İçərişəhərdə “Bayram qalası” günləri başlayıb Mədəniyyət

İçərişəhərdə “Bayram qalası” günləri başlayıb

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, bayram günlərində yerli sakinlərin, həmçinin ziyarətçilərin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə martın 19-da İçərişəhərdə “Bayram qalası” günlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, bayram şənliyiQoşa Qala meydanında quraşdırılan səhnədə konsert proqramı ilə başlayıb.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilib. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə qatılan insanların əhval-ruhiyyəsini daha da artırıb.

“Bayram qalası” günləri martın 26-dək davam edəcək. Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.