
“Məlumdur ki, strateji baxımdan təkcə hipersəs ballistik raketləri müharibənin nə sonunu gətirir, nə də müharibənin ümumi nəticəsini müəyyən edir. Müharibənin taleyini ciddi iqtisadi resurslar, beynəlxalq dəstək, eyni zamanda, insan potensialı, güclü ordu, uzunmüddətli davamlılıq müəyyən edir. Ona görə də bu silahlar həddindən artıq təhlükəli olsa da, müharibənin sonu gələcək və ya yekun nəticəsi dəyişəcək fikirləri həlledici faktor kimi görünmür. Təbii ki, bundan da qorxulu məsələlər var: atom silahından istifadə etmək”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri vurğulayıb ki, bu gün Rusiya hipersəs raketlərindən istifadə edirsə, bu, müharibənin daha təhlükəli və çox ciddi bir fazaya keçdiyini göstərir: “Çünki bu tip raketlər çox yüksək sürətlə hərəkət edir, onu radarlar çox tuta bilmir, zərərsizləşdirmək baha başa gəlir, çətindir. Kiyev kimi böyük şəhərlərə qarşı belə silahların təqdimi hərbi və psixoloji təsir məqsədi daşıyır. Rusiya müharibədə psixoloji və texnoloji üstünlük görüntüsü yaratmağa çalışır. Çalışır ki, Qərb də bunu görsün və bu məsələdə Qərb müəyyən qədər geriyə dursun. Son açıqlamaları, Lavrovun verdiyi bəyanatı da gördük. Moskva hələlik diplomatik kompromisdən çox aralıdır. Yəni onlar daha çox hərbi nəticəyə gəlmək istəyir. Bu isə yaxın aylarda hücumların daha sərt və intensiv olacağını sübut edir”.
A.Nağıyevin fikirlərinə görə, Ukrayna da artıq Qərbdən aldığı müasir hava müdafiə sistemlərini gücləndirməyə çalışır, hücumlardan sonra ABŞ və Avropa ölkələri ilə Ukraynaya əlavə hava müdafiəsi vasitələri göndərilməsi məsələsini daha ciddi qabardır, müzakirə edir: “Yəni yeni bir eskalasiya, eyni zamanda, Qərbin də reaksiyasını sərtləşdirir. Lakin bir daha qeyd etmək istəyirəm ki, bu, o demək deyil ki, müharibənin taleyi tam şəkildə dəyişəcək. Bu raketlər də çox bahalıdır, istehsalı çox məhduddur. Rusiya bu silahlardan əsasən strateji mesaj vermək üçün istifadə edir. Ukraynanın hava hücumundan müdafiə sistemini yükləmək istəyir. Qərbə güc nümayiş etdirmək istəyir. Bir sözlə, bu raketlər özünü göstərmək, mesajlar ötürmək, güc nümayiş etdirmək üçün ortaya atılan məsələlərdir. Təəssüf doğuran məsələ odur ki, şəhərlər dağılır, insanlar əziyyət çəkir, qaçqın və köçkün sayı çoxalır. Yəni məlum məsələdir ki, dövlətlərin maraqları üst-üstə düşməsə də əziyyət çəkən məhz insanlardır”.
Röya İsrafilova