Karbohidrogenlərin çıxarılmasında innovativ texnologiyalar Hadisə

Karbohidrogenlərin çıxarılmasında innovativ texnologiyalar

Bu istiqamətdə tədqiqatlar aparılıb

Tərlan

AMEA Rəyasət Heyətinin dünənki iclasında Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Geylani Pənahov "Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalar" mövzusunda məruzə ilə çıxış edib. AMEA-nın məlumatına əsasən, o, laylarda qalıq neftlərin çıxarılması ilə əlaqədar mövcud texnologiyalardan söz açaraq, neftqazçıxarma sənayesində bu sahədə yaranan bir sıra çətinliklərin həlli yollarını əsaslandırdı, şöbədə innovasiyalı texnologiyaların yaradılması istiqamətində görülmüş digər mühum işlər, yerinə yetirilmiş 6 qrant layihəsi və alınmış 60-dan çox patent barədə məlumatları diqqətə çatdırıb.
Məruzəçi bildirib ki, lay daxilində qaz əmələgətirməyə həsr olunan yeni texnologiyanın yaradılması geniş müzakirə olunmuş, aparılan tədqiqat işləri müvafiq laboratoriyalarda yerinə yetirilmişdir. Laboratoriya tədqiqatlarının bilavasitə istehsalatla əlaqələndirilməsi və bu istiqamətdə yeni texnoloji işləmələrin həyata keçirilməsi, bunlara ixtira patentlərinin alınması və tətbiq coğrafiyası açıqlanmışdır. Qeyd etdi ki, bu texnologiya Rusiya Federasiyasının Samotlor (TNŞ), Novo-Pokursk (Slavneft), Vatyeqan (LUKOIL), Orenburq (Qazpromneft) neft şirkətlərinin yataqlarında, Çin Xalq Respublikasının quruda və dənizdə neftqazçıxarma sahələrində bir sıra texnoloji proseslərin tənzimlənməsində müvəffəqiyyətlə tətbiq olunmuşdur. Laydaxili karbon qazı əmələ gətirməklə neftveriminin artırılması məqsədilə yaradılmış texnologiya ABŞ-ın Energetika Departamenti tərəfindən verilən qrant çərçivəsində Oklahoma Ştatında, Maskoqi yatağında tətbiq edilmişdir.
Tədqiqatlar nəticəsində reofiziki parametrləri tənzimlənən kompozit tərkiblər, onların müxtəlif modifikasiyaları yaradılmış və quyularda qazma, sementləmə və istismar proseslərində yaranan problemlərin aradan qaldırılmasının təmin еdilməsi göstərilmişdir. Bu işlər ABŞ-ın Meksika körfəzində, RF-in Almetyevsk, Qərbi Sibirdə və s. müxtəlif proseslər zamanı müvəffəqiyyətlə həyata keçirilib.