

“İyulun 16-da Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya rəsmi səfəri Azərbaycan-Türkmənistan münasibətlərində yeni dinamizmin göstəricisidir. Səfərin əsas hədəfləri Xəzər dənizi üzərindən enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi, Transxəzər dəhlizi çərçivəsində koordinasiyanın gücləndirilməsi və Türk Dövlətləri Təşkilatında birliyin möhkəmləndirilməsidir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayevanın sözlərinə görə, hər iki ölkə Şərq-Qərb istiqamətində strateji tranzit rola malikdir və bu baxımdan logistik və infrastruktur layihələrinin uzlaşdırılması qarşılıqlı maraq doğurur: “Berdiməhəmmədovun bu səfəri, həmçinin Türkmən qazının Azərbaycan üzərindən Avropaya çıxışı məsələsində gələcək əməkdaşlığa zəmin yarada bilər. Regional sabitlik, iqtisadi inteqrasiya və ortaq mədəni irs bu münasibətlərin əsas dayaqlarıdır. Görüşün nəticəsi olaraq ticarət, sənaye və humanitar sahələrdə yeni razılaşmalar gözlənilir”.
Röya İsrafilova