23:02
392
“Azərbaycanın ümumi illik qaz ixracı 21–22 milyard kubmetr təşkil edir və bunun yalnız 11–12 milyard kubmetri Avropaya yönəldilir. Qalan təxminən 10 milyard kubmetr isə Türkiyə və Gürcüstana nəql olunur”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli “Xalqcebhesi.az” açıqlaması zamanı söyləyib.
Ekspertin sözlərinə görə, 2022-ci ildə Avropa Komissiyası ilə boru xəttinin ötürmə gücünün artırılması ilə bağlı razılıq əldə olunsa da, investisiya prosesində ciddi ləngimələr baş verib: “Artıq üç ilə yaxındır ki, boru xəttinin genişləndirilməsi istiqamətində konkret müqavilələr imzalanmayıb. Yəni niyyət var, amma real addımlar gecikir.Macarıstana 800 milyon kubmetr qaz verilməsi ilə bağlı imzalanan yeni müqavilə bu ölkənin enerji təhlükəsizliyi baxımından önəmli olsa da, rəqəm böyük deyil. Macarıstanın enerji balansında Rusiyadan asılılığı azaltmaq üçün bu tədarük vacibdir. Lakin 800 milyon kubmetr çox böyük həcm sayılmır və müqavilənin cəmi iki illik müddəti əhatə etməsi də bunun məhdudiyyətini göstərir”.
Ekspert həmçinin bildirib ki, boru xəttinin genişləndirilməsi başa çatmadan Azərbaycanın Avropaya əlavə qaz göndərməsi real görünmür: “Əlavə qaz ixracı üçün fiziki imkan yoxdur. Boru xətti hazırkı gücü ilə maksimum işləyir. Ona görə də uzunmüddətli və böyük həcmli müqavilələr bağlamaq hələlik mümkün deyil. Müqavilənin özü müsbət addım olsa da, Azərbaycanın ixrac potensialının artırılması üçün infrastruktur yatırımlarının sürətləndirilməsinə ehtiyac var”.
Günel Elxan