Baburun həyatı və mübarizəsi Mədəniyyət

Baburun həyatı və mübarizəsi

"Baburnamə"də türk hökmdarının keşməkeşli həyatı qələmə alınıb
Məşhur türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) "Baburnamə" əsəri memuar janrında yazılmış ilk əsərdir. Müəllif əsərdə keşməkeşli həyatını qələmə alıb, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.
Dünyanın ən zəngin, köklü dillərindən biri olan türk dili üç böyük qrupa - oğuz, qıpçaq və qarluq qruplarına ayrılır. Hər qrup da öz tarixi inkişaf mərhələsindən asılı olaraq özlüyündə bir neçə qola bölünür. Məsələn, qarluq qrupuna hazırda özbək, uyğur, sarı uyğur, salar və s. dillər daxildir. Vaxtilə mövcud olmuş qaraxani və çağatay dilləri isə qarluq türkcəsinin tarixi mərhələsidir. Üstəlik, bu dillərdə zəngin ədəbiyyat yaranıb. Qaraxani dönəmində Mahmud Kaşğarlı "Divanü lüğat-it-türk"ü, Yusif Balasağunlu isə "Qutadğu bilig"i yazıb. Bunlar ortaq türk ədəbiyyatının və Türk Dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün böyük önəm daşıyan əsərlər qələmə alınıb. XX yüzildə qardaş Türkiyənin humanitar elmlər sahəsində yetirdiyi ən böyük şəxsiyyət olan ordinarius professor Məhmət Fuad Köprülü çağatay türkcəsini "Monqol istilasından sonra Çingizin övladları tərəfindən qurulan çağatay, elxani və Altın Ordu imperatorluqlarının mədəni mərkəzlərində XIII-XIV yüzillərdə inkişaf edən və Teymurilər dövründə, xüsusilə XV yüzildə klassik bir mahiyyət alaraq zəngin bir ədəbiyyat yaradan ədəbi Orta Asiya ləhcəsi" kimi səciyyələndirib. Türkcənin bu qolunda Şəkkaki, Lütfi, Ətai, Xocəndi, Sarayi, Xarəzmi, Hüseyn Bayqara, Qütbi, Əlişir Nəvai, Bayram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər yaradıblar. Bunların arasında şanlı türk hökmdarı və dövlət xadimi, Baburilər dövlətinin və ya Böyük Moğol imperiyasının banisi, şair, nasir, tarixçi, coğrafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi Qazi Zəhirəddin Məhəmməd Babur şahın xüsusi yeri var.
Babur 1483-cü ildə Əndicanda anadan olub. Onun atası Fərqanə hakimi Ömər Şeyx Mirzə Əmir Teymurun nəticəsi, anası Qutlu Nigar xanım isə Çingiz xanın 14-cü nəslindən törəməsi idi.
Babur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca Nəsrəddin Übeydullah Əhrarın yanına gələrək körpəyə ad qoymasını xahiş edir. O, əvvəlcə "Zəhirəddin Məhəmməd" adını təklif edir, sonra bir az düşünərək "Bu ad tələffüz baxımından avam dili üçün ağırdır, qoy onlar "Babur Mirzə" desinlər" deyir. "Babur" sözü əski türkcədə "bəbir", "pələng" mənasına gəlir. Baburun anası Qutlu Nigar xanım Sultan Mahmudun böyük bacısı, Monqolustan xanı Yunusun qızı idi. Babur ana nənəsi İsən Dövlət bəyimin yanında böyümüş, ondan tərbiyə almışdı. Bu qadın bütün Orta Asiyada qeyrətli, ağıllı bir şəxs kimi məşhur idi. Bir dəfə əri ilə birlikdə düşmənə əsir düşəndə şahzadələrdən biri ona təcavüz etmək istəmiş, İsən Dövlət bəyim kənizlərinin köməyi ilə harın şahzadəni öldürərək meyidini sarayın həyətinə tullamışdı. Səhər məsələ məlum olanda o, hamının hüzurunda belə demişdi: "Bu adam şəriəti pozaraq namusuma toxunmaq istədi, mən də onu öldürdüm. Buna görə bir suçum varsa, çəkməyə hazıram". Öldürülən şahzadənin atası dərin xəcalət hissi keçirərək bəyimin günahkar olmadığını bildirmiş və bütün əsirləri azad etmişdi.
Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ 10 yaşında ikən Əndicana vali təyin edir. Bundan 2 il sonra Axsi qalasında uçurumun üstündə göyərçinləri seyr edərkən müvazinətini itirərək uçuruma yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxır. Həmin dövrdə Orta Asiyada və civarında siyasi mənzərə belə idi: Səmərqənddə Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və Bədəxşanda dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan, Kabildə II Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara hökm sürürdü. Qızılbaşların başında Şah İsmayıl Xətayi, özbəklərin başında Şeybani xan dururdu. Hindistanda isə hər vilayətdə, hətta hər şəhərdə
bir mirzə, xan və ya bir racə hakim idi. Babur hökmdar olduqdan qısa bir müddət sonra taxtını əmisindən və dayısından qorumaq məcburiyyətində qalır. Ağlı-fərasəti və ətrafındakı yaxın adamlarının köməyi sayəsində əmisi ilə dil tapır, Kasan bölgəsini dayısına güzəştə getməklə təhlükəni sovuşdurur. Yavaş-yavaş güclənən Babur 1497-ci ildə Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər. Bu yetməzmiş kimi, Baburun ən inandığı bəylərindən biri, Axsi qalasının komendantı Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir olub "Babur, ağır xəstədir, dili tutulub, ağzına pambıqla su damızdırırlar" deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrindəki 250 nəfərlik dəstə ilə Əndicana üz tutur, ancaq şəhərin ələ keçdiyini öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndicanı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndicanı qurtarmağa müvəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu əmisi qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə bəyimlə evlənməli olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu tərk edir.
Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə savaşan Babur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-ci ilin yayında Səripul müharibəsində ona məğlub olub Səmərqəndə qaçır. Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır və tutur. Babur şəhəri tərk edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlənir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur yanındakı bir neçə nəfərlə ac-susuz vəziyyətdə dağlarda, düzlərdə dolaşır, axırda payi-piyada Daşkəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə sığınır. Bu sıralarda onun digər dayısı Əhməd xan Monqolustandan Daşkəndə gəlir. İki qardaş Fərqanəni tutmaq üçün ona dəstək verir. Babur bəzi yerləri ələ keçirərək Əndicana yaxınlaşır, qoşunla dincəldiyi zaman qəfildən basqına uğrayır, çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zərbəsilə başından ağır yaralanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtulur. Sonra onlardan ayrılaraq yolboyu xarabalıqlarda gizlənə-gizlənə birtəhər dayılarının yanına qayıda bilir.
Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam etdirir, onları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqanənin cənubundakı dağlara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xorasana Hüseyn Bayqaranın yanına getmək üçün əksəriyyəti qadınlardan və uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola çıxır. Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xaqanın törəməsini böyük sevgi ilə qarşılayır, şahın qardaşı Baqi Çağanyani başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana deyil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğundan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda çox sevdiyi Mahım bəyimlə evlənir. Şah İsmayıl Xətayi 1510-cu ildə Şeybani xanı öldürür. Ən əsas düşmənlərindən birinin aradan çıxması ilə Babur şah əski torpaqlarını, yəni ata mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İsmayılla müqavilə bağlayır, onun adına xütbə oxutdurur və sikkə kəsdirir. Lakin sünni əhali Baburun bu hərəkətini bəyənmir. Xətayinin hərbi qüvvələrinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirən Babur Osmanlı-Səfəvi savaşı ilə əlaqədar Şah İsmayılın öz qoşununu geri çağırması üzündən tutduğu torpaqları yenidən itirir. Xətayinin Çaldıran savaşında osmanlılara məğlub olması Baburun bütün ümidlərini puça çıxarır. Çarəsiz qalan Babur 4 illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafiyaya yönəldir.
Babur şah 1519-26-ci illərdə Hindistana 5 dəfə yürüş edir. Pəncabı (1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük Moğollar imperiyasının təməlini qoyur.
Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat yaxınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputların başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını Kanvanda darmadağın edir. Bu savaşdan sonra "Qazi" ünvanını alır. Babur 1527-29-cu illərdə öz nəzarətindəki yerlərdə üsyanları yatıraraq, müstəqil knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək Benqal hökmdarını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.
Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də bataqlıq qızdırmasından əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tərəfindən aşpaz Əhmədin əli ilə verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır. Baburun qızı Gülbədən bəyim özünün "Hümayunnamə" adlı kitabında atasının həyatının son aylarını müfəssəl şəkildə təsvir edib. Onun yazdığına görə, şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Babura öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir. Tezliklə Hümayunun vəziyyəti yaxşılaşır və sağalır. Əvəzində Baburun xəstəliyi getdikcə şiddətlənir. Babur övladlarını (oğulları Hümayun, Kamran, Əskəri və Hindal mirzələri, qızları Gülrəng, Gülçöhrə və Gülbədən bəyimləri), bəylərini və sərkərdələrini yanına çağırır. Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün - 26 dekabr 1530-cu ildə 48 yaşında vəfat edir. Aqrada dəfn olunur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1646-cı ildə Baburilər sülaləsinin üzvlərindən biri olan Cahan şah onun Baği-Babur adlı bağda yerləşən qəbri üzərində bir məqbərə tikdirir. Baburilər səltənəti 1858-ci ilə kimi davam edib.

Ramiz Əsgər,
professor