Moskvada Azərbaycan dizaynerlərinin əl işləri nümayiş etdirilib Mədəniyyət

Moskvada Azərbaycan dizaynerlərinin əl işləri nümayiş etdirilib

Moskvada ənənəvi “Novruz AMOR” tədbirləri çərçivəsində “ETNO FEŞN AMOR” gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) ənənəvi olaraq Novruz bayramı ərəfəsində silsilə tədbirlər təşkil edir. Martın 15-də Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər, Moskva şəhəri ictimaiyyətinin nümayəndələri ölkəmizin tanınmış, eləcə də gənc və istedadlı dizaynerlərinin əl işlərinin nümayişinə toplaşıblar.

RAGB-nin sədri Ceyhun Hüseynov gecəni açaraq bildirib ki, hazırda birliyin fəxri sədri olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə yaradılmış RAGB Azərbaycan tarixinin və mədəniyyətinin Rusiyada təbliğinə xüsusi diqqət yetirir. Ceyhun Hüseynov qeyd edib ki, elə bu gün təşkil olunmuş gecənin qonaqlarına da Azərbaycan tarixi, Novruz bayramı rəmzləri haqqında məlumat veriləcək, müasir dizaynerlərimizin milli ornamentlər əsasında hazırlanmış əl işləri nümayiş etdiriləcək, milli musiqilərimizdən, o cümlədən Azərbaycan muğamından ibarət konsert proqramı təqdim olunacaq.

Moskva şəhəri Şərq İnzibati Dairəsinin Mədəniyyət Mərkəzləri Birliyinin baş direktoru Aleksandr Moskalyov Rusiya və Azərbaycan xalqlarının tarixi dostluq münasibətlərindən danışaraq, xalqlarımızın bir-birinin tarixi, mədəniyyəti, məişəti barədə daha çox məlumat əldə etməsinin vacibliyini vurğulayıb, bu baxımdan, “ETNO FEŞN AMOR” gecəsinin əhəmiyyətini diqqətə çatdırıb.

A.Moskalyov qeyd edib ki, Moskvadakı Etnoqrafiya Kitabxanasında Azərbaycan aylığı keçiriləcək, Azərbaycan barədə mühazirələr, tematik gecələr təşkil olunacaq.

RAGB-nin Novruz gecəsi Azərbaycan dizaynerləri Həmidə Məlikova, Nərgiz Şahbazi, Aliyə Əliyeva, Fatimə Allahverdiyeva, Natəvan Əliyevanın bahar əhval-ruhiyyəli, Novruz ornamentli geyim kolleksiyalarının nümayişi ilə davam edib.

Elman Həsənlinin rəhbərliyi ilə “ButaTrio”, müğənni Sultan və başqalarının ifasında Azərbaycan muğamları və bəstəkarlarımızın əsərləri gecəyə xüsusi şövq verib.