“Yeni sülh müqaviləsi işlənəcək” Gündəm

“Yeni sülh müqaviləsi işlənəcək”

“Rusiyanın hər gecə Ukraynanın ərazilərinə zərbələr endirməsi artıq adi hal alıb. Hər gün müxtəlif istiqamətlərdə raket, dron zərbələri endirirlər. Amma Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsi yalnız ondan ibarətdir ki, sülh müqaviləsi üçün Trampın irəli sürdüyü plan Avropa ölkələri və ilk növbədə Ukrayna tərəfindən qəbul olunmayıb”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlham İsmayıl deyib.

Politoloq bildirib ki, hazırda Ukrayna və ABŞ nümayəndə heyətlərinin Cenevrədə yeni sülh müqaviləsinin işlənməsi ilə əlaqədar olaraq müəyyən işlər gedir: “Hələ ki, konkret sənəd ortaya çıxmayıb, amma artıq burada Avropanın da, Ukraynanın da müəyyən maraqları nərəzə alınıb. Yəni təhlükəsizliyi nəzərə alınıb. Ancaq bunu Rusiyanın qəbul edib-etməyəcəyi hələ məlum deyil. Üstəlik, bu həftənin sonunda, gələn həftə Ukrayna Prezidenti ilə ABŞ Prezidentinin görüşü gözlənilir. Ola bilər bu, telefon danışığı olsun. Amma çox güman ki, Zelenskinin Vaşinqtona səfəri olacaq. Bu görüşdə Tramp çox güman ki, Ukrayna ilə razılaşdırılmış sülh müqaviləsini irəli sürəcək. Rusiyanın isə buna razı olub-olmayacağı sual altındadır. Çünki Rusiyanın artıq bu müddətdə irəli sürdüyü şərtlər Ukrayna və Avropa tərəfindən qəbul olunmayıb. Hər halda perspektiv Zelenski ilə Tramp görüşəndən sonra yenidən işlənmiş sülh planın irəli sürülməsi və ona Rusiyanın reaksiyasının necə olacağından ibarətdir”.

Röya İsrafilova