“Cənubi Qafqazda maraqların toqquşması əlavə gərginlik yaradır” Dünya

“Cənubi Qafqazda maraqların toqquşması əlavə gərginlik yaradır”

Fransanın Ermənistanı dəstəkləyən siyasəti və Azərbaycana qarşı mövqeyi uzun müddətdir müşahidə olunur. Bu yanaşma Cənubi Qafqazda gedən proseslərə və beynəlxalq platformalarda qəbul edilən qərarlara da təsir göstərir.

Bunu politoloq Oqtay Qasımov “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı söyləyib.

Politoloqun sözlərinə görə, Fransanın Ermənistanı dəstəkləməsi və Azərbaycana qarşı mövqeyi yeni məsələ deyil:

“Fransanın Ermənistana verdiyi dəstək, Azərbaycana qarşı tutduğu mövqeyi əlavə şərh etməyə ehtiyac duyulmur. Belə ki, bu münasibətlər bəllidir və Fransa uzun müddətdir Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını faktiki olaraq arxa planda müdafiə edən və Ermənistana havadar olan əsas ölkələrdən biri olub. Hər zaman dəstəkləyib Azərbaycan ərazilərinin Ermənistan işğalında qalmasına göz yumub, beynəlxalq hüquq o zaman bir kənara çəkilib.2020-ci ildə baş verən Vətən müharibəsi və sonrakı proseslər zamanı da Fransanın mövqeyi Azərbaycana münasibətdə kifayət qədər gərgin xarakter daşıyıb.Altı il öncə başlayan Vətən müharibəsi zamanı Fransanın tutduğu mövqe hər kəsə məlumdur. Ondan sonrakı proseslərdə Fransa bölgədə olduqca destruktiv fəaliyyət göstərib, Azərbaycana münasibətdə kifayət qədər ciddi şəkildə gərginləşib”.

Politoloq bildirib ki, Fransa müxtəlif Avropa və beynəlxalq qurumlarda Azərbaycana qarşı mövqe nümayiş etdirməyə çalışıb:

“Bu baxımdan Fransa Azərbaycanla bağlı bir çox Avropa qurumlarında və beynəlxalq qurumlarda Azərbaycana qarşı addımlar atmağa çalışıb və bəzi addımlar da ata bilib. O cümlədən NATO-da. NATO ilə əlaqələnməsi Fərdi Tərəfdaşlıq Proqramının hazırlanıb verilməməsində bununla da əlaqələndirilir”.

O.Qasımovun sözlərinə görə, Türkiyənin Ermənistanla bağlı tərəfdaşlıq sənədinin təsdiqinə razılıq verməməsi Azərbaycanın maraqları baxımından mühüm mövqedir:

“Çünki Türkiyə də buna cavab olaraq Ermənistanla bu tərəfdaşlığın imzalanmasına razı olmayıb və çox doğru olaraq Türkiyə hesab edir ki, hər iki tərəfə münasibət eyni olmalıdır və eyni anda da tərəflərlə bu razılaşma imzalanmalıdır”.

Politoloq Cənubi Qafqazın hazırda dünya güclərinin diqqət mərkəzində olduğunu bildirib:

“Şübhəsiz ki, Cənubi Qafqaz hal-hazırda dünya güclərinin diqqət mərkəzindədir. Çünki bu olduqca strateji bir bölgədir. Xüsusilə də nəzərə alsaq ki, Cənubi Qafqazın həm qonşuluğunda, həm də cənubunda savaş davam edir və bu coğrafiyadan Orta Dəhliz keçir ki, son illər onun önəmi ciddi şəkildə artıb və dünya gücləri mənfəətlərini bu bölgəyə yönəldiblər”.

O əlavə edib ki, regionda maraqların toqquşması əlavə gərginliklərin yaranmasına səbəb olur:

“Ona görə də istər-istəməz burada maraqların toqquşması baş verir və bu da bölgədə əlavə gərginliklərin yaranmasına səbəb olur. Prinsipcə, son illər Cənubi Qafqazda baş verən bu gərgin situasiya həm də beynəlxalq güclərin müdaxiləsi ilə əlaqədardır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər regionda müəyyən gərginliklərin davam etməsi mümkündür.

“Biz hələ bir müddət də bölgədə vəziyyət stabilləşənə qədər, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər bəlkə bu cür zaman-zaman gərginliklərin və neqativ halların olacağını müşahidə edəcəyik, şahidlik edəcəyik”.

Politoloq vurğulayıb ki, regionda əməkdaşlıq mühitinin formalaşması və sülh müqaviləsinin imzalanması beynəlxalq güclərin təsir imkanlarını da azalda bilər:

“Bölgədə Azərbaycanın təklif etdiyi formata qarşılıq format yaradılarsa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa və bölgədə əməkdaşlıq mühiti üstünlük təşkil edərsə, şübhəsiz ki, o zaman beynəlxalq güclərin də bölgəyə təsirləri azalacaq və bölgədə proseslər öz axarında daha normal bir şəraitdə irəliləyəcək”.

Günel Elxan