08:41
707
“Azərbaycan və Latviya prezidentlərinin görüşü çərçivəsində səsləndirilən tezislər göstərir ki, Bakı-Riqa münasibətləri artıq formal diplomatik çərçivədən çıxaraq daha çox institusional və strateji məzmun qazanır. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin hüquqi baza kimi vurğulanması və hökumətlərarası komissiyanın aktiv fəaliyyəti əməkdaşlığın davamlı və sistemli şəkildə dərinləşdirildiyini göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloq əlavə edib ki, burada diqqət çəkən əsas məqam iqtisadi komponentin ön plana çıxmasıdır: biznes forumlar, qarşılıqlı sərmayə mühitinin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar münasibətləri siyasi dialoqdan real iqtisadi inteqrasiyaya doğru aparır: “Bu yanaşma Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə əlaqələrini diversifikasiya etmə strategiyası ilə də üst-üstə düşür və Baltik regionu ilə əlaqələrin genişlənməsi yeni tranzit və investisiya imkanları yaradır. Digər tərəfdən, bu görüşün təhlükəsizlik və regional siyasət kontekstində əhəmiyyəti daha geniş geosiyasi çərçivədə qiymətləndirilməlidir. Azərbaycan tərəfinin Ermənistanla “de-fakto sülh” mərhələsinə keçidi vurğulaması və bu modeli digər münaqişələr üçün nümunə kimi təqdim etməsi, Bakının artıq regional nizam qurucu aktor kimi çıxış etməyə çalışdığını göstərir”.
Z.Qarayevanın sözlərinə görə, bu tezis təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa təhlükəsizlik arxitekturasında alternativ yanaşmaların formalaşması baxımından diqqətəlayiqdir: “Eyni zamanda, birbaşa uçuşların açılması, təhsil və insan təmaslarının genişlənməsi kimi “yumşaq güc” elementlərinin gündəmə gətirilməsi göstərir ki, tərəflər münasibətləri yalnız dövlətlərarası səviyyədə deyil, cəmiyyətlərarası inteqrasiya müstəvisində də möhkəmləndirməyə çalışır. Bu isə uzunmüddətli perspektivdə siyasi əlaqələrin dayanıqlığını təmin edən əsas faktorlardan biri kimi çıxış edir”.
Röya İsrafilova