük bir bəla olduğunu bir daha diqqətə çatdıracam və bu problemin həllinə yardımçı olmağı ondan xahiş edəcəm.

Vətən müharibəsi günlərində Qafqaz Müsəlmanları İdarəsi gecə-gündüz bilmədən çalışaraq erməni faşizmi barədə dünya ictimaiyyətinə, dini liderlərə müraciətlər edirdik, Azərbaycanın haqq işi uğrunda savaşa qalxdığını bildirirdik. Muraciətlərimiz cavabsız qalmadı, dünyanın tanınmış din xadimləri, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, görkəmli elm və din xadimləri ölkəmizin haqlı mövqeyini dəstəkləyən bəyanatlar verdilər.

Mən bu gün burada olan Qazılarımıza, din xadimlərimizə minnətdarlığımı bildirirəm, çünki savaş günlərində çox mühüm işlər gördünüz. Əgər dövlət başçımız öz diplomatik bacarığı, ordumuz öz silah-sursati ilə döyüşürdüsə din xadimlərimiz də mənəvi sahənin keşiyində idi. Ruhanilərimiz, dindarlarımız hər gün efirdə, sosial şəbəkələrdə görünməsələr də dövlət rəhbərimiz də, mən də yaxşı bilirəm ki, arxa cəbhədə necə fədakarlıq etmisiniz. Şəhidlərimizi dini qaydalara uyğun yuyulub dəfn edilməsi, onların ailələrinə təskinlik verilməsi sizin üzərinizə düşdü. Dünyada ən ağır işlərdən biri də şəhid olan övladın nəşini onun anasına təhvil verməkdir. Qazilərimiz hər gün bu ağır işi görməli olurdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Sonra digər konfessiyaların rəhbərləri məsciddə din xadimləri qarşısında çıxış edərək ermənilərin məscid və məbədlərə qarşı insanlığa sığmayan hərəkətlərini qətiyyətlə pislədilər, şəhidlərin ruhuna dualar oxudular.

Şeyxülislam həzrətlərinin və konfessiya rəhbərlərinin iştiraki ilə “Cümə” məscidinin həyətində mətbuat konfransı keçirildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə uzun illik fasilədən sonra Ağdamda olmasından fəxarət duyduğunu vurğulasa da burada gördüyü mənzərəni ürək ağrısı ilə qarşıladığnı bildirdi: “Vətən müharibəsindəki qələbəmizdən sonra ilk dəfədir ki, din xadimləri dilbər guşəmiz Qarabağın ən böyük şəhərlərindən olan Ağdama gəlib. Mən 1975-ci ildən Ağdama tez-tez səfər edirdim, çünki sovet dövründə çox az sayda məscidimiz fəaliyyət göstərirdi. Onlardan biri də bu gün namaz qıldığımız “Cümə” məscididir, o zaman Hacı Barat Bağırovu bu məscidə axund kimi gətirib təqdim etmişdim və rəhmətlik Hacı Baratın həm Birinci Qarabağ, həm də Vətən müharibəsi zamanı bir din xadimi kimi əziyyəti çox oldu. Təəssüf ki, bu gün bizimlə birgə burda namaz qılmaq Hacı Barata nəsib olmadı, Ağdam işğaldan azad edildikdən sonra rəhmətə getdi.



Ağdamı bu gün belə bir vəziyyətə görəndə ürəyim ağrıdı. Amma inanıram ki, dövlətimiz bu şəhəri və erməni işğalından azad olunan ərazilərilərimizi inşallah bərpa edəcək. Düşmən əsarətindən geri alınan bütün məscidlərimizdən tezliklə azan səsləri eşidiləcək.

Bayaq namazdan sonrakı çıxışımda da qeyd etdiyim kimi, din xadimlərimizin Vətən müharibəsi fəaliyyəti əsl fədakarlıqdır, onlar heç kimdən heç nə gözləmədən öz vəzifələrini layiqincə yerinə yetirdilər. Qafqaz Müsəlmanları İdərəsində bununla bağlı mərkəz yaratmışdıq və bütün bu işlər həmin mərkəzdən idarə olunurdu. Vətən yolunda canından keçən hər bir şəhid barədə məlumatımız var idi. Şəhidlər şəri qaydalara uyğun yuyulurdu, əzaları yerində deyilsə yerinə tikilirdi, kəfənlənirdi, namazı qılınırdı, doğulduğu rayona yola salınıb ailələrinə təhvil verilirdi, dəfn edilirdi. Bütün bu proseslərdə Qazılarımız, din xadimlərimiz, könüllü dindarlar iştirak edib. Övlad itirən ailələrlə söhbət aparılırdı, şəhadətin məqamı onlara izah olunurdu. Ona görə bu günə kimi heç bir şəhid ailəsi şikayət etməyib, onlar bilirdilər ki, Vətən yolunda şəhid olmaq böyük nemətdir. Elə analar gördük ki, onlar üzlərini övladlarının cənazəsinə tutub “Oğlum, səni təbrik edirəm, sən şəhidlik məqamına yüksəldin, südüm sənə halal olsun”,- deyirdi. Din xadimlərimiz 44 günlük savaşda arxa cəbhənin qəhrəmanları olublar, mərmi yağışı altında olsalar da öz vəzifələrini yerinə yetiriblər”.



Azərbaycandakı Katolik İcmasının başçısı Vladimir Fekete bu səfər zamanı gördükləri barədə dünya ictimaiyyətinə məlumat verilməsinin zəruriliyini qeyd etdi: “Azad olunan Ağdamda şəhidlərin ruhuna birgə dualar etdik. Bu şəraiti bizə yaratdığına görə Şeyxülislam həzrətlərinə minnətdarlığımı bildirirəm. Biz din xadimlərinin missiyası dua etmək, insanları nəcib işlərə səsləməkdir. Burada gördüyümüz dağıntılar haqqında dünya ictimaiyyətinə məlumat vermək lazımdır. İnanıram ki, Azərbaycan dövləti, onun rəhbəri və xalqının birgə əməyi bu əraziləri yenidən əvvəkli vəziyyətinə gətirəcək, insanlar doğma yurdlarına dönəcək”.

Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Ağdamı Qafqazın Xerosiması adlandırdı: “Bütün səmavi dinlər təcavüzü pisləyir və buyurur ki, kimsənin qisası kimsədə qalmaz. Yolboyu gördüklərim məni dəhşətə gətirdi, Ağdam Qafqazın Xerosimasıdır. Çünki hər şey məhv edilib, vəhşicəsinə talan olunub. Bura vandalizmin baş verdiyi, zülmün ərşə çəkildiyi bir şəhərdir. Azərbaycan xalqının “Dəmir yumruq” əməliyyatındakı qalibiyyəti ədalətin qələbəsidir. Azərbaycandakı yəhudilərin də bu şanlı qələbədə payı və sevinci var. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.

Ölkəmizdəki Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski səfər barədə təəssüratlarını bölüşdü: “Mən Ağdama dəfələrlə gəlmişəm, şəhərin axar-baxarlı günlərini çox görmüşəm. Bu dəfə Şeyx həzrətlərinin dəvəti ilə gəldim və gördüklərimdən sarsıldım. Görün erməni faşistləri vətənimizi nə günə qoyublar. Binaları, evləri dövlətimiz tezliklə bərpa edəcək, amma təəssüf ki, övladını, əzizlərini itirən insanların qəlb ağrılarını sağaltmaq asan olmayacaq. Müxtəlif dinləri təmsil edənlər bu gün məsciddə dualar etdik, şəhidləri ehtiramla andıq. Mən buradan erməni vandallarını lənətləyirəm”.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi Konstantin ata səfəri tarixi bir hadisə adlandırdı: “Ermənilər Azərbaycan xalqına, onun mədəniyyətinə qarşı vandalizm aktı törədiblər. Amma Azərbaycan xalqı heç bir pisliyə, zülmə əl atmadı, sadəcə dua etdi və Allah bu xalqın dualarını eşitdi. Bu gün işğaldan azad edilən məsciddə müxtəlif dinlərə inanan insanlar birgə dua etdilər, Şeyxülislam həzrətləri namaz qıldı. Mən qardaşım Allahşükür Paşazadənin əlini sıxıram ki, bizim də dualarımız Yaradana yetişsin. Bu xalq daha heç vaxt zülmlə, işğala məruz qalmasın”.



Azərbaycandakı Alban-udi İcmasının başçısı Robert Mobili işğal olunmuş ərazilərin hər qarışında erməni vəhşiliyinin izlərinin olduğunu dedi: “Ordumuzun azad etdiyi bir neçə rayonda olmuşam, bu gün də Şeyx həzrətlərinin dəvəti ilə Ağdama gəldim. Hər yerdə erməni vəhşiliyinin izlərini görmək olur. Erməni faşistləri təkcə məscidləri dağıtmayıblar, Xudavəngdə, Ağoğlanda da saxtakarlıq ediblər. Ermənilər hər yerdə deyirlər ki, azərbaycan xalqı ilə birgə yaşamaq mümkün deyi. Amma bura multikultural dəyərlərə önəm verən bir məkandır, bu gün müxtəlif dinlərin insanları məsciddə birgə dualar etməklə ermənilərin daha bir yalanını ifşa etdilər. Allah bu gün etdiyimiz duaları qəbul etsin”.

Aşgenazi Yəhudiləri İcmasının baş ravvini Şneor Saqal şəhidlərini ruhunu ehtiramla yad etdi, dualar oxudu: “Bu ərazilər uzun illər işğal altında qalsa da görünür ki, yaşayış olmayıb, hər yan xarabazara çevrlib. Amma Azərbaycan xalqı ərazilərə dönməyə özündə güc-qüvvə tapdı. Bu gün məsciddə müxtəlif dinlərə mənsub dualar səsləndi. Qoy dualarımız eşidilsin, bu torpaqlarda daimi sülh olsun, Vətən yolunda həyatından keçən insanların ruhları dinclik tapsın”.

Nümayəndə heyətinin üzvləri erməni vandalizminə məruz qalan Ağdamın Qiyaslı kənd məscidini də ziyarət etdilər.

Səfərin sonuncu dayanacağı Yevlax şəhəri oldu. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev Şeyxülislam həzrətlərinin rəhbərlik etdiyi nümayəndə heyətini salamladı, din xadimlərinin səfərini mühüm hadisə adlandırdı. Qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdilər, Vətən yolunda canından keçən qəhrəmanların xatirəsi ehtiramla anıldı, Qurani-Kərim tilavət olundu, dualar oxundu. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və konfessiya rəhbərləri bir qrup şəhid ailəsi ilə görüşdü. Vətənə layiqli övlad yetişdirdikləri üçün onlara minnətdarlıq olundu.

Həmin gün din xadimlərinin səfəri başa çatdı.

Etibar CƏBRAYILOĞLU