Kino tariximizdə ilk milli kinoaktrisa Mədəniyyət

Kino tariximizdə ilk milli kinoaktrisa

İzzət Orucova həm də Azərbaycanın ilk qadın kimyaçı-alimidir

"Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi..." Bu sözlər vaxtilə "Sevil" və "Almaz" bədii filmlərində baş rolları ifa edən Azərbaycanın ilk kino aktrisası, görkəmli kimyaçı alim, akademik İzzət Orucovaya məxsusdur.
İzzət Orucova 1909-cu il sentyabrın 16-da Bakıda dünyaya göz açıb. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) texnoloji fakültəsini bitirib. Mühəndis diplomunu alıb Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat Neft Emalı İnstitutunda işləmiş, həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri, Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda direktor, Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri olub.
Texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Azərbaycan dövlət mükafatı laureatı, respublikanın əməkdar elm xadimi İzzət Orucova bir alim kimi dünyanın bir çox ölkələrində yaxşı tanınır, elmi kəşfləri yüksək qiymətləndirilir. Onu kino üçün isə görkəmli dramaturq Cəfər Cabbarlı kəşf etmişdi.
Kinorejissor Cəmil Quliyevin fikrincə, Azərbaycan kino tarixində İzzət xanım əfsanəvi bir obrazdır: "Çünki o təkcə ilk kino aktrisa deyil, həm də fədakar bir qadındır. O dövrdə - 1929-cu ildə gənc bir qızın filmə çəkilməsi müşkül iş idi. Mövhumat hökm sürürdü. Qadınların kinoda çəkilməsinə çox pis baxırdılar. Belə bir zamanda bu xanım kinoya çəkilməyə razı olur və özü də filmdə çox təbii oynayır. Bu gün də, o filmə baxmaq tamaşaçıya çox təsir edir".
Kinoşünas Aydın Kazımzadə deyir ki, o dövrdə qızlar, qadınlar məlum səbəblərdən kinoya çəkilməkdən imtina edirdilər: "Ona görə də, "Sevil" filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin bir günündə o "Təyyarə" kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Düşür bu tanımadığı qızın arxasınca, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni (görkəmli rejissor və aktyor) götürüb gedir onlara. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi, axı. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi...Cavan olsa da, onun ilanı yuvasından çıxaran (bu söz Qəmər Salamzadənindir - ilk qadın kino rejissorumuz) şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır".
İzzət xanım xatirələrində bu barədə belə yazır: "Sevil" filminin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru görkəmli dramaturq Cəfər Cabbarlı idi. Filmin digər rejissoru Beknazarov Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza tapşırmaq istəyirdi. Lakin Cəfər Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin baş rolunda azərbaycanlı qızı çəkilməlidir. Mən Cəfərin adını eşitmişdim, üzünü görməmişdim. Günlərin birində o mənə yaxınlaşdı, məqsədini bildirdi. Amma mən nə "hə", nə də "yox" dedim. Qarşıya çıxan qismətdən qaçmaq olmazmış".
Kinorejissor Cəmil Quliyev danışır ki, "Sevil" filmində süni heç bir şey yoxdur: "Filmdə bir səhnə vardı, orda İzzət xanım ağlamalıydı. Səhnə təbii alınmaqdan ötrü Cəfər Cabbarlı İzzət xanımı bir yanda əyləşdirirdi. Tarçalan çalırdı və İzzət xanıma bu çalğı elə təsir edirdi ki, o təbii ağlayırdı".
Kinoşünas Aydın Kazımzadə danışır ki, Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı: "Xoşbəxtlikdən, bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Elə epizodlar var idi ki, İzzət xanım bu barədə həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış..."
Cabbarlı dediyi sözə əməl edir. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verir. Film çəkilir və ekranlara çıxanda, böyük uğur qazanır. İzzət özü xatirələrində yazırdı: "Rəhmətlik Cəfər müəllim çox tələbkar idi. Bəyənmədiyi kino kadrlarının dəfələrlə yenidən çəkilməsini israr edərdi. Dünən olubmuş kimi xatırlayıram: Sevilin çarşabı başından atması epizodu bir neçə dəfə təkrar çəkildi. Lakin bu səhnə - azərbaycanlı qızının tərəqqiyə can atması mənzərəsi işıqlı təfəkkür sahibi Cəfər müəllimin xoşuna gəlmədi. O, hər dəfə yumşaq tonda, ancaq hiss edirdim ki, hirsini gizlədib deyərdi: "Yox, İzzət olmadı. Çarşabı başından atmağın çox süni çıxır, qondarma görünür. Unutma, əsərin kulminasiya nöqtəsi də elə burdadır. Sən müdhiş, qorxunc çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət, qəzəb oyatsın".
Beləliklə, İzzət Orucova baş rolda iştirak etdiyi "Sevil" filmi böyük uğur qazanır. İzzət xanım peşəkar aktrisa deyildi. Lakin ürəyini ağrıdan hadisələrin çox şahidi olmuşdu. Hansısa bir nailiyyətdən fərəhlənmək istəyəndə gözəgörünməz qüvvə onun sevincini ürəyində boğmuşdu. İzzət xanım xatirələrində yazıb: "Bəlkə də dünyada bənzəri olmayan günləri, anları yaşamışam. "Sevil" bədii filmi ekranda göstərilən gün anamı da kluba aparmışdım. Qohum-əqrəbalarımız da gəlmişdi. Tamaşaçıların çoxunun biletini Cəfər Cabbarlı almışdı. Həmin gün birinci anam, sonra neçə-neçə tamaşaçı çarşabı başından açıb atdı. Ancaq yenidən qara örpəyə, çarşaba büründülər. Çünki dünyanın ən dəhşətli zülmü - repressiya başlamışdı. İncə duyumlu, zərif qəlbli, kövrək ürəkli şair Mikayıl Müşfiqin sanki ərşə çəkilməsi rəhmətlik Cəfər Cabbarlıya da qənim kəsildi".
Lakin filmin uğurundan ruhlanan Cəfər Cabbarlı özünün eyniadlı pyesi əsasında "Almaz" kinossenarisini yazır. O, əvvəlki filmlərdə rejissorluq sahəsində lazımi təcrübə topladığı üçün böyük həvəs və ruh yüksəkliyi ilə "Almaz"a quruluş verməyi öz öhdəsinə götürür. C.Cabbarlı yaradıcı qrupu özü komplektləşdirir. Aktyorlar arasında rolları bölüşdürür. Almaz roluna bundan əvvəl "Sevil" filmində çəkilmiş İzzət Orucovanı təsdiq edir. Lakin Cəfər Cabbarlının vaxtsız ölümü ona bu arzusunu həyata keçirməyə imkan vermir. Filmi onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdirdilər. Ölümünün bir illiyində film ekranlara çıxır.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin dedikləri:
"Bəxti mərhum İzzət xanımın üzünə gülmüşdü. Bütün sarsıntılara, sıxıntılara baxmayaraq, o, ömrünün ən bəxtəvər çağlarını yaşayırdı. 20-22 yaşında gənc qız oynadığı Sevil roluna görə dövrün populyar şəxsiyyəti, ifaçısı kimi tanınmışdı. "Sevil" filmindən sonra Cəfər Cabbarlı onu özünün ssenarisi əsasında quruluş verəcəyi "Almaz" filmində yenə baş rola - Almaz obrazını yaratmağa dəvət etmişdi. Amma dramaturqun arzusu ürəyində qalır. O, zamanın amansızlığına dözüm gətirə bilmir, dünyasını dəyişir. Ancaq İzzət xanım Almaz roluna çəkilir və s. tamaşaçılarının rəğbətini qazanır. Onun hər iki filmdə oynadığı rolları bu gün də örnək kimi qəbul edir, nümunə göstərirlər".
İzzət xanım kino aktrisası kimi məşhurlaşsa da, əsas məqsədindən - elmə sevgisindən ayrılmır. "Sevil" və "Almaz" filmlərindən sonra gənc aktrisa kinodan uzaqlaşır və həyatını bütünlüklə Azərbaycan elminin inkişafına sərf edir.
O, uzun illər Elmi-Tədqiqat Neft Emalı İnstitutunda müxtəlif vəzifələrdə işləyir. Elmi dərəcələr qazanır. O, elm sahəsində uğurlar qazandıqca, milli kinomuzda iki məşhur rol oynadığını nəzər-diqqətə çatdırmırdı. Bəlkə ona görə ki, ötən illərin ürək ağrıdan müsibətlərini yenidən yaşamaq istəmirdi. Amma bəzən Sevillərin, Almazların çadralarını atmalarına, arzularına çatmalarına sevinərdi. Elm xadimi kimi tanındıqca, ucaldıqca, müxtəlif fəxri adlar, dövlət mükafatları alanda, istər-istəməz ötən günlərini xatırlayır, fərəh, qürur hissi duyurdu.
Tanınmış kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə deyir: ""Almaz" filmi kino ulduzunun şöhrətini möhkəmləndirdi. Tənqidçilər istedadlı qızın gözəl gələcəyindən xəbər verirdilər. Lakin İzzət xanım onların həyəcanlı və tərifli məqalələrini oxuyaraq, öz həyatı barədə daha çox düşünürdü. Ailədə ona heç bir söz demirdilər. Hamı diqqətlə onun hansı yolu seçəcəyini gözləyirdi. Nəhayət, məhəbbət elmə qalib gəldi"...
İzzət xanımı gözəl insan, səmimi iş yoldaşı, daim axtarışda olan elm xadimi kimi tanıyır və sevirdilər. Elmi sahədə onunla uzun illər birgə çalışan Həqiqət Cəbiyevanın xatirələrindən: "30 ilə yaxındır ki, İzzət xanım haqq dünyasına qovuşub. Amma mən buna hələ də inanmıram. Həmişə, hər vaxt elə bilirəm ki, indicə qapımız açılacaq, həmişəki kimi şən ovqatla əhvalımızı, nəyə ehtiyacımızın olmasını soruşacaq. Onun simasında qadın şərəfinin, ləyaqətinin ucalığını görmüşəm. Portretini böyüdüb evimdən asmışam. Hər dəfə televiziya ekranlarında onun ifasında Sevili, Almazı görəndə kövrəlirəm. İzzət xanım son dərəcə həssas duyumlu insan idi. Şükürlər olsun ki, o unudulmur. Çünki xatirələrdə özünə əbədi yer qazanıb".
İzzət Orucovanın yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti olub. İzzət xanım 1962-ci ildə texnika elmləri doktoru, professor elmi dərəcəsi, iki il sonra əməkdar elm və texnika xadimi fəxri adını almış, dövlət mükafatına layiq görülmüş, Elmlər Akademiyasının akademiki seçilmişdi. "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "Lenin" və "Oktyabr inqilabı" ordenləri ilə təltif olunmuşdu. Yeri gəlmişkən, şaxtalı havada donmayan tank yağının kəşfi də İzzət xanıma məxsusdur. Bu kəşf Böyük Vətən müharibəsi zamanı qiymətli tapıntı idi.
Kinonun ilk Sevili 1935-ci ildə qonşuluğunda yaşayan həkim Mövsüm İsmayılzadə ilə ailə qurur. Lakin bu xoşbəxtlik uzun sürmür. 1937-ci ildə Mövsüm İsmayılzadəni xalq düşməni kimi həbs edirlər. Əvvəlcədən həbs olunacağını hiss edən ər dərhal arvadından ayrılır. Bununla da İzzət xanımı və körpə oğlu Yılmazı sürgündən xilas edir. Həyatın ağrı-acılarına dözərək İzzət Orucova sonralar qarşısına qoyduğu məqsədə doğru inamla irəlilədi, ekranda yaratdığı Sevil və Almaz obrazlarının yolunu həyatda davam etdirdi. İzzət xanımın adı Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa, Azərbaycan elm tarixinə isə ilk azərbaycanlı qadın kimyaçı-alim kimi daxil oldu.

Ülviyyə Tahirqızı