"Sabah" – "Slaviya" qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb İdman

"Sabah" – "Slaviya" qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) matçında qonaq komandanın azarkeşləri üçün 3 675 yer ayrılıb.

Bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Biletlərin satışı oktyabrın 5-dən 7-dək vauçer sistemi vasitəsilə həyata keçirilir və bir biletin qiyməti 740 Çex kronudur (təxminən 54 manat). Fiziki imkanları məhdud azarkeşlər üçün isə biletlər 130 kron (təxminən 9,5 manat) təşkil edir.

Məlumatda çexiyalı azarkeşlərə Azərbaycana səfər etmək üçün "ASAN Visa" portalı üzərindən elektron viza almaları tövsiyə olunub. Eyni zamanda, pasportunda əvvəllər Dağlıq Qarabağa qanunsuz səfəri təsdiqləyən möhür olan şəxslərin ölkəyə girişinə icazə verilməyəcəyi xüsusi vurğulanıb.

Stadiona yalnız maksimum A4 ölçüsündə çantalarla daxil olmağa icazə veriləcək. Arenaya spirtli içkilər, pirotexnika, irihəcmli əşyalar, peşəkar kameralar və digər qadağan olunmuş vasitələrin gətirilməsi qadağandır. Tribunalarda siqaret çəkmək qadağan olunsa da, stadion ərazisində bunun üçün xüsusi yerlər ayrılacaq.

Xatırladaq ki, "Sabah" – "Slaviya" oyunu oktyabrın 13-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.