Heydər Əliyev ideyalarına sədaqətli, İlham Əliyev siyasətinin daşıyıcısı olan Azərbaycan gəncliyi Hadisə
1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə başçısı Prezidenti İham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bir sözlə dövlət başçısı daim öz gənclərinnin yanındadır və hər an onlara inanır.
Bunun bariz nümunəsini bir daha cənab Prezidentin2 Fevral Gənclər gününün 25-ci ildönümü ilə əlaqədar keçirilən gənclərlə görüşündə çıxışı və verilən suallara cavabı zamanı gördük.
Gənclər qarşısında çıxışı edən dövlət başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər günü təsis ediləndən bu günədək gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub. O gündən bu günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı.
Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edirdilər.Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşırdı.
Çünki, Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdı. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi. Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Biz bu gün keçmişə nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi.Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır.
Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.
Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.
Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Əvvəlcədən hazırlanmış əməliyyat planı əsasında. Şuşadan əvvəl Daşaltı götürülməli idi. Daşaltı götürüləndə əminlik daha da artdı. Hadrutdan sonra Azərbaycan Ordusu Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdi. Şuşanın götürülməsi çox çətin məsələ idi. Orada ermənilər tərəfindən böyük istehkamlar qurulmuşdu, bu səbəbdən artilleriya və zirehli texnikanı Şuşaya aparmaq mümkün deyildi.
Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Şuşa bir müqəddəs rəmz idi. Şuşanın təbii gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, havası və s. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var.
Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı.
Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə də çox fəal oldular. Müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır.
Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.
Tədbirdə canlarını torpaq yolunda, Vətən yolunda vermiş şəhidlərimizin ailələrin, qazilərimizə olan dövlət qayğısından da ətraflı danışdı.
Şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqram icra edilir. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Yeddi mindən çox minik avtomaşını dövlət tərəfindən paylanılıb. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ müharibəsi əlili və şəhid ailələrinə mənzillər verilib: 850 Birinci, 750 İkinci Qarabağ müharibələri iştirakçılarına. Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək. Doxsana yaxın Vətən müharibəsi qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib
Əlini, qolunu, ayağını itirmiş hərbçilərə protezlər quraşdırılır. Protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var. Dövlət imkan daxilində bu işləri görəcəkdir. Dövlətin imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır.
İndi Qarabağın və Zəngəzurun mədəni həyatının dirçəldilməsi istiqamətində önəmli addımlar atılmalıdır. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bunun gözəl nümunəsidir. Azad edilmiş torpaqlarda rəssamlıq müsabiqələrini keçirmək təklifi Operativ Qərargaha təklif olunub. Dünyanın müxtəlif yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək. Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır. Çünki bu dağıntılar bir azdan sonra olmayacaq.
Azad edilmiş torpaqlarda fəsadlar çox böyükdür və ermənilər şüurlu şəkildə bizim təbiətimizə qəsd ediblər. Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Meşə fondumuz məhv edilib. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi. 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb. Avropada öz əhəmiyyətinə görə ikinci hesab olunan Bəsitçay Təbii Qoruğu məhv olunub.
Biz tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Mən Prezident kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.
Dövlət başçısı çıxışı zamanı bu gün gəncləri pis vərdişlərdən, düşmən qüvvələein təsiri altına düşmək təhlükəsindən, onları qorumaqdan da geniş danışdı. Biz bütün meydanlarda vuruşmuşuq və qalib gəlmişik. Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul ola bilər. Bu çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək.
Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir.
Tədbirin sonunda cənab Prezident gənclərin suallarına cavab verdi. Verilən suallardan bir daha aydın oldu ki, Azərbaycan gənci hər an öz vətəninin, ölkəsinin inkişafı üçün həmişə hazırdır və onu işıqlı gələcəyə aparan böyük liderinin yanındadır.
Könül Telmanqızı
Psixoloq