Orta Dəhlizdə Çinlə artan ticarət Gündəm

Orta Dəhlizdə Çinlə artan ticarət

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,4 milyard ABŞ dolları təşkil edib. Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 745,2 milyon ABŞ dolları və ya 28,1% çoxdur. Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,61%-i həcmində olub. Bununla da Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 70,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 milyon ABŞ dolları və ya 5,2 dəfə çoxdur. Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana 3,3 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 688,1 milyon ABŞ dolları və ya 26,1% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur. Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb. Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Əslində yuxarıda qeyd olunan statistika Azərbaycanın istehlak bazarının Çin malları üçün satış bazarına çevrilməsindən xəbər verir. Azərbaycan Çinə hər hansı hazır məhsulun ixracı ilə öyünə bilmir. Bu arada Orta dəhliz layihəsinin genişlənməsi Çin mallarının ölkəmizə axını artıracaq. Bundan əlavə Çin məhsulları Azərbaycan üzərindən Avropaya ixrac ediləcək, onun həcmi ilbəil çoxalacaq. Oktyabrın 21-də Astanada "Orta dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı zamanı 2030-cu ilədək Çindən Azərbaycana daşımaların həcminin 3 dəfə artmasının proqnozlaşdırıldığı bildirilib. Birgə layihə Orta dəhlizinin regional imkanlarının daha da genişlənməsinə xidmət edəcək. Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunur. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3.5 milyon tondan çox olub. Bu isə daha çox Orta dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır. Son illər Orta dəhlizin əhəmiyyətinin daha da artması müşahidə olunur. Bir tərəfdən, İrana qarşı sanksiyalar artır, digər tərəfdən isə, Yaxın Şərqdəki hələ də sönməyən gərginlik Cənub üzərindən yüklərin daşınmasında çətinlik yaradıb. Həm də Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğundan Avropa İttifaqının Orta dəhlizə marağı artıb. Yalnız 2024-cü ildə Orta dəhliz vasitəsilə daşınan yüklərin həcmi 63 faiz artaraq 4.8 milyon tona çatıb. Beləliklə, Orta dəhliz vasitəsilə Qazaxıstan, Azərbaycan və Gürcüstan üzərindən, eləcə də qardaş Türkiyə vasitəsilə yüklərin Şərqdən Qərbə, yəni Asiyadan Avropaya daşınması artır.

Azərbaycan Orta dəhlizin genişlənməsinə töhfə verən ölkələrdəndir. Həm infrastrukturun genişləndirilməsi, həm Ələt limanının istifadəyə verilməsi, həm də elektron xidmətlərdən geniş istifadə edilməsi Azərbaycan üzərindən yüklərin daşınmasına marağın artmasına səbəb olub. Həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı aparılan müzakirələr və bu istiqamətdə gözləntilər də Orta dəhlizin regionda əhəmiyyətini artıracaq. Çünki Zəngəzur dəhlizi Orta dəhlizə inteqrasiya olunacaq və bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daha çox yükün Qazaxıstan və Azərbaycan vasitəsilə daşınmasına imkan yaradacaq.

Əsası 2013-cü ildə Astana şəhərində Azərbaycan, Gürcüstan və Qazaxıstan hökumətlərinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yaradılması ilə qoyulan Orta Dəhliz bir çoxları tərəfindən Avropa və Çin arasında əsas dəmir yolu əlaqəsi olan Trans-Sibir xəttinə rəqib olaraq göstərilir. Çin-Qazaxıstan sərhədindən başlayan bu marşrut dəmir və dəniz yolları vasitəsilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Dəhliz üzrə Çindən qərb istiqamətində ölkələrarası ilk sınaq konteynerlərinin daşınması 2015-ci ildə baş tutub. 2020-ci ildən etibarən isə Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir. 2020-2021-ci illərdə bu koridorla nəql edilmiş yükün ümumi həcmi 350.000 – 530.000 ton arası olsa da, dəyişən dinamiklər konteksində təkcə 2022-ci ildə bu rəqəm 3.2 milyon tona qədər artmışdır. Hazırda Orta Dəhliz vasitəsilə beynəlxalq yüklərin nəql edilməsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti (2017) və Ələt portu (2016) hesabına mümkün olur.

Çin və Avropa arasında hər il 200 milyon tondan çox yük daşınır. Bunun 96%-ə yaxını dəniz, 4%-i isə quru nəqliyyat dəhlizləri vasitəsilə həyata keçirilir. Quru yollarının əsas hissəsini də dəmiryolları təşkil edir. Yükdaşınması baxımından dəmir yolları hava yoluyla müqayisədə daha ucuz, dəniz yoluyla müqayisədə isə daha sürətli hesab edilir. Bu mənada, Rusiya Federasiyasının ərazisindən keçən 9300 km uzunluğundakı Trans-Sibir dəmir yolu magistralı , başqa adı ilə Şimal Dəhlizi uzun illər çinli tədarükçülərin mallarını avropalı istehlakçılara (eləcə də əks istiqamətdə) çatdırmaqda əsas rolu oynayıb. Koronavirus pandemiyası dövründə ənənəvi tədarük zəncirlərinin pozulması və beynəlxalq yükdaşımaların nəqlində yaşanan sıxıntılar Orta Dəhliz kimi əsasən dəmir yol şəbəkəsindən ibarət olan alternativ tranzit koridorlarının da ön plana çıxmasına rəvac verib. Üstəlik, Kontinental Avropada hələ də davam edən müharibəyə görə Orta Dəhlizlə beynəlxalq yük daşınmalarının həcmində əvvəlki illərlə müqayisədə ciddi artım qeydə alınmaqdadır.

Ən azı 4 ölkənin ərazisindən (Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə) və 2 su hövzəsindən (Xəzər dənizi və Qara dəniz) keçməli olan Orta Dəhlizin illik yükdaşıma qabiliyyəti 10 milyon ton, o cümlədən 200 min konteyner olaraq göstərilir. Azərbaycan Dəmir Yollarının (ADY) paylaşdığı rəsmi məlumatlara əsasən, Orta Dəhliz üzrə hərəkət edən qatarlar vaqonları Çindən Avropaya təxmini olaraq 10-12 günə çatdırır. Bu daşınma müddəti ölkələrarası gömrük əməliyyatlarının sürətinə, limanlarda yaranmış tıxaclara və eyni zamanda Xəzər dənizinin əlverişsiz hava şəraitinə görə dəyişə bilir. 2022-ci il ərzində Orta Dəhliz boyu gömrük proseslərinin optimallaşdırılması və müvafiq qurumların fəaliyyətlərinin sinxronizasiyası hesabına çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilsə də, dəyişkən hava şəraiti ilə əlaqədar konteynerlərin Xəzər dənizi ilə Aktau və Türkmənbaşı limanlarından Ələt limanına çatdırılmasında yaşanan yubanmalar Orta Dəhliz üçün həllini gözləyən problemdir.

Bəs hazırda Azərbaycanın xarici ticarət əlaqələrində nə baş verir? 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmiş, 112 ölkəyə ixrac, 167 ölkədən idxal olunmuşdur. Ölkənin xarici ticarət dövriyyəsi 31,7 milyard ABŞ dolları olub. Ticarət dövriyyəsinin 16637,9 milyon dollarını və ya 52,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 15052,7 milyon dollarını (47,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1,6 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artmış, real ifadədə isə 7,1 faiz azalmışdır. İdxal real ifadədə 5,5 faiz, ixrac isə 8,2 faiz azalmışdır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,9 faizi İtaliya, 12,0 faizi Türkiyə, 10,4 faizi Rusiya, 9,2 faizi Çin, 3,2 faizi Almaniya, 2,9 faizi Birləşmiş Krallıq, 2,5 faizi ABŞ, 2,2 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Qazaxıstan, Gürcüstan və Bolqarıstan və s. payına düşüb.

M.Həmzəoğlu