12:39
896
“ABŞ və Avropa İttifaqının Ukrayna üzrə formalaşdırmağa çalışdığı bu yeni təhlükəsizlik və bərpa paketi əslində müharibəni bitirməkdən daha çox, müharibədən sonrakı geosiyasi nizamı dizayn etməyə yönəlib. Təklif edilən mexanizmlər – 800 minlik Ukrayna ordusunun saxlanılması, Avropanın rəhbərlik etdiyi çoxmillətli qüvvə, ABŞ-nin liderliyində atəşkəs monitorinqi və “5-ci maddə tipli” təhlükəsizlik zəmanətləri – faktiki olaraq Ukraynanı NATO üzvü olmadan NATO-ya yaxınlaşdıran alternativ modeldir. Bu yanaşma Qərbin Ukraynanı strateji cəhətdən itirməmək niyyətini açıq göstərir, eyni zamanda, NATO daxilində konsensus problemlərini kənardan dolaşmağa imkan verir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
O əlavə edib ki, Avropa sülhməramlılarının mümkün yerləşdirilməsi və Rusiyanın suveren aktivlərinin dondurulması isə Qərbin uzunmüddətli təzyiq alətlərini əlində saxlamaq istədiyini göstərir: “Lakin bu paketdə ən ziddiyyətli və riskli məqam ərazi məsələsidir. Rəsmi olaraq qərarın Ukraynanın ixtiyarında olduğu vurğulansa da, həm ABŞ arqumentləri, həm də Polşanın baş nazirinin açıqlaması göstərir ki, ərazi güzəştləri faktiki olaraq sülh sazişinin əsas şərtlərindən biri kimi masadadır. Bu, Ukrayna üçün təhlükəli presedent yaradır: güclü təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa qarşılığında ərazi itkisini legitimləşdirmək”.
Siyasi şərhçinin bildirdiyinə görə, digər tərəfdən, ABŞ-nin bu zəmanətlərin “əbədi qüvvədə qalmayacağı” mesajı Kiyev üçün strateji qeyri-müəyyənlik yaradır və Ukraynanı uzunmüddətli asılılıq vəziyyətinə sala bilər: “Rusiya baxımından isə paket cəlbedicidir: ərazi qazancı və qlobal iqtisadiyyata qayıdış imkanı Kremlin kompromisə meyilini artıra bilər. Nəticə etibarilə, təqdim olunan model real sülhdən çox, Qərbin Ukrayna üzərində təsirini qoruyaraq Rusiya ilə “idarə olunan razılaşma” əldə etmək cəhdidir və bu razılaşmanın dayanıqlığı zamanla ciddi suallar doğura bilər”.
Röya İsrafilova