“Materiallar müharibədə ələ keçirilib və fondumza hədiyyə edilib” Hadisə
Şəfa Mövsümov: “Vətən Müharibəsi Fondunda Azərbaycan ərazilərinə atılmış qadağan sursatların müxtəlif hissələri də var”
Artıq yarımildən çoxdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu fəaliyyət göstərir. Fondun yaranm zərurəti, orada toplanan materiallar və digər məsələlərlə bağlı “Xalq Cəbhəsi”nin suallarını Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov cavablandırdı...
- Bildiyiniz kimi, 2020-ci ilin payızında 44 günlük müharibə kimi tariximizə daxil olmuş Vətən müharibəsində xalqımız və Ali baş komandanımız rəşadətli ordumuza güvənərək işğalda qalan torpaqlarımızın azad edilməsinə başladı. Bu savaşda torpaqlarımızın azad edilməsi uğrunda şəhidlər verdik və xeyli sayda yaralananlarımız da oldu. Biz, Milli Azərbaycan Tarixi Muzeyi olaraq müharibədə şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş sərgi keçirmək qərarına gəldik. Bu münasibətlə şəhidlərimizə məxsus materialların toplanmasına başladıq. Materialların çoxluğunu nəzərə alan muzeyin rəhbərliyi və Elmi Şurası bunların əsasında cari ilin ilk ayında yeni fondun yaradılması haqqında olduqca doğru bir qərar qəbul etdi.
-Əsas məqsəd və hədəflər nədir?
-Əsas məqsəd Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizə məxsus əşyalar, sənədlər və materiallar əsasında sərgilərin təşkili, həmin materialların daimi mühafizəsi, onların elmi tədqiqat proseslərinə cəlb edilməsi və digər nəşrlərin hazırlanmasıdır. Fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkündür. Bundan başqa muzeyimizə gələn yerli və xarici ziyarətçilər şəhidlərimizə və Vətən müharibəsinə həsr olunmuş sərgini ziyarət etməsi də fondun materiallarının əhəmiyyətini göstərir.
-Vətən Müharibəsi Fonduna daxil olan materiallar barədə nə deyə bilərsiz?
-Fonda Birinci Qarabağ savaşı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidləri, 2020-ci il iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olanlar və 44 günlük Vətən müharibəsində canlarından keçmiş 200-dən artıq şəhidin materialı daxil edilib və bu proses hər gün davam etməkdədir. Bundan başqa fondumuzda Azərbaycanın müxtəlif güc qurumlarına məxsus ideoloji vəsaitlər və nümunəvi geyim formaları da daxil edilib. (Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.)
-Fondda Azərbaycanın Milli Qəhrəmanlarından kimlərin materialları yer alıb?
-Milli qəhrəmanlarımızdan Allahverdi Bağırov, Çingiz Qurbanov, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və polkovnik Şükür Həmidova məxsus materaillar var.
-Fond materialları əsasında təşkil edilən sərgi barədə fikrinizi bilmək istərdik...
-Hazırda Milli Azərbaycan Tarixi Muzeyində sərgilərin təşkili şöbəsi tərəfindən həyata keçirilən “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi fəaliyyət göstərir. Sərgi barədə saytlara və televiziyalara müsahibələr verilib. Hər gün şəhid ailələri və ictimaiyyətimiz karantin qaydalarını gözləməklə sərgini mütəmadi ziyarətə gəlirlər. Sərgidə 600-ə yaxın eksponat - şəxsi əşyalar, hərbi geyim, şəhid olmuş Azərbaycan hərbçilərinin fotoları və sənədləri nümayiş olunur. 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib.
-Hərbi qənimətlər fonda haradan daxil olur?
-Bu materiallar Dövlət Təhlükəsizliyi Xidmət və Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələri tərəfindən 44 günlük müharibədə ələ keçirilib və fondumza hədiyyə edilib. Fondda həmçinin Azərbaycan ərazilərinə atılmış qadağan olunmuş silahlar və sursatların müxtəlif hissələri də var. Həmin materiallar ANAMA tərəfindən zərərsizləşdirilərək bizə təqdim edilib.
-Hazırda mövcud eksponatların sayı nə qədərdir?
-Hazırda 200-ə qədər şəhidimizə məxsus material fondumuza daxil olub. 800-dən artıq material qeydiyyata alınaraq inventarlaşdırılıb. Vətən Müharibəsi Fondu yeni təsis edildiyi üçün hər gün inventarlaşdırma prosesi davam edir.
-Əsasən hansı materiallar daxil olur?
-Bizim fonda şəhidlərimizin hərbi formaları (baş geyimindən tutmuş hərbi çəkmələrinə qədər), almış olduqları fəxri fərmanların, təşəkkürnamələrin, orden-medalların və diplomların rəngli surətləri, eləcə də, şəxsi əşyaları (saat, qolbaq, kompas, alışqan, təsbeh, pulqabı və s) şəhidlərimizin yaxınları tərəfindən birdəfəlik təhvil verilir. Fonda daxil olan materialllar arasında şəhidlərimizin hərbi təhsil və təlim illərini əks etdirən fotolarla yanaşı döyüş yoluna aid fotolar da yer alıb. Bu materialalrın hər biri olduqca dəyərli eksponatlardır və sərgilərdə nümayiş etdirələcək.
-Materialların qorunması necə həyata keçirilir?
-Hərbi geyimlər ayrıca geyim dolablarından asılır. Fotoşəkillər və sənədlər isə qovluqlarda mühafizə edilir. Bundan başqa fondun materialları inventarlaşdırılır və qeydiyyat kitabına salınır. Bununla da həmin materiallar daimi mühafizəyə təqdim edilir.
-Fond materialları elmi baxımdan nə qədər əhəmiyyətlidir?
-Artıq fond materialları əsasında bir beynəlxalq konfransda məruzə edilib. Bundan başqa, fonddakı materiallar Vətən müharibəsi tarixinin tədqiqi ilə məşğul olan tarixçilər, jurnalistlər və digər tədqiqatçılar üçün çox dəyərli mənbədir. Həmin sənədlər və materiallar əsasında hazırlanacaq kitablar və kataloqlar Vətən müharibəsinin tarixşünaslığı baxımdan xüsusi elmi əhəmiyyətli olacaq. Bundan başqa fondun materialları əsasında müxtəlif mövzularda təqdimatların hazırlanmasında istifadə olunacaq. Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış Vətən Müharibəsi Fondunun materiallarının elmi-tədqiqatlara cəlb etməklə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsinin araşdırılması və vətənpərvərlik baxımından özünəməxsus rol oynayacaq.
Onu da nəzərinizə çatdırım ki, fond materiallarını işləyərkən keçirdiyimiz hisslər çox kədərlidir. Hər eksponat torpağımız uğrunda şəhid olan həmvətənlərimizin ruhunu daşıyır. Bununla belə, biz onları gələcək nəsillər üçün qorumalıyıq və təbliğ etməliyik.
-Fond materiallarını necə görmək olar? Bunlar ödənişlidirmi?
-Vətən müharibəsi fonduna daxil olan materiallar hazırda davam edən muzeyimizin sərgi zalında “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgimizdə nümayiş edilir. Sərgi geniş ictimaiyyət üçün ödənişsiz fəaliyyət göstərir.
Yeri gəlmişkən fəaliyyətimizi işıqlandırdığınız üçün sizə təşəkkür edirik. Şəhidlərimizin əziz xatirəsini hörmətlə yad etmək və onu daim təbliğ etmək bizim müqəddəs borcumuzdur.
Əli Zülfüqaroğlu