Nazir: "Hər il peşə təhsilinə 30 faizdən daha çox tələbə gəlmək istəyir" Hadisə

Nazir: "Hər il peşə təhsilinə 30 faizdən daha çox tələbə gəlmək istəyir"

“Peşə təhsili Azərbaycanda uzun müddət ikinci dərəcəli təhsil kimi qəbul olunub. Amma dünyada belə deyil”.

APA-nın məlumatına görə, bunu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan "Məzun günü" tədbirində təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, son dövrdə ən böyük dəyişiklik yüksək peşə ixtisas təhsilini bitirənlərin imtahan vermədən birbaşa ali təhsil müəssisəsinə qəbul ola bilməsidir. Bu da peşə təhsilinə böyük maraq yaradacaq: “Hər il peşə təhsilinə 30 faizdən daha çox tələbə gəlmək istəyir. Ən vacib məsələ məzun olanların iş tapmasıdır. Bu peşə məktəbinin məzunlarının 42 faizi təhsili bitirəndən sonra iş tapa bilir. Bir çox kəndlərdə peşə təhsil mərkəzləri yoxdur, elə kəndlər var ki, ən yaxın peşə mərkəzi bir neçə kilometr məsafədədir. Bu səbəbdən bəzi məktəblərdə peşə təmayüllü siniflər təşkil edirik, yəni 9-cu sinfi bitirən şagird 10-11-ci sinifləri peşə sahəsi üzrə təhsil alır. Bu il 35 məktəbdə bu cür təhsil təmayüllü sinif var, gələn ildən onların sayının 60-a çatdırılması nəzərdə tutulur”.