Paşinyan: NATO ilə dialoq regionda təhlükəsizliyi gücləndirir Gündəm

Paşinyan: NATO ilə dialoq regionda təhlükəsizliyi gücləndirir

Ermənistanın Baş naziri NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etdi.

NATO Baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan regionda təhlükəsizliyin gücləndirilməsi üçün NATO ilə əməkdaşlığın vacibliyini vurğuladı.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat verib.

Baş nazir Hamiltonu "vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etdi və regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün Ermənistan-NATO əməkdaşlığının və sıx dialoqun vacibliyini vurğuladı", - deyə bəyanatda bildirilir.

Həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlıq gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə etdilər. Xüsusilə, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və proqramların effektiv şəkildə həyata keçirilməsi məsələlərinə toxundular.

Görüş zamanı regional təhlükəsizlik mühiti, mövcud çətinliklər və sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər barədə də fikir mübadiləsi aparıldı.

Hamilton qeyd etdi ki, NATO Ermənistanla tərəfdaşlığına böyük əhəmiyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır.

Məryəm Quliyeva