Osmanlı dövlətinin qızıl dövrünün padişahı - Sultan Süleyman Mədəniyyət

Osmanlı dövlətinin qızıl dövrünün padişahı - Sultan Süleyman

I yazı

Türk cahangirlərinin Asiyadan Avropaya müzəffər yürüşlərini, türk xalqlarının üç min illik tarixə sahib olan və bu uzun zaman içində yüz iyirmi dövlət, on altı imperatorluq quraraq, dünya coğrafiyasının 20 milyon kilometr civarında önəmli bir qismə sahib olduqlarını, yaşadıqları coğrafiyada zəngin bir mədəniyyət meydana gətirdiklərini qocaman dünya hələ də öz yaddaşında yaşatmaqdadır.Təxminən 7 əsrdən artıq (1299-1922) fasiləsiz olaraq hakimiyyətdə olan və 36 padişahla təmsil edilən Osmanlı (Osmanlıoğulları) dövləti Asiya, Avopa və Afrika qitələrini əhatə edən güclü və təsirli bir imperatorluq qurmuş, hökmranlığını XIII əsrdən XX əsrin əvvəllərinə qədər davam etdirərək, bu torpaqlarda islam mədəniyyətini yaymış, böyük xanədanlıq yaratmışdı. 36 padşahla tanınan Osmanlı dövlətinin Sultan Süleymanın hakimiyyət illərinə (1520-1566) qədər ilk on padşahı Osmanlı ordusuna komandanlıq edib müharibələrdə iştirak etdikləri halda II Sultan Səlim (1566-1574), III Murad (1574-1595), I Mustafa (1617-1618 və 1622-1623), İbrahim (1640-1648), II Süleyman (1687-1691), II Ahmed (1691-1695) səfərə çıxmamış, səfərə çıxan və müharibəyə komandanlıq edən sonuncu padişah II Mustafa (1695-1703) olmuşdu (bax: Necdet Cakaoğlu. "Bu Mülkün Sultanları 36 Osmanlı padişahı". İstanbul, 2011, On altıncı baskı, səh. 16).
Osmanlı sultanlarının içərisində ən uzun səltənət sürən (46 il) Qanuni Sultan Süleyman (1495-1566) padişahlıq etdiyi təxminən yarım əsr müddətində on üç dəfə Şərqə və Qərbə hərbi səfər edərək Osmanlı İmperatorluğu tarixində rekord sahibi olan Osmanlı padişahı və 71 yaşında son hərbi səfərə çıxaraq, səfər sırasında öz əcəli ilə ölən tək Osmanlı padişahıdır. Osmanlı dövləti siyasi, diplomatik, əsgəri, texnologiya, memarlıq, elm və incəsənət sahəsində qızıl dövrünü onun hakimiyyəti illərində yaşamış, dünyanın ən güclü dövlətlərindən biri olmuşdu.
Sultan Süleymanın atası Yavuz Sultan Səlim (padişahlığı 1512-1520) 1495-ci ildə Trabzonda valilik edərkən, yeni doğulmuş oğluna "Quran"dan bir isim vermək istəyir və "Quran" açılan zaman Həzrət Süleymanın adı çıxır. Sultan Süleyman haqqında yazanlar atası Şahzadə Səlimin düşüncələrini belə qələmə alıblar: "Şahzadə Səlim, padşah taxtı üçün qardaşlar arasında çıxan çarpışmaları gözlərinin önünə gətirərək bu səbəbdən dövlətin və millətin nələr itirdiyini, dərin bir hicran içində özü ilə hesablaşarkən duaya başladı: "Rəbbim! Bir gün mənə taxt nəsib edəcəksənsə, başqa bir övlad istəmirəm. Vermə ki, oğlum Süleyman qardaşları ilə savaşmaq məcburiyyətində qalmasın. Bütün gücünü, qüvvətini cihad əmri istiqamətində səfərbər edib kafirlərlə cəngə sərf etsin və müzəffər olsun".
25 yaşında Süleymanın padşahlığı dünya tarixçiləri tərəfindən "Möhtəşəm Süleyman" kimi yazılıb, türk milləti isə onu "Kanuni Sultan Süleyman" deyə yad edib. Kanuni Sultan Süleyman atası Yavuz Sultan Səlimin (1467-1520) ölümündən sonra taxta keçən 10-cu Osmanlı padşahıdır. O, Piri Mehmet Paşanın göndərdiyi xəbərlə atası Sultan Səlimin öldüyünü öyrənincə, vaxt itirmədən İstanbula gələrək padşahlıq taxtına oturur. İlk əmri də xalqa haqsızlıq edib vergi alan və vergini verməyənlərə zülm edən Kaptani-Dərya Cafer Ağanın mühakimə edilməsidir. Bu səbəbdən də xalq ona "Kanuni" ləqəbini yaraşdırmışdı. Haqqında yazılanlardan biri də budur:
Hökmranlığının ilk günlərində babası (atası) Yavuz Sultan Səlimin sevimli nədimi Hasan Canı hüzuruna çağıraraq ona 3 sual vermişdi:
1. Elçiyə zaval olmadığı halda babam Səlim xan İran elçilərini nə haqla həbs etdirmişdi?
2. Şah İsmayılın Çaldıranda əsir alınan nikahlı xanımını nə haqla bir başqasına nikahlandırmışdı?
3. İpək tacirlərinin malları hansı haqq və qanuna istinadən müsadirə edilmişdi?
Suallara təxmin etdiyi cavablar almayınca xata saydıqlarından mümkün olanları ortadan qaldırmış, dövlətin qayda-qanunlarını qorumaq arzusu ilə hökmü padişahlara da keçən bir "Kanunname-i Al-i Osman" hazırlamışdı. "Kanuni Sultan Süleyman qanun yaradan ilk Osmanlı padişahı deyildi. Lakin onun zamanında qanunların yerinə yetirilməsi vəzifəsi Şeyxülislama aid idi. O, zamanın dəyişən şərt və ehtiyaclarına cavab verəcək "Quran"ın bəzi şərh və izahlarını qanunlaşdırdı".
Tarixdə "Möhtəşəm" ünvanı ilə anılan Sultan Süleymanın ehtişamı haqqında türk tarixindəki xətaları zərrəbinlə incələyən yabançılar belə onun haqqında yüksək fikirdə olublar. Onlardan bir neçəsi: "Süleyman böyükdü. Yalnız mümkün şərtlərin təsadüflərilə deyil… Bacarığı, əzm və iradə dolayısı ilə də deyil… O, həqiqətən də böyükdü (Sir Edvard S.Creasu) "I Süleyman XVI əsrin ən böyük hökmdarlarından biriydi" (Sir Villiam Sterling Maxvelli).
Ssenarisi Meral Okay tərəfindən yazılmış Türkiyə, Şərq və Qərbin, ümumiyyətlə, dünyada 200 milyon tamaşaçının maraqla izlədiyi "Möhtəşəm Yüzil" teleserialı Osmanlı İmperatorluğunun Sultan Süleyman dövrü ilə bağlı çəkilib. "Möhtəşəm yüzil" teleserialının mövzusu Kanuni Sultan Süleyman və Hürrəm Sultan arasındakı eşq macəraları ilə bərabər Sultan Süleyman dövründə yaşanan başlıca hadisələrdir.
Filmdə Kanuni dövründə Osmanlı donanmasının güclənməsi 27 may 1521-ci ildən möhtəşəm ordunun Ədirnəyə hərəkəti, Avropanın qapısı Macarıstan olsa da, Macarıstanın kilidi Belqradın 1521-ci ildə alınması və "Belqrad fatehi" olaraq Sultan Süleymanın İstanbula dönməsi, 1522-ci ildə Rodosun, ayrıca Bodrum, Tahtalı, Aydos qalalarının alınması, 1526-cı ildə Sultan Süleymanın Macarıstan kralı II Layoşun ordusu ilə Mohaş düzündəki zəfəri, bu zəfərdən sonra Budin səfəri, Macarıstanın Osmanlı dövlətinə bağlanması ilə sonuclanan və yeddi aylıq bu səfərdən Sultan Süleymanın 1526-cı ildə böyük bir zəfərlə İstanbula dönməsi Belqrad-Budin arasındakı qalaların fəthi, Macarıstandan Ərəbistana uzanan bir çox torpaqların fəthi, Osmanlı torpaqlarının Asiya, Avropa və Afrika torpaqlarında genişlənməsi, Akdeniz (Aralıq dənizi), Hind Okeanı və Tunadakı (Dunay) dəniz savaşları kimi zəfərlər və 71 yaşında Sultan Süleymanın etdiyi son hərbi səfər filmdə bu və ya digər formada tamaşaçıya xatırladılır.
Filmin çoxsaylı peşəkar oyunçu kadrı var: Baş rollar – Kanuni Sultan Süleyman (Halit Ergenç), Hürrem Sultan (Meryem Uzerli ve Vahide Perçin), Ayşe Hafsa Sultan (Nebahat Çehre), Pargalı İbrahim Paşa (Okan Yalavık), Şahzade Mustafa (Mehmet Günsür), Mahidevran Sultan (Nur Fettahoğlu), Rüstem Paşa (Ozan Güven), Şahzade Selim (Engin Öztürk), Şahzade Bayazid (Aras Bulut İynemli), Mihrimah Sultan (Pelin Karahan), Hatice Sultan (Selma Ergeç), Nurbanu Sultan (Merve Boluğur) kimi baş rolların ifaçıları ilə bərabər 100-dən artıq xarakterik rolları canlandıran peşəkar aktyor öz sanbalı və yaddaqalan rolları ilə seçilir.
"Möhtəşəm yüzil" teleserialının baş rol oyunçusu Halit Ergenç həm baş rol ifaçısı, həm də bütün hərəkət və davranışında, geyim-kecimində, danışığında, səsində həqiqətən möhtəşəmdir. Sultan Süleymanın sevgisini də, tərəddüd etmədən qəti qərarla cəza verməyini də, mərhəmət və nifrətini də möhtəşəm şəkildə ifadə edən əsil oyunçu, qüdrətli bir aktyor, "Muhibbi" ləqəbi ilə oxuduğu şeirlər, insan kimi duyğulu, padşah kimi qərarlı və sərt Sultanın söylədiyi fəlsəfi düşüncələr, insanlar arasındakı davranış və münasibətə örnək olan "sən haqqa qarşı həyalı, xalqa qarşı vəfalı ol" fikri aktyor Halit Ergençin danışığında özünəməxsus səs və ifadə tərzi ilə səslənir. Oğlu Şahzadə Səlimin içkiyə meylini hiss etdiyindən onun tövbə etməsini, ona məsləhətlərini sərtlik və mülayimlik arasında bir dillə ifadə edərkən Cəlaləddin Ruminin "Cənnətin 8 qapısı var. Bunlardan biri tövbə qapısıdır. O biri qapılar açılır, qapanır. Tövbə qapısı isə əsla qapanmaz" deyərkən Möhtəşəm Süleyman (aktyor H.Ergenç) həqiqətən möhtəşəmdir.
Filmin 124-cü bölümündə Sultan Süleyman (Halit Ergenç) və Cahangir (Tolqa Sarıtaş) arasında keçən dialoq çox maraqla izlənir. Cahangir xəstədir. Hökmdar oğlunun sağalması üçün onun Afyon şurubu içirilməsinə belə razılıq verir. Amma həkim deyir ki, Sultanımızla Şahzadəmizi xəstəliyi eynidir: vicdan əzabı. Biri şahzadə oğlu Mustafaya qıydığı üçün, o biri də bu qətlə mane ola bilmədiyi üçün vicdan əzabı çəkir.
Sultan yas tutmağa haqqı olmadığını "Mənim yas tutmağa haqqım yox. Öz övladımı öz əlimlə qətl etdim. Necə yas tuta bilərəm" – deyə vicdan əzabı çəkir. Onsuz da qüsurlu doğulub, həyatı boyunca xəstəhal olan Şahzadə Cahangir vicdan əzabından daha da ağır xəstəliyə tutulub ölüm yatağına düşür. Cahangirin ölüm yatağında Sultan Süleyman "Qüsursuz ağlın və vicdanın qüsurlu bədənin qarşısında zəfərindir"- deyərək oğlunun ağıl və kamalı qarşısında baş əyir.
Osmanlı tarixinin ən acı səhifələrindən olan Şahzadə Mustafanın ölümü "Möhtəşəm yüzil"in nəfəs çəkmədən seyr edilən 123-cü bölümü Şahzadə Mustafanın Sultan Süleyman tərəfindən boğdurulması səhnəsidir. Bu hadisə vaxtilə tarixçilər, eləcə də filmi seyr edənlər, həmçinin ədəbi ictimaiyyət tərəfindən böyük mübahisə, narahatçılıq və marağa səbəb olmuşdu. Bu, bir tarixi həqiqət olsa belə, bu günün insanı bunu qəbul edə bilmir. Hətta türk telekanallarından birindən eşitdim ki, bir tamaşaçı Kanuni Sultan Süleymanı məhkəməyə verəcək və ondan "Kanuni" ləqəbinin alınmasını istəyəcək. Əlbəttə, bütün bu narahatlıqlar XXI əsrin insanları üçün normal bir narahatlıqdır. Amma təəssüf ki, yaşanılmış bir tarixin təkərini geri çevirmək mümkün olmadığı kimi, o dövrün sultanlarının, dövrün qanunlarının da üstünə getmək olmaz. Bunlar belə idi, belə yaşanmışdır. Burada Kanuni Sultan rolunun ifaçısı Halit Ergenç və Şahzadə Mustafa rolunun ifaçısı Mehmet Günsürə alqışlar deyirik ki, tarixi hadisəni yaşadan bu tarixi rolu peşəkarlıqla ifa etdilər.
Şahzadə Mustafanın Sultan Süleymanın hökmü və Şeyxülislamın fitvası ilə öldürülməsinin başlıca səbəbkarı Hürrəm Sultanın və kürəkəni Rüstəm Paşanın olduğu da tarixçilər tərəfindən yazılmaqdadır. Hürrəm Sultan gələcəkdə padşahlıq taxtına vaxtilə Sultanın "gözdə"si olan günüsü Mahudevaranın oğlu Şahzadə Mustafanın deyil, oğlanlarından birinin keçməsi üçün bu ölümün labüdlüyü üçün hər cür imkandan istifadə edərək, istəyinə nail olur. Bundan sonrakı bütün bölümlərdə Sultan Süleymanın vicdanını tərk etməyən bir əzab var ki, bunu tamaşaçı hər an hiss edir. Deyirlər ki, Sultan Süleyman Şahzadə Mustafanı boğdururkən "Quran" oxuyurdu. Onun göz yaşları Quranın səhifələrinə çilənmişdi.

Maarifə Hacıyeva
professor