Azərbaycan həqiqətləri erməni ədəbi mənbələrində Mədəniyyət

Azərbaycan həqiqətləri erməni ədəbi mənbələrində

IV yazı

A.Karinyan – Erm. EA həqiqi üzvü: "Çarizmin, millətçiliyin, dini fanatizmin hakimiyyəti günlərində ruhdan düşməmək və əzilməmək üçün doğrudan da tükənməz iradəyə və enerjiyə malik olmaq lazım idi. Sabir kimi mütəfəkkirlərə və ziyalı xadimlərə tək qalmış "cəngavər" və "dəli" adı verilir, onlara gülür və zülm edirdilər. Budur, belə bir qaranlıq mühitdə şair mətanətini itirmir və qüvvətli ictimai əhvali-ruhiyyə ilə yoğrulmuş poeziyasında xalqların ən geniş təbəqələrinin inqilabi meyillərini və arzularını ifadə edir… Sabirin tərcümeyi-halı göstərir ki, o, hakimiyyət başında olanların zülmünü görən bir şair, üsyankar və mübariz vətəndaş bir şair idi. Onun əsərlərinin hər bir misrasında ictimai şikayət və nifrət motivi çox aydın eşidilir". A.Karinyan. Sabir haqqında iki söz. "Xorhurdayin qroğ" (Sovet yazıçısı) jurnalı, Bakı, 1937, №1-2.
Qurgen Boryan – şair: "Sabiri mən Azərbaycan dilində oxumamışam. Mən onu əvvəlcə rus, sonra isə doğma erməni dilində oxuyub tanımışam. Lakin necə deyərlər, yaxşı şairlər tərcümə zamanı uduzurlar. Burada əlbəttə, bir az həqiqət var. Canlı həyəcanlar, intonasiyalar, şeirin xüsusi quruluşu, nəhayət, doğma dilin əlçatmaz rayihəsi hətta ən əla tərcümə zamanı müəyyən qədər itir. Lakin bu da doğrudur ki, həqiqi şairi hətta o qədər də müvəffəq olmayan tərcümə zamanı da yeddi dağın arxasından tanımaq olar. Həqiqi poeziyanın nəfəsini və sənətkarın hərarətli qəlbinin döyüntülərini duyarkən laqeyd qalmaq olmaz". Q.Boryan. Azərbaycan xalqının fəxri, "Qrakan tert" 1.VI. 1962, №22.
"Bizi Sabirdən yarım əsrdən artıq bir müddət ayırır. Lakin zaman Azərbaycan xalqının böyük nəğməkarının xeyrinə işləmişdir. İllər ötdükcə Sabir bizə daha yaxın, daha doğma olub və bu gün o, öz qəlb və zəka zənginliyinin bütün rəngarəngliyi ilə həmişəkindən daha çox parlayır. Öz həmvətənləri tərəfindən ümumxalq şərəfi və məhəbbəti ilə əhatə olunmuş Sabir nəinki yalnız doğma Bakıda qranit özül üzərində ucalıb, o həm də elə bir yüksəkliyə qalxıb ki, buradan onu bütün dünya görür". Yenə orada.
A.T.Qanalanyan, akademik, folklorşünas: "Kefı konne, kyandı kyoxvinı", "Bir ıli u pir ıli" və "Hasan kaçal, kaçal Hasan" atalar sözləri uyğun Azərbaycan atalar sözlərinin ("Kef sənindir, kənd koxanın", "Bir olsun, pir olsun", "Ya Həsən keçəl, ya keçəl Həsən") erməniləşdirilmiş variantlarıdır. Yuxarıda dediklərimizi öncə onunla təsdiq etmək olar ki, misal gətirilən hər üç atalar sözü ermənilər və azərbaycanlıların birgə yaşadıqları (Qarabağ, Zəngəzur və s.), yaxud Azərbaycana həmsərhəd olan yerlərdə yazıya köçürülüb, bir də onunla təsdiq etmək olar ki, həmin atalar sözlərində olan kənd, bir, pir (yaxşı, sədaqətli) sözləri və Həsən xüsusi adı ermənicədə ayrıca işlədilmir və azərbaycancadan gəlir.
A.Qanalanyan. Atalar sözü, İrəvan, EA nəşr-tı, 1955, s.34 (kitaba müqəddimə).
A.Arşaruni – ədəbiyyatşünas: "Azərbaycan dili, demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olub. Əks halda onlar (aşıqlar – İ.A.) dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmazdı". A.Arşaruni. Nizami və erməni ədəbiyyatı, "Nizami" almanaxı, III kitab, Bakı, 1941, s.137.
"… Saysız-hesabsız erməni aşıqlarının həm erməni, həm Azərbaycan və həm də gürcü dillərində müvəffəqiyyətlə öz şeirlərini qoşmaları haqqında danışmaq artıqdır. Azərbaycan folkloru və Azərbaycan xalqının klassik ədəbi irsindən erməni xalqı həmişə müvəffəqiyyətlə istifadə edə bilib, bu ədəbiyyat və folklor erməni xalqı tərəfindən həmişə sevilib". Yenə orada, s.129.
Q.Antonyan – fil. elm. dok., prof., ədəbiyyatşünas. "XIII əsrdən başlayaraq bizim yazıçılardan çoxları – Xaçatur Qaçaretsi, Ağtamaretsn, Konstantin, Yerzenkatsi, Sayat-Nova, Proşyan, Paffi, Tumanyan, Papazyan, İsahakyan, Teryan və b. az-çox Nizami yaradıcılığı ilə bağlı olub, onun mövzularından, surətlərindən istifadə edib, Azərbaycan xalqının bu böyük şairinin ölməz poemalarını dərindən mənimsəyiblər".
Q.Antonyan. Nizami və erməni ədəbiyyatı, Bakı, Azərnəşr, 1947, s.122.
"Şərqin məşhur nağıl, məhəbbət dastanları – "Aşıq Qərib", "Əsli-Kərəm", "Şah İsmayıl", "Fərhad-Şirin", "Leyli-Məcnun", qəhrəmanlıq motivləri ilə zəngin olan "Koroğlu" azərbaycancadan ermənicəyə tərcümə olunmağa, təbdil edilməyə, yaxud da ki, eyni məzmunda yaranmağa başlanıb". Q.Antonyan. Ədəbiyyatda erməni-Azərbaycan dostluğu, İrəvan, Haypethrat, 1962, s.23.
"Leyli və Məcnun"un ərəb nağılı olması və onun ərəblərin hücumları zamanı Qafqaz xalqı arasında yayılması fikri qəbul olunub və yayılıb. Lakin digər tərəfdən, o da bəllidir ki, "Leyli və Məcnun"un nağılı Qafqaz xalqları arasında XII əsrdən başlayaraq, yaxud sonralardan məlumdur.
Qafqazda ərəblərin yürüşləri və hakimiyyətləri dövrü VII əsrdən X əsrin əvvəllərinədək davam edib. Doğrudan da "Leyli və Məcnun" erməni folkloruna və ədəbiyyatına folklor vasitəsilə keçsəydi, deməli bu nağıl erməni mühitinə VII-X əsrlərdə, yəni ərəb xilafəti zamanında bəlli olmalı idi. Lakin belə deyil: "Leyli və Məcnun" bizdə Nizamidən sonra yayılıb. Bu, o deməkdir ki, "Leyli və Məcnun" istər erməni mühitində, istərsə də başqa xalqlar arasında Nizaminin sayəsində yayılıb. Ancaq Nizamidən sonra müxtəlif xalqların bir çox yazıçıları bu gözəl şərq hekayətini işləməyə başlayıblar. Nizamidən qabaq isə heç kəs onun haqqında yazmamışdı. Buradan o nəticəni çıxarmaq olar ki, Nizami "Leyli və Məcnun"un süjetini folklordan götürərək, öz dühası sayəsində bu məlahətli məhəbbət dastanını bütün Şərqdə kütləviləşdirməyi bacarıb, onun ibtida-folklor variantını unutdurub. "Xosrov və Şirin" hekayəti və İskəndərin surəti də erməni ədəbiyyatında, demək olar ki, eyni, yaxud bir qədər fərqli şəkildə yayılıb". Yenə orada, s.63-64.