“Bu sənəd siyasi öhdəlik siqnalı kimi qəbul olunacaq” Gündəm

“Bu sənəd siyasi öhdəlik siqnalı kimi qəbul olunacaq”

“Prezident İlham Əliyev və Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşəcəyi barədə yayılan məlumatlar Cənubi Qafqazda sülh prosesində Qərbin fəallığının artdığını göstərir. İddialara görə, tərəflər yekun sülh sazişi deyil, “niyyət məktubu” imzalamağı planlaşdırır. Bu sənəd hüquqi baxımdan məcburi olmasa da, danışıqları davam etdirmək niyyətini rəsmi şəkildə ifadə edəcək və beynəlxalq aləmdə siyasi öhdəlik siqnalı kimi qəbul olunacaq”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ə.Əlibəyli qeyd edib ki, ABŞ üçün bu təşəbbüs həm regiondakı nüfuzunu gücləndirmək, həm də Tramp administrasiyasının diplomatik uğurunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir: “Ermənistanın Qərbə meyillənməsi və Azərbaycanın balanslı siyasəti fonunda Vaşinqtonun vasitəçilik rolu daha da ön plana çıxır. Görüşün nəticələri qısamüddətli perspektivdə radikal dəyişiklik yaratmasa da, siyasi mühitin yumşalmasına və gələcəkdə hüquqi baxımdan bağlayıcı sülh sazişinə zəmin formalaşmasına şərait yarada bilər”.

Röya İsrafilova