
“Böyük güclərin beynəlxalq hüquqa hörmət etməməsi nəticəsində beynəlxalq təşkilatlar qlobal və regional məsələlərdə ciddi rol oynaya bilmirlər. Onlara illik üzvlük haqqı ödənilməsi faydasız görünür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında yerli TV kanallara müsahibəsi zamanı demişdi: “Beynəlxalq hüquq artıq əvvəlki kimi qüvvədə deyil və bir çox ölkələr ona sadəcə məhəl qoymur. Beləliklə, yeni dünya nizamının və ya dövlətlərarası münasibətlərin yeni sisteminin formalaşması artıq qaçılmaz idi. Məsələ ondaydı ki, bu istiqamətdə ilk addımı atmaq məsuliyyətini kim öz üzərinə götürəcək. Prezident Tramp Sülh Şurasının təşəbbüsü ilə çox yaxşı iş gördü — bu, böyük gələcəyi olan bir institutdur”. Azərbaycan da torpaqları işğal altında olan zaman beynəlxalq hüququn işləməməsi ucbatından problemlərlə üzləşib, 30 ilə yaxın sülh danışıqları nəticə verməyib, qeyri-qanuni işğala son qoyulmayıb. ATƏT-in Minsk qrupu uğursuz olub, 4 BMT qətnaməsi kağız üzərində qalıb”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
P.Vəliyeva bildirib ki, getdikcə daha çox ölkə anlayır ki, dövlətlərarası münasibətlərə, təhlükəsizlik məsələlərinə və beynəlxalq institutların fəaliyyətinə yanaşmanı yenidən nəzərdən keçirmək lazımdır: “Görürük ki, Birləşmiş Millətlər Təşkilatı tamamilə iflic vəziyyətindədir və heç bir məsələyə təsir göstərə bilmir, üstəlik alternativ də yoxdur. Yeni dünya nizamı “kim güclüdürsə, o haqlıdır” prinsipi ilə işləməməlidir. Yeni dünya nizamı sivil dünya üçün yeni münasibətlər mexanizmləri və beynəlxalq hüququn yeni işlək forması demək olmalıdır. ABŞ BMT-yə alternativ, dünya ölkələrini xoş amal - “Sülh” devizi altında birləşdirən özünün çoxvektorlu siyasətini yaratdı. Dünyada sabitliyin təşviqini, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənənərazilərdə dayanıqlı sülh prosesinini dəstəkləyənbeynəlxalq təşkilat – Sülh Şurasına ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan təsisçi dövlət olaraq qəbul edilib”.
Deputat əlavə edib ki, bu, Azərbaycanın güclü beynəlxalq nüfuzunu və qlobal güclər tərəfindən ona etimad edildiyini sübut edir: “Bu, həm də Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda dialoqun və tənzimlənmənin aparıcı tərəflərindən birinə çevrildiyini göstərir. İlham Əliyevin beynəlxalq arenada şəxsi nüfuzu və liderlik keyfiyyətləri Azərbaycanın prinsipial, müstəqil, eyni zamanda praqmatik siyasət yürütməsi dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan–ABŞ münasibətlərində yeni etimad mərhələsi, birinci şəxslərin dostluq münasibətləri bu əlaqələri möhkəmləndirir. Azərbaycan öz ərazisində münaqişəni bitirib, indi regional və beynəlxalq arenada sülh dialoqunun təbliğatçısı qismində çıxış edir. Azərbaycan İslam dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Suriya və Fələstin xalqına dəfələrlə humanitar dəstək göstərilib. Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Gələcəkdə Qəzzanın bərpası yönündə də layihələrin icrasında iştirak istisna edilmir”.
Onun sözlərinə görə, Vaşinqton Sülh Sammiti ilə Cənubi Qafqaz regionuna sülh gətirilməsi şübhəsiz ki, Azərbaycanın nüfuzunu qaldırmaqla yanaşı, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da artıb: “İndi dünyada tərəfdaşlıqlar, güclü müttəfiqliklər, qarşılıqlı inam və iqtisadi fayda dövlətlərarası münasibətlərdə rol oynayır. Azərbaycan isə dəyişən dünya düzənində, yürütdüyü unikal, balanslı, müstəqil xarici siyasət sayəsində öz maraqlarını qorumağı, mürəkkəb geosiyasi proseslərdən qalib çıxmağı bacarıb”.
Röya İsrafilova