19:23
714
“Hesab edirəm ki, Azərbaycan, Bakı şəhəri artıq dünyanı narahat edən, beynəlxalq ictimaiyyəti maraqlandıran önəmli məsələlərin müzakirə olunduğu, önəmli qərarların qəbul olunduğu mühüm bir platformaya çevrilib. Bu mənada biz Prezident İlham Əliyevin rəhbərliyi altında artıq neçənci dəfədir ki, belə mötəbər, möhtəşəm forumlar keçirdirik, faydalı nəticələr əldə edirik”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Siyasi şərhçi qeyd edib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumu bu baxımdan önəmli bir platformadır, müzakirə məkanıdır: “Məlumatlara görə, bu forum dünyada şəhərsalmaya aid olan ən böyük forumlardan biri oldu. Hesab edirəm ki, burada aparılan müzakirələr, Azərbaycanın təşkilatçılığı, gələn mütəxəssislərin səsləndirdiyi fikirlər, alınan qərarlar, gələcəkdə mənzil təminatı, şəhərsalma, ağıllı kənd və s. istiqamətlərdə bu məsələlərə xüsusi bir rəng qatacaq, xüsusi əhəmiyyətli məqamlar ortaya çıxaracaq”.
M.Göyüşlü bu mənada sözügedən forumu uğurlu, faydalı hesab edir: “Azərbaycan artıq beynəlxalq məsələlərin müzakirə və həll olunduğu mühüm platformalardan birinə çevrilib. Həm də ölkəmiz böyük bir təcrübə əldə edib və bu təcrübəsindən önəmli məsələlərin gerçəkləşməsində istifadə edir”.
Röya İsrafilova