Musiqi Mədəniyyəti Dövlət Muzeyində muzey həftəsinin açılışı olub Mədəniyyət

Musiqi Mədəniyyəti Dövlət Muzeyində muzey həftəsinin açılışı olub

13 May

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Muzeylər və Nəsimi İrsi” proqramı üzrə təşkil edilən muzey həftəsinin açılış mərasimi olub.

Artıq beşinci ildir həyata keçirilən layihə çərçivəsində mayın 12-dən 18-dək “Nəsimi ili” ilə əlaqədar muzeylərə ekskursiyalar təşkil olunacaq.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev bildirib: “Muzey həftəsinin keçirilməsi Azərbaycanda artıq ənənə halı alıb. Bildiyimiz kimi, 18 may tarixi dünyada Muzey Günü kimi qeyd olunur. Azərbaycan isə öz daxilində bu günü bir az geniş şəkildə qeyd edir. Azərbaycan beynəlxalq tədbirlərdə iştirak edir, öz məhsulunu nümayiş etdirir. Bizim də məqsədimiz ondan ibarətdir ki, gənclərimiz muzeylərə maraq göstərsinlər. Sevindirici haldır ki, gənclər bu layihəyə qoşulurlar. Onların muzeylərə səfərlərini təşkil etmək, muzeyin fəaliyyəti ilə bilavasitə tanış etmək Azərbaycan mədəniyyətinin inkişafına yaxşı təsir göstərən bir amildir”.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov gənclərin muzeylərə ekskursiyasının təşkilini çox müsbət hal kimi qiymətləndirib. Bildirib ki, artıq 270 məktəb bu layihəyə qoşulub. Bu, hər bir şagirdin hərtərəfli formalaşması üçün çox vacibdir. Çünki muzeyin ekspozisiyalarını görmək, orada ədəbiyyat, tarix dərslərini aparmaq olduqca səmərəlidir.

Nazir onu da qeyd edib ki, Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığı nəticəsində uşaqların hərtərəfli inkişafı üçün teatrlara da gedişlər təşkil olunacaq. Yeni layihədən söhbət açan C.Bayramov məktəblərdə dram, təsviri və dekorativ tətbiqi sənət üzrə festivalların həyata keçiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova layihənin önəmini qeyd edib. Deyib ki, muzeylərə yalnız şagirdlər deyil, eyni zamanda, müəllimlər də cəlb olunurlar. Onlar əvvəlcədən muzeylə tanış olur və ekskursiyalar təşkil edirlər. Bu, əlbəttə onların peşəkarlıq səviyyəsini artırır.

Alla Bayramova çıxışının sonunda qeyd edib ki, bu layihə öz müsbət nəticəsini verəcək.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bildirib ki, “Məktəblilər üçün muzey həftəsi” proqramı artıq beşinci ildir mayın 12-dən 18-dək Bakı şəhərində yerləşən 28 aparıcı muzeydə keçirilir, həmçinin Azərbaycanın regionlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində məktəblilərin iştirakı təşkil olunur. Hər il muzey həftəsi fərqli mövzuya həsr olunur. Layihə çərçivəsində bu günədək 70 minə yaxın məktəbli muzeyləri ziyarət edib.

Sonra tədbirin bədii hissəsinə keçid olunub. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəyin üzvləri İmadəddin Nəsiminin “Məndə sığar iki cahan…” şeirini söyləyib, “Mən səndən ayrı neylərəm” qəzəlini musiqinin müşayiəti ilə ifa ediblər. Qanun qrupunun çıxışı da maraqla qarşılanıb.

Sonda “Məktəblilər üçün muzey həftəsi” proqramında fəal iştirakına görə 28 muzeyin direktorlarına Təhsil Nazirliyi tərəfindən təşəkkürnamələr verilib.