“Güney Azərbaycan Cümhuriyyəti qurulmalıdır” Gündəm

“Güney Azərbaycan Cümhuriyyəti qurulmalıdır”

“İranda baş verən proseslər çürük rejimin ciddi şəkildə laxlamasının göstəricisidir. Yəni İran 1979-cu ildən üzü bəri klerikal bir rejim tərəfindən idarə edilir, xalq rəzil gündədir, dövlət çöküb, dünya ilə düşmən olublar. Hətta ən yaxın qonşularla normal münasibətlər qura bilmirlər. Öz dinlərindən olanlarla belə düşmənçilik siyasəti yürüdürlər. Təbiidir ki, cana doymuş, boğaza yığılmış xalq da buna sakit yanaşa bilməz. Ona görə də insanlar küçələrə axışıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.

A.Həsrət vurğulayıb ki, bizim üçün İranda bu hərəkatın özündən daha önəmli olan Güney Azərbaycan və bütövlükdə İran türklərinin məsələsidir: “Ona görə də düşünürük ki, belə bir mərhələdə İran türkləri daha diqqətli, ayıq-sayıq davranmalıdırlar. Yəni indi küçələrə çıxan xalqın arxasındakı qüvvələr Fars-molla rejimini devirib, yerinə Pəhləvi rejiminin şah nümayəndəsini gətirmək istəyir. Güney Azərbaycan da daxil olmaqla İran türkləri üçün bu rejimlərin heç bir fərqi yoxdur. Fars-molla rejimi türklərə necə düşməndirsə, Pəhləvi şah rejimi də türklərə o cür düşməndir”.

Siyasi şərhçi əlavə edib ki, ona görə də Güney Azərbaycan türkləri dünya türklərini də arxalarına alaraq azadlıq, ədalət, milli hökumət şüarları ilə yeni mübarizə mərhələsini başlatmalıdırlar: “Bu mərhələ də Güney Azərbaycan Cümhuriyyətinin qurulması və azad olması nəticəsində sona çatmalıdır. Yəni Güney Azərbaycan müstəqil bir respublika kimi qurulmadan bizim oradakı soydaşlarımıza azadlıq yoxdur”.

Röya İsrafilova