Xəlil Rzanın sənət missiyası Mədəniyyət

Xəlil Rzanın sənət missiyası

3-cü yazı

X.R.Ulutürk türk xalqlarının XI əsrə aid möhtəşəm abidəsi olan Yusuf Bala-sagunlunun "Qutadğu bilik" poemasını dilimizdə adekvat səsləndirilməsinə də kifayətqədər zəhmət sərf edib. Bu əvəzsiz "Xoşbəxtliyə aparan kitab"ı, "Dövlət kitabı"nı, "Dövlətnamə"ni poetik tərcümədə ilk dəfə olaraq Azərbaycan türklərinə çatdıran məhz X.Rza olub. Bəlkə də X.Rza tərcüməsi olmasaydı, Y.Balasagunlu yaradıcılığı ilə bu günə qədər də tanışlığımız yetərincə baş tutmayacaqdı. Belə ki, digər türk xalqları – özbəklər, türkmənlər, qırğızlar, Anadolu türkləri, ruslar və başqaları bu abidənin poetik tərcüməsini hələ 60-70-ci illərdə oxuculara çatdırdıqları halda, biz yenə də gözləyirdik… Onlardan sonra "Qutdağu bilik"in poetik tərcüməsinin xalqımıza çatdırılması Azərbaycan ədəbiyyatşünaslığı və tərcüməşünaslığının nailiyyəti kimi dəyərləndirilməlidir və bu nailiyyət məhz X.Rza adı və yaradıcılığı ilə bağlıdır.
6411 beytdən ibarət olan bu kitabın hansı beytinə nəzər salsaq, orada ilk növbədə diqqəti cilalı, ovxarlı söz cəlb edəcək. Bəlkə elə buna görə də bütün mətnin tərcüməsi boyu korşalmış, zövqü kütləşdirən, fikri lüzumsuz haçalaşdıran heç bir ifadəyə rast gəlmək mümkün deyil. X.R.Ulutürkün "Qutaduğu bilik"in Azərbaycan türkcəsinə tərcüməsini bir sıra mühüm yanaşma fərqləndirir. Bu, hər şeydən öncə, bir tərəfdən, klassik türk şeirinin incəliklərinə dərindən bələdlikdirsə, digər tərəfdən, əsərin vəznini, qafiyə sistemini müasir türk şeirinin texnikasına ustalıqla uyğunlaşdırmaqla bağlıdır.
Qeyd edək ki, X.R.Ulutürk nəinki Y.Balasağunludan etdiyi "Qutdağu bilik"in tərcüməsində, həm də digər türk və qeyri-türk xalqlarının poeziyasından etdiyi tərcümələrdə mətnin forma və məzmun vəhdətinin saxlanılmasına çalışır. Şair (eyni zamanda mütərcim və həm də tədqiqatçı – N.T.) yaxşı bilirdi ki, mükəmməl tərcümə forma və məzmun vəhdətini qorumazsa, uyğunsuzluğa düçar ola bilər. Ulutürk bunu da bilirdi ki, bütün ədəbiyyatlardan tərcümədə forma və məzmun vəhdətinin saxlanılması diqqət mərkəzində durmalıdır.
X.R.Ulutürkün tərcümə yaradıcılığını onun tərcümə nəzəriyyəsi və praktikası ilə bağlı tədqiqatlarından təcrid olunmuş şəkildə nəzərdən keçirmək sənətkarın bu sahədəki yaradıcılığına dərindən tanış olmayan tədqiqatçı təsiri bağışlayardı və tərcümə sahəsindəki fəaliyyətinə kölgə salardı. Onun "Dünyanın ədəbi xəritəsi" kitabını vərəqlədikcə X.R.Ulutürkün özünü tərcümə nəzəriyyəçisi kimi təsdiqləməsi bu sənətkarın elmi-nəzəri təfəkküründən doğduğunun şahidi oluruq. Çünki o, hər hansı ədəbiyyat nümunələrini təqcümə məqsədi ilə diqqət mərkəzinə çəkdikdə bu nümunələri həm də nəzəri cəhətdən araşdırır və orijinala hansı yöndən yanaşmanı doğru müəyyənləşdirir. Məsələn, T.B.Qurtuyevanın "Çağdaş balkar poeziyasında gələnək və yenilikçilik" əsəri haqqında" danışarkən X.R.Ulutürk, bir tərəfdən, malkar poeziyasının inkişaf yolundan, özünəməxsusluğundan, onun tanınmış nümayəndələrindən, digər tərəfdən, onu dərindən araşdıranların əsərlərindən söhbət açmaqla, fikrini T.B.Qurtuyevanın yaradıcılığı üzərində cəmləyir, müşahidələr aparır, obyektiv nəticələrə gəlir.
Yeri gəlmişkən deyək ki, X.R.Ulutürk hər hansı bir ədəbiyyatdan tərcüməyə başlamazdan əvvəl bu ədəbiyyatın tarixi köklərini, inkişaf istiqamətlərini, müxtəlif dillərə tərcüməsini yaxşıca öyrənir, orijinalı bildiyi dillə müqayisə edir, əsaslı götür-qoy edir və əsərin ana dilinə çevrilməsinə başlayır. Məsələn, elə Q.Quliyevin "Qılınc və qızıl gül" şeirinin tərcüməsində olduğu kimi. X.R.Ulutürk bu şeirin rus tərcüməsini öyrənir və onu orijinala nə qədər yaxın olub-olmamasını müəyyənləşdirmək baxımından oxuculara tədqdim edir.Yalnız bundan sonra X.R.Ulutürk şeirin Azərbaycan türkcəsində tərcüməsini verir:

Yaşıl bir gözəllik bitən yerimdə
Qayada qızılgül, ləçəyində qan.
Üstündə buludlar ötən yerimdə
Elə bil qılınclar sıyrılır qından.
Yavaşca deyirəm: ana yurd, dinlə,
Ölsəm son sözümü, son arzumu duy:
Qəbrimin üstünə sən öz əlinlə
Bir şehli qızılgül, bir də qılınc qoy.

Həm orijinalı, həm də tərcümələri bir-biri ilə müqayisə etdikdə görürük ki, X.R.Ulutürk orijinalın dərinliklərinə daha da nüfuz etməklə göstərir ki, malkar şeiri bədii dil baxımından hələ formalaşmaq dövrünü yaşadığından bəzi hallarda şeirdaxili bölgülər də uyğunsuzluq görünür, 6-5 hecalıq əsasında yazılmış misralar 7-4 bölgülü misralarla qonşuluq etsə də, şeirdaxili bölgünün mükəmməlliyi pozulur. Buna görə də mütərcim şeirdəki bu çatışmazlıqları, bu hərc-mərcliyi, xaotikliyi "islah" etməklə, Azərbaycan türkcəsində onun mükəmməl səslənməsinə nail olur. Yəqin elə buna görə də X.R.Ulutürkün digər ədəbiyyatlardan etdiyi tərcümələr öz tamlığı və orijinallığı ilə seçilir. Bu mənada Beynəlxalq Tərcüməçilər Federasiyasının uzun müddət Prezidenti olmuş Pyer Fransua Kayyenin "Tərcüməçi olmaq mümkün deyil, tərcüməçi doğulmaq gərəkdir" deyimini X.R.Ulutürk tərcümələrinə nəzər saldıqda müdafiə etməkdən savayı başqa bir fikir ortaya gəlmir. Əlbəttə, məqsədə çatmaq uğrunda mübarizə aparan insanlar bütün bilik və bacarığını bu çətin peşəyə həsr etdikdə müəyyən uğurlar əldə edə bilirlər. Lakin ilahidən gələn istedad olduqda isə tərcümə daha sanballı, daha adekvat alınır. Bununla belə bu sahədə olan, nəzəri müddəaların dərindən öyrənilməsi də burada heç də sonuncu rol oynamır. Eyni zamanda nəzərə alınmalıdır ki, "X.R.Ulutürkün orijinal yaradıcılığı dil, lüğət, bədii ifadə vasitələrindən gen-bol istifadə ilə zəngindir. Şairin digər ədəbiyyatlardan etdiyi tərcümələrdə də bu cəhət özünü xüsusilə əks etdirir. Təbii ki, şeirin özü sirli-sehirli bir aləm olduğu kimi tərcümədə də bu sehri, bu vəziyyəti, daxili ürək çırpıntılarını, obrazlı, qanadlı ifadələri, metaforaları böyük istedad sahibi olmasan vermək mümkün deyil. Məhz burada mütərcimin əsl sehirbazlığı ortaya çıxır ki, o, əfsunçu kimi poeziyanı poeziya edən incə, nəcib hissləri, kükrəyişi, qəzəbi və s. tərcümə oxucusuna doğru çatdıra bilir".
X.R.Ulutürkün poetik assosiasiyaların dili ilə fikri ifadə etməsi, hər bir söz və ifadənin daxili mənasına vara bilməsi, metaforik təfəkkür tərzinə malik olması, formanın əhəmiyyətini dərk etməsi və ürəyi riqqətə gətirə biləsi sətri yaradıb oxucuya təqdim edə bilməsi və s. əsl sənətkarlıqdır. Tərcümələrə diqqət edəndə görmək çətin deyil ki, X.R.Ulutürk əsasən azadlıq, istiqlal, millilik, bəşərilik, xalq taleyi problemi ilə zəngin olan əsərləri dilimizə çevirməyə xüsusi səy etmiş, bu da onun azadlıq, millilik və bəşərilik ruhundan irəli gəlib. Xüsusilə o, tərcümə etdiyi əsərlərdə özünün zəngin mental təfəkkürünü diqqətdə saxlayıb.
X.R.Ulutürkün Azərbaycan oxucularına təqdim etdiyi müxtəlif dünya xalqları ədəbiyyatlarından tərcümələri Azərbaycan tərcüməçilik məktəbinin mühüm səhifəsini təşkil etməkdədir.
Bu tərcümələr böyük şairin otuz illik yaradıcılıq fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. X.R.Ulutürk tərcümələrində yer almış əksər nümunələrin başlıca ideyası etnik-milli ideallarla bəşəri hisslərin, xalq mənəviyyatının kükrəyişi, xalqa xidmətlə üzvü surətdə bağlılığı görünür. Çünki milli və bəşəri tərəqqi uğrunda mübarizə, vətənpərvərlik, humanizm və istiqlal əzmi həmin əsərlərin ana xəttini təşkil edir. X.R. Ulutürk də məhz belə nümunələri ədəbiyyatımızın faktına çevirməkdə əlindən gələni əsirgəməmiş, milli poetik fikrin zənginləşməsində yaxından iştirak edib.

Nizami Tağısoy
professor