“Land of Fire Orchestra” - Avropanın ürəyində Azərbaycan akkordları Mədəniyyət

“Land of Fire Orchestra” - Avropanın ürəyində Azərbaycan akkordları

Azərbaycanın Almaniyada fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə bu yaxınlarda gənclərdən ibarət “Land of Fire Orchestra” kamera orkestri yaradılıb. Kollektivin konsertmeysteri, həmvətənimiz, istedadlı skripkaçı Fəridə Rüstəmova bu orkestrin yaradılması tarixi və onun fəaliyyəti barədə öz “Facebook” səhifəsində söhbət açır. Fəridə xanım yazır: “Mən Ştutqartda konsert verirdim. Tədbirə Almaniya cəmiyyətinin tanınmış nümayəndələri, siyasətçilər, ictimai xadimlər, idmançılar və başqaları dəvət edilmişdi.
Qonaqlar arasında Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer də vardı. Mənim çıxışım fəxri konsulun xoşuna gəldi, konsertdən sonra biz tanış olduq. O, orkestr yaratmağı və məni konsertmeyster təyin etməyi qərara aldı. Mən Almaniyada yaşayan və ya burada təhsil alan həmvətənlərimizə zəng vurdum və 2019-cu ilin iyun ayında bizim “Land of Fire Orchestra” kamera orkestri fəaliyyətə başladı. Heydər Əliyev Fondu da bu təşəbbüsü dəstəklədi. Ümumiyyətlə, Avropada yaşayan azərbaycanlı musiqiçilər çoxdur, lakin orkestrimizin bugünkü büdcəsi hələlik yalnız Almaniya hüdudlarında yaşayan həmvətənlərimizlə işləməyə imkan verir. Gələcəkdə digər Avropa ölkələrində yaşayan Azərbaycan musiqiçilərinin də bizim orkestrə cəlb edilməsi istisna olunmur”.
Fəridə xanım kamera orkestrinin heyəti barədə də məlumat verib. Orkestrə onun özündən əlavə Fərhad Mehmet (skripka), Həsən Abbasquliyev (skripka), Arzu Məmmədova (skripka), Elgün Ağazadə (skripka), İris İcellioğlu (alt), Nəriman Əkbərov (violonçel), Zeynəb Ağdil (violonçel), Tahir Turqanov (kontrabas), Timur Osmanov (fleyta), Meltem Qandəmir (alt), Feliks Knarozovski (faqot) və Fərəc Əkbərov (klarnet) daxildir.
Konsertmeyster orkestrin yaradılması tarixi barədə söhbətini davam etdirərək yazır: “Biz hamımız Ştutqartda görüşdük, layihələrimizi və gələcək planlarımızı müzakirə etdik. Kollektivin konsertmeysteri mən oldum. Elə ilk məşqlərdən sonra aydın oldu ki, musiqiçilər arasında tam harmoniya var”.
Fəridə Rüstəmova daha sonra yazır: “İlk konsertimiz 2019-cu ilin dekabr ayında Raythallda (Ştutqart) oldu. Bu konsertə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Landtaqın üzvü Fridlinde Hurr-Xirş, Almaniya Azərbaycanlılar Alyansının sədri Yaşar Musayev, “Toto-Lotto FmbH” firmasının Ştutqartdakı nümayəndəliyinin direktoru Georq Vaker, Almaniyada akkreditə edilmiş diplomatik missiyaların nümayəndələri və digər fəxri qonaqlar gəlmişdi. Qeyd etmək istəyirəm ki, bizim orkestrin repertuarı çox genişdir. Buraya Vivaldidən başlamış Azərbaycan bəstəkarlarına qədər müxtəlif bəstəçilərin əsərləri daxildir. Biz konsertin proqramını tərtib edərkən göstərmək istəmişik ki, kollektiv həm azərbaycanlı müəlliflərin əsərlərini, həm də dünya klassikası nümunələrini ifa etməyi bacarır. Bundan əlavə, belə konsertlər xalqları arasında mədəni mübadilə və dostluq körpülərinin möhkəmlənməsi üçün imkan yaradır.
Debüt konsertində Üzeyir Hacıbəyli, Qara Qarayev, Səid Rüstəmov və Aqşin Əlizadə kimi Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. O vaxt mən babam Səid Rüstəmovun mahnılarını ilk dəfə orkestrin müşayiəti ilə skripkada ifa etdim. Avropa bəstəkarlardan Volfhanq Amadey Mosart və Lüdviq van Bethovenin əsərlərini təqdim etdik. Həmin konsertdə orkestr Bethovenin “Sevinc” odasını ifa edəndə bütün tamaşaçılar əsəri ayaq üstə dinlədilər. Alman tamaşaçılarının bu cür səmimi reaksiyasını görmək bizə çox xoş təsir bağışladı.
Debüt uğurlu oldu. Almaniyada yaşayan sponsorların dəstəyi ilə gələcəkdə müstəqil konsertlər təşkil etməyi planlaşdırırıq. Bundan əlavə, səfirlik və fəxri konsulluq tərəfindən təşkil edilən rəsmi tədbirlərdə bizim orkestrin iştirakı nəzərdə tutulur. Şübhəsiz, bu təşəbbüs dünya klassik musiqisinin və Azərbaycan bəstəkarlarının əsərlərinin qlobal miqyasda populyarlaşdırılmasında mühüm rol oynayacaq. Yadımdadır, almaniyalı tamaşaçılar bizim fəxri konsul Otto Hauzerin həmin konsertdə nitqinə çox səmimi münasibət bildirdilər. Fəxri konsul Azərbaycan haqqında söhbət açdı, öz həmvətənlərini zəngin Azərbaycan mədəniyyəti ilə tanış etdi”.