Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatıb Mədəniyyət

Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsində iştirak üçün müxtəlif şəhər və rayonlardan ümumilikdə 26 min 768 nəfər qeydiyyatdan keçib. İştirakçıların qeydiyyatı fevralın 20 –dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılıb.

21 nominasiya üzrə nəzərdə tutulan festival həm peşəkar, həm də həvəskar kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

Üç mərhələdə nəzərdə tutulan festivalın birinci mərhələsi 2023-cü ilin aprel-iyun ayında keçirilir. Bu mərhələdə qalib olmuş iştirakçılar festivalın ikinci mərhələsində iştirak etmək hüququ qazanırlar. Festivalın ikinci mərhələsi iyun-avqust ayında reallaşacaq. Bu mərhələdə qalib olmuş iştirakçılar final mərhələsində iştirak hüququ əldə edirlər. Festivalın final mərhələsi Bakı şəhərində 2023-cü ilin sentyabr ayında keçiriləcək. Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Qeyd edək ki, festivalın əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Festivalın əsas vəzifələri uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.