“Vaşinqton razılaşması Azərbaycan və Ermənistanı böyük sülhə aparan yol xəritəsidir” Gündəm

“Vaşinqton razılaşması Azərbaycan və Ermənistanı böyük sülhə aparan yol xəritəsidir”

“Bu ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan ilə ABŞ arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu, həmçinin üçtərəfli Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən və suverenliyimizi təmin edən bir günlük antiterror əməliyyatından sonra Cənubi Qafqazın siyasi tarixində baş vermiş ən önəmli hadisələrdən biridir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanan Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi rezonans doğuran Vaşinqton razılaşmaları yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm hadisədir: “Beş il bundan əvvəl hərb meydanında tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı. Vaşinqton razılaşmaları mahiyyət etibarı ilə beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətin sülh, əmin-amanlıq istəklərinə və haqq-ədalətə əsaslanır. Sülh müqaviləsi adlandırılan Vaşinqton razılaşması əslində Azərbaycan və Ermənistanı böyük sülhə aparan yol xəritəsidir. Bu mühüm sənəddə nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayır və regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açır”.

Ə.Məsimli vurğulayıb ki, Vaşinqton razılaşmaları Cənubi Qafqaza sülh və sabitlik mərhələsinin gətirilməsinə hesablanıb: “Vaşinqton sazişinin reallaşdırılması ilə həm region dövlətləri, həm də beynəlxalq güc mərkəzləri üçün yeni siyasi və iqtisadi balans yaranacaq. Belə şəraitdə Cənubi Qafqazda dayanıqlı sülh daha tez bərqərar olmuş olar. Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh, sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqtələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər. Ona görə də bütün qüvvələr fikirdə, sözdə və əməldə Azərbaycan və Ermənistan arasında imzalanan Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi dəstək alan Vaşinqton razılaşmalarını dəstəkləməli, buna səmiyyətləri çatmayanlar isə heç olmasa Cənubi Qafqaz xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşamaq haqqını tanımalıdır. Bu, Azərbaycan və Ermənistanın maraqlarını ifadə edən sülh müqaviləsinin optimal müddətdə imzalanması və ratifikasiyası üçün çox vacibdir”.

Röya İsrafilova