Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır Mədəniyyət

Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində “Savalan” musiqi qrupu geniş konsert proqramı ilə çıxış edəcək.

ERAmedia xəbər verir ki, tədbir qrupun qurucusu və ilk bədii rəhbəri, mərhum müğənni Novruz Novruzlunun əziz xatirəsinə həsr olunacaq.

“Dost! Dost! Dost! Bilinməyən bir eşq yaşadır insanı” adlı konsert proqramı musiqisevərlərə duyğusal və zəngin repertuar vəd edir. Gecənin aparıcısı Səyyarə Səyyaf olacaq.

Qrupun bədii rəhbəri bəstəkar və kaman ustası İffət Əsgərdir. Konsertdə vokal ifaçıları Azər Çələbi və Naser Nayyeri səhnəyə çıxacaq. Musiqi heyətində həmçinin qanunda Məhta Məhəmmədəlizadə, balabanda Anar Vəlizadə, bas tarda Vahid Süleymanov, klavişdə Elnur Hüseynov, davulda Anar Quliyev və nağarada Əli Elnuroğlu yer alır. Qiraətçi qismində isə Əməkdar artist Qasım Nağı iştirak edəcək.

Proqramda İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Neyzən Tevfik, Ramiz Rövşən və Şahin Musaoğlunun sözlərinə bəstələnmiş əsərlər, eləcə də xalq mahnıları səsləndiriləcək.

Konsert saat 20:00-da başlayacaq.