10:48
826
“Hamımız arzulayırıq ki, ABŞ və İran arasında çərçivə sazişi imzalansın. Bu, bizim üçün çox önəmlidir. İran bizə qonşu ölkədir. İranda olan müharibələr və regionda olan eskalasiya bütün dünyada olduğu kimi ilk növbədə də Azərbaycana və qardaş Türkiyəyə təsirsiz ötüşmür”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.
Ş.Ağayev əlavə edib ki, ona görə də çərçivə sazişinin imzalanması baş verərsə, bunun region üçün çox böyük əhəmiyyəti olar: “Birincisi, tək region üçün yox, bu müharibə göstərdi ki, Fars körfəzində baş verən eskalasiya müharibələri İranın Fars körfəzi dövlətlərinə atdığı raketlər, eyni zamanda, Hörmüz boğazının 40 gündən artıq bağlanması tək siyasi amillər deyil, həm də iqtisadi cəhətdən dünya iqtisadiyyatına, dünyada gedən inflyasiyalara böyük təsir göstərir. Enerji böhranı iqtisadi böhranları daha da gücləndirir”.
Onun sözlərinə görə, ilk növbədə bu, regionun siyasi, hərbi, iqtisadi potensialı üçün çox böyük təhlükələr yaradır: “Ona görə belə bir çərçivə sazişi imzalanarsa sözsüz ki, ancaq müsbət mənada regiona və qeyd etdiyim kimi bütün dünyaya öz müsbət təsirini göstərər. Hətta bu saziş imzalansa da bir neçə ay lazımdır ki, bu müharibənin yaratdığı problemlər nizama salınsın, yoluna qoyulsun. Əgər bu, davam edərsə dünyada və regionda daha təhlükəli bir vəziyyət yarana bilər”.
Röya İsrafilova