Britaniyadan Ukrayna AES-lərinə 280 milyon dollarlıq uran dəstəyi Gündəm

Britaniyadan Ukrayna AES-lərinə 280 milyon dollarlıq uran dəstəyi

Böyük Britaniya bu məqsədlər üçün 210 milyon funt sterlinq (təxminən 280 milyon dollar) vəsait ayıraraq Ukraynanın atom elektrik stansiyalarının zənginləşdirilmiş uranla təminatını reallaşdıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmerin dəftərxanası məlumat yayıb.

"Böyük Britaniya dövlət ixrac-kredit agentliyi "UK Export Finance" tərəfindən ayrılan £210 milyonluq dəstək sayəsində növbəti iki il ərzində Ukrayna atom elektrik stansiyalarının fəaliyyətini təmin edəcək. Bu, Britaniyanın "Urenco" şirkətinə Ukraynanın AES operatoru "Enerqoatom"a zənginləşdirilmiş uran tədarük etmək imkanı verəcək", — deyə məlumatda bildirilir.

Müvafiq razılaşma iyunun əvvəlində Kir Starmer və Volodimir Zelenski arasında keçirilən görüşdə əldə olunub.

Söhbət 2023-cü ildə "Urenco" və "Enerqoatom" şirkətləri arasında zənginləşdirilmiş uranın 2035-ci ilə qədər tədarükünə dair imzalanmış müqavilə ilə əsası qoyulan əməkdaşlığın davam etdirilməsindən gedir.

Məryəm Quliyeva