

Marsdan gəldiyi güman edilən indiyə qədər Yerə düşdüyü tapılan ən böyük meteorit ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda 5,3 milyon dollara satılıb.
Xalqcebhesi.az xəbər verir ki, Sotheby's Hərrac Evi tərəfindən keçirilən hərracda 25 kiloqramlıq NWA 16788 meteoritinə son təklif 4,3 milyon dollar olub. Komissiyalar və əlavə haqlar daxil olmaqla satış qiyməti 5,3 milyon dollara çatıb.
Sotheby's səlahiyyətliləri, parçanın Mars mənşəyinin xüsusi laboratoriya sınaqları ilə təsdiqləndiyini və kimyəvi tərkibinin 1976-cı ildə Marsa enən "Vikinq" kosmik zondunun araşdırdığı nümunələrlə uyğunlaşdığını bildirib.
Sotheby's Təbiət Tarixi üzrə Vitse-Prezidenti Kassandra Hatton 5,3 milyon dollarlıq meteorit satışına münasibət bildirərək, "Bu parça Marsdan gələn ən böyük meteoritdir və indiyədək ən tam nümunədir. Bu, əvvəlki ən böyük parçadan iki dəfə böyükdür" dedi. 2023-cü ildə Nigerin Sahara səhrasında bir meteorit ovçusu tərəfindən kəşf edilən qaya nəhəng asteroidin toqquşmasından sonra Marsın səthindən qoparaq Yerə çatmaq üçün təxminən 225 milyon kilometr yol qət edib.
Mütəxəssislər meteoritin asteroidin zərbəsi nəticəsində Marsın səthindən atıldığını, yüksək temperatur və təzyiq nəticəsində onun bəzi hissələrinin şüşəyə çevrildiyini bildirirlər.
Qeyd edilir ki, NWA 16788-in Yer atmosferinə yenidən daxil olması zamanı əmələ gələn şüşəli xarici qabıq hələ də bu səyahətin izlərini daşıyır.
Məryəm Quliyeva