15:15
392
“Azərbaycan və Mərkəzi Asiya formatında əməkdaşlıq bütövlükdə regionun inkişafına ciddi stimul verir və iqtisadi inteqrasiyanı gücləndirir. Bu əməkdaşlığın əsas komponentlərindən biri olan Orta Dəhlizin genişləndirilməsi həm regional ticarətə, həm də strateji nəqliyyat xəritəsinə mühüm təsir göstərir”.
Bunu Millət vəkili Vüqar Bayramov xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, Orta Dəhlizin imkanlarının genişlənməsi Mərkəzi Asiya ölkələrinin beynəlxalq ixtisaslaşmadan daha çox gəlir əldə etməsinə şərait yaradır: “Eyni zamanda regionun iqtisadi çəkisinin artması və yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir.Xüsusilə Rusiya və İrana qarşı sanksiyalar fonunda Orta Dəhlizə marağın yüksəlməsi yükdaşımaların həcmini artıran əsas amillərdəndir. Asiya ölkələri və Avropa İttifaqına üzv dövlətlərin Orta Dəhlizə marağının artması açıq şəkildə yük axınlarına təsir edir. Bu isə bir tərəfdən həmin ölkələrin gəlirlərini artırır, digər tərəfdən nəqliyyat və logistika infrastrukturunun daha da inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan üçün Orta Dəhlizin genişləndirilməsi xüsusilə əhəmiyyətlidir, çünki ölkənin qeyri-neft sektorunda gəlirlərin artırılması əsas prioritetlərdəndir.
Bu dəhlizin gücləndirilməsi dövlət gəlirlərinin artmasına xidmət edəcək, neftdənkənar sektoru daha rentabelli edəcək və ümumi iqtisadi artımı stimullaşdıracaq”.
Deputat əlavə edib ki, Orta Dəhlizin inkişafı həmçinin region və xüsusilə Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinin daha da dərinləşməsinə səbəb olacaq:
“Bu layihə Azərbaycanın xarici ticarət xəritəsində mühüm genişlənmə yaradır və regional inteqrasiyanı daha da gücləndirir. Yaxın illərdə Orta Dəhlizin potensialı daha da genişlənəcək və bu, Azərbaycan üçün həm maliyyə, həm də iqtisadi baxımdan mühüm üstünlüklər yaradacaq”.
Günel Elxan